Xınanın inanılmaz faydaları

İlk dəfə Şimali Afrikada becərilməyə başlanılan xına sonradan Hindistan və Avropaya gətirilib. Ərəblər bu qırmızı-sarı boyanı artıq bir neçə əsrdir ki, nəinki saçların boyanması, həmçinin dırnaq, parça və dəridə müvəqqəti tatuajlar üçün istifadə edirlər.

Xına uzun müddət bəzək vasitəsi olmaqla yanaşı, həm də insan sağlamlığında böyük əhəmiyyətə malikdir. Tədqiqatlar zamanı bu bitkinin sarı-qırmızı piqmentinin çox güclü bakterisid təsirə malik olduğu aşkarlanıb. Dərini bakteriya və göbələklərdən mühafizə edən xına sızanaq və civzələri yox edir, başağrısı və hərarəti aradan qaldırır. Saçların dibini möhkəmləndirərək, saç tökülməsinin qarşısını alır.

Xına rəngsiz, ağ, rəngli və klassik olmaqla 4 növdən ibarətdir. Saç boyası kimi istifadə etsəniz, onu heç bir kimyəvi boyaq vasitəsilə açmağın mümkün olmayacağını nəzərə almaq lazımdır.

Xınadan Azərbaycan mədəniyyətinin tərkib hissəsi, milli toy adətlərinin təzahürü olan xınayaxdı mərasimi zamanı istifadə geniş yayılıb. Mərasim yeni evlənəcək cütlüyə səadət arzulamaq, xeyir-dua verməyi ifadə edir.

Kulturoloq Aydınxan Əbilov mövzu ilə bağlı Metbuat.az-a açıqlamasında xalqımızın xına ilə bağlı bəzi inanclara sahib olduğunu deyib:

“Xınanın Azərbaycanda milli-mental dəyərlərlə bağlı bir sıra xüsusiyyətləri var. Xüsusilə milli bayramlar ərəfəsində qadınlar saçlarına, ovuclarının içərisi və ayaqlarına xına qoymaqla, özlərinin evli və ya subay olduğunu ətrafdakılara bildirmək istəyiblər. Bu isə bir növ obrazlı işarə idi. Novruz bayramı ərəfəsində də qızlar, gəlinlər əllərinə, ayaqlarının üzərinə xınadan hazırlanmış "buta" formalı naxışlar çəkirdi. Həyat yoldaşı rəhmətə getmiş dul qadınlar isə bir neçə il saçlarına xına qoymazdılar. Torpaq uğrunda vuruşan gənclərin ovuclarını xına ilə rəngləyirdilər. Bu isə onların Vətən uğrunda ölümə hazır olduqlarına bir işarə idi. Xınanın faydasını bilənlər gündəlik həyatda ondan geniş şəkildə istifadəyə üstünlük verər”.

Aytən Novruzova / metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR