İslamda neçə qadınla evlənməyə icazə verilir?

İslamda neçə qadınla evlənməyə icazə verilir?
19:57 21 Mart 2017
206 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəriətə görə, əgər nikah zamanı kişi ikinci dəfə evlənməyəcəyini deməyibsə, ikinci dəfə evlənmək üçün birinci zövcənin razılığına ehtiyac yoxdur. Lakin, bu o demək deyil ki, kişi evlənmək istəsə dərhal evlənə bilər. Əgər bu məsələ fitnəyə səbəb olacaqsa, ikinci qadınla evlənməmək daha yaxşıdır. Həmçinin, burada şərtlər var. Uca Allah buyurur: "...onda xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır". (ən-Nisə, 3).
Milli.Az zikr.az-a istinadən bildirir ki, ayədə ədalətlə dolanmayacağınızdan qorxduğunuz halda bu qadağan edilmişdir. Ədalətlə dolanmaq dedikdə eyni dərəcədə gözəl münasibət, mal, pul xərcləmək, birlikdə vaxt keçirmək və s. daxildir. Həmçinin kişi buna fiziki, maddi və mənəvi cəhətdən hazır olmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İki arvadı olan kimsə, onlardan hər hansı birinə (digərindən üstün, çox) meyl edərsə, Qiyamət günü bir tərəfi əyilmiş halda gələcək". (Əbu Dəvud, 2135).
Birinci zövcə ilə nikah zamanı qadın kişiyə başqa qadınla evlənməmək şərti qoyubsa və kişi də buna razılaşıbsa, bu halda həmin qadından icazə alınmalıdır. Uca Allah buyurur: "Əhdə vəfa edin! Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 34). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Şərtlər arasında yerinə yetirilməyə ən çox layiq olan şərt, nigah zamanı qoyulan şərtdir, çünki bununla cütlüklər (namusları) bir-birilərinə halal olur". (əl-Buxari, 2721-2572; Muslim, 1418).
Evlənəcəyi halda birinci zövcəsinin təbii olaraq hiss etdiyi incikliyi azaltmaq üçün gözəl davranmaq və ona malından xərcləmək lazımdır. Qadının ərinin ikinci dəfə evlənməsinə görə boşanma tələb etməsi böyük xətadır. Amma bunu heç cür qəbul edə bilmirsə, bu halda "xula" (qadının təşəbbüsü ilə gerçəkləşən boşanma növü. Bu halda qadın "mehr" hüququndan vaz keçir) tələb edə bilər. Amma səbirli olub, Allahın razılığını diləyərək vəziyyətlə barışa da bilər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR