Hava şəraitinin gətirdiyi XƏSTƏLİKLƏR: Onlardan necə qurtulmalı? - TÖVSİYƏ

Hava şəraitinin gətirdiyi XƏSTƏLİKLƏR: Onlardan necə qurtulmalı? - TÖVSİYƏ
05:28 22 Mart 2017
Ölkə mətbuatı
A- A+

Payızda və qışın ilk ayında müşahidə olunan soyuq, şaxtalı hava şəraitinin günəşli hava ilə əvəzlənməsi kəskin respirator virus xəstəliklərini artırıb. Bu dəfə xəstəliyin əsas əlamətləri yüksək temperatur, əzələ ağrıları, quru öskürək, halsızlıqdır.

Üstəlik, xəstəlik yalnız paytaxtı deyil, respublikanın bir sıra rayonlarını əhatə edir. Goranboy rayonunda kəskin qrip virus xəstəlikləri əsasən uşaqlar arasında müşahidə edilir.

Adıçəkilən rayonun Mərkəzi Xəstəxanasından bildirilir ki, gün ərzində 10-dan artıq, yeni ilin ilk günlərində isə 50-dən çox azyaşlı müraciət edib. Onlar əsasən yüksək hərarət, öskürək, tənəffüs çatışmazlığı, qusma halları ilə narahatlıq keçirən 1-3 yaş arası körpələr, habelə 3-5 yaş arası uşaqlardır.

Avropa Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzinin bu ilin 51-ci həftəsinə olan məlumatına görə, Azərbaycanda qrip epidemiyası səviyyəsi aşağı olaraq qiymətləndirilib. Təşkilatın məlumatına görə, indiki virusun ştamı H3N2-dir. Bu virus böyrək çatışmazlığına səbəb ola bilər.

Lakin Səhiyyə Nazirliyinin baş epidemoloqu İbadulla Ağayev bu iddianı qəbul etmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədov Publika.az-a açıqlamasında yanvarın ilk günlərində havanın temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə 1-2 dərəcə yüksək olduğunu deyir: “Əvvəlki illərdə bu cür hava şəraiti müşahidə olunub. Belə hava şəraiti yanvar ayı üçün alışılandır. Hələ ki, qonşu ölkələrdə müşahidə olunan qarlı hava şəraiti yaxın 2-3 gün ərzində ölkəmizə təsir etməyəcək. Yanvarın ilk 5 günlüyündə mülayim hava şəraiti müşahidə edilib”.

Terapevt Elnur Rəhimov Publika.az-a açıqlamasında son günlər kəskin respirator virus xəstələri ilə bağlı müraciətlərin artdığını deyir: “Hətta müraciətlər arasında həkimlər də var. Bu qədər müraciət son vaxtlar müşahidə etməmişdik. Adi vaxtlarda gün ərzində bir neçə müraciət olurdusa, indi bu rəqəm dəfələrlə artıb. Əsas şikayətlər yüksək temperatur, əzələ ağrıları, sidiyin bədəndə çıxışında çətinliklərin yaranmasıdır. İnsanlar xəstələnir, lakin qripdəki kimi burun axmır. Daha çox quru qrip və öskürək müşahidə edilir. İnsan sağalsa belə bu əlamətlər hələ də qalır”.

Terapevtin sözlərinə görə bunun əsas səbəb hava şəraitindəki dəyişikliklərdir: “Orqanizm mövcud hava şəraitinə uyğunlaşır. Sonra kəskin dəyişikliklər baş verəndə, bu qanda laxtalanma elementlərinə təsir edir, immunitet özü soyuğa öyrəşdiyindən dəyişən havaya reaksiya verə bilmir. Xüsusən, baş ağrıları, təzyiqdə dəyişiklik, temperaturun azalıb-artması müşahidə edilə bilər. Çünki qan bədəndə zəif sürətlə hərəkət edir. Birdən-birə damarlar genişlənir və qanın bədəndə hərəkət sürəti də yüksəlir. İnsan bədəni hazır olmadığına görə xəstəliklərə yoluxma halları artır”.

Terapevt hazırda müşahidə olunan virus xəstəliklərlə mübarizə yollarına da toxundu: “Sadalağımız əlamətləri özlərində müşahidə edənlər keçi buynuzu meyvəsini dəmləyib, vələmumu suya qatıb içə bilər. Böyüklərə 40 faizli propolisin bir çay qaşığını 50 ml suya qatıb, gündə iki dəfə yeməkdən sonra içmələri tövsiyə edilir. 3 yaşa qədər uşaqlara 5 damcını 30-50 ml suda həll edib içirə bilərlər. Bu quru öskürək udlaqda problem yaradır. Bunu içməklə quru öskürək problemini aradan qaldırmaq olar. Quru öskürək bronxit, xroniki obstruktiv ağciyər xəstəliyinə çevirə bilər. Bu məqamda antibiotiklər heç bir halda kömək etmir. Allergiyası olmayanlar gündə 100 ml qreyfurt suyu, brokoli kələminin supunu hazırlayıb içə bilərlər. Bu supun hazırlanma qaydasını tapmaq çətin deyil. Xəstələrimiz bu məqamda kəklikotu çay içərək tərləməyə çalışırlar. Lakin bunu məsləhət görmürəm. Çünki bu xəstəliklə mübarizənin birinci şərti daha çox su qəbul etmək və suyun bədəndə qalmasıdır. Bu bitki isə tərləməyə səbəb olur, nəticədə bədənin su ehtiyatı azalır. Kəklikotu əvəzinə gülxətmi, şirin biyankökü dəmləməsini içməyi tövsiyə edirəm. Bu bitkilər suyu bədəndə saxlayır. Təzyiqi olmayan xəstələr bu bitkiləri qəbul edə bilərlər. Bu xəstəliyə yoluxmuş südverən qadınlar güldəfnə toxumlarını toz halına salıb, 20 dəqiqə dəmləyib içə bilərlər. Bu həm tonusu normallaşdırır, həm də südün keyfiyyətini artırır. Bu bitkiləri bitki satılan apteklərdən almaq mümkündür”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/182552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR