Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11:00-dan başlayaraq bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.
Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi
məlumata görə, Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi
tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya
vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və
məişət şəraiti ilə yaxından tanış olur, xidməti, inzibati binalara,
eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin
iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər
təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi
aparılır, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər
keçirilir.