Ədəbi gəncliyin intiharı

Ədəbi gəncliyin intiharı
10:28 22 Mart 2017
Ölkə mətbuatı
A- A+

Mənim üçün bugünkü ədəbiyyatımızın, ədəbi-mədəni inkişafımızın və ümumiyyətlə, bir cəmiyyət, intellektual düşüncə deyilən zehin ladının ən böyük problemi Azərbaycanda gənc yaradıcı qüvvələrin mənəvi-psixoloji, sosial-iqtisadi durumu ilə maraqlanmamaq, onlara həssaslıqla yanaşmamaq məsələsi ilə bağlıdır.

Mən müsahibələrimdə də, məqalələrimin bir çoxunda da bu məsələyə dəfələrlə toxunmuşam. Gözümüzün qarşısında bir yaradıcı nəsil çökür, tənəzzülə doğru sürüklənir. Və bu gənclik (bura təkcə yazarlar deyil, rəssamlar, bəstəkar, rejissor, tədqiqatçı, alim olmaq istəyən istedadlı cavanlar da aiddir) həm daxili, həm də xarici sıxıntıların təsirindən cana doymaq, tükənmək üzrədir. Daha doğrusu, artıq mənəvi-psixoloji tükəniş gözlərimiz qarşısında bu insanlara fiziki olaraq da intihar qapılarını açdı... Gənc və istedadlı yazar, bir ədəbi qurumda illərlə normal düşüncə sahibi kimi fəaliyyət göstərən, qələm və ədəbiyyat adamlarının etimad göstərdiyi, ağlına, mədəniyyətinə, şüuruna, əxlaqına güvənə biləcəyi bir gənc – Mövlud Mövlud intihar etdi...

Bu əslində təkcə kədər, ağrı, nisgil notları ilə qarşılanmamalı idi. Bu ölümün mahiyyəti ictimai-siyasi, sosial-iqtisadi həyatımızın statistikasında çox ciddi bir həyəcan siqnalı yaratmaqdansa, mərhumun dostları, tanışları tərəfindən çəkilən ahlar, tökülən əlacsız göz yaşları çəkisində qiymətini aldı. Bir də "camaat” dediyimiz toplumun hər gün eşitdiyi intihar olayına bənzər "bir nəfər cavan oğlan özünü filan mərtəbədən atıb intihar etdi” – kimi xəbər anonsuna reaksiyası: "Vallah bu cavanlarda da ağıl yoxdur e, çətinliyə heç dözmürlər...”

Bəli, hər şey çox aydın şəkildə baş verir, çox... N qədər problemi olan bir cavan yazıçı cana doyur, bu korlanmış cəmiyyətdə üz tutacağı insanları, ümid qapısı olmadığı üçün ayaqqabılarını geyinib, kirayədə qaldığı evin qapısını bağlayıb baş alıb gedir... Əl uzatdığı, addım atdığı hər yerdə rastlaşdığı böyük-böyük boşluqlardan yaxa qurtarmaq üçün özünü daha böyük bir boşluğa atır...

Bazar iqtisadiyyatı dediyimiz ictimai-iqtisadi formasiyanın amansız qanunları bu gün, sadəcə, bank, biznes sahələrində çalışan gəncləri xoşbəxt edə bilir. Düşüncə və mənəvi inkişafımıza xidmət edə biləcək, soyuq, kirayə evlərdə yüzlərlə kitab oxumuş, xeyli sayda elmi, publisistik məqalələr, bədii əsərlər yazmış gəncliyimizi isə maddi sıxıntı içərisində inildədirik. "Bazar iqtisadiyyatıdır!” tezisi artıq şüarlaşıb və sanki insanların minbir sualının hökmlü, net, konkret cavabına çevrilib. "Nə edə bilərik? Bizlik deyil, bazar iqtisadiyyatında yaşayırıq!” Doğrudur... Amma biz sivil, normal cəmiyyətiksə, bazar iqtisadiyyatı sistemində də özümüzü məqsədyönlü iqtisadi-mədəni inkişaf proqramına kökləyə bilərik. Hər halda cəmiyyət olaraq "bazar iqtisadiyyatı”nda yaşamaq "bazarda yaşamaq” anlamına gəlməməlidir...

Budur, başımızın üstündən bir mənəviyyat, düşüncə adamı özünü üstümüzə atdı, qanını üzümüzə çilədi sanki, amma biz ancaq ağlaya, qəhərlənə bildik... Müsahibələr verildi. Sosial şəbəkələrdə statuslar, şərhlər yazıldı... Düşünmək, bu vaqeənin obyektiv və subyektiv səbəblərini daha dərindən, sosioloji, fəlsəfi-psixoloji aspektdən təhlilə çəkmək, analiz etmək kimi bir narahatçılıq yəqin ki olmayacaq. Günah öləndədir! – qənaəti ilə bu şəxsi yox, artıq ictimailəşmiş, cəmiyyət məsələsinə çevrilmiş ölüm hadisəsi də unudulacaq...

Vaxtilə bu gənclərlə bağlı söhbət əsnasında professorlardan biri "İndiki ədəbi gəncliyin axırı yoxdur, onların suyumu, görünüşü, yaşayışı belə bunu diktə edir. Elə bil məqsədləri, paradiqmaları da yoxdur e” demişdi...

Nə qədər acı bir yanaşma... Bu gənclik özümü özünü yetişdirir, formalaşdırır yalnız? Bu gənclik sovet dövrünün yaradıcı gəncliyinin gördüyü qayğının mində birini görürmü? İndi xalq yazıçıları olmuş həmin adamların yazılarının altındakı məkan göstəricilərinə baxın. Birini Şüvəlan istirahət evində, birini Şuşa sanatoriyasında, birini Yaltada, birini Yesuntikidə yazıb... Heç vaxt ac qalmaq, borc içində sıxılıb suyu çıxmış vəziyyətlərə düçar olmaq təhlükəsi ilə üzləşməyiblər. Cəmiyyətdən təpki, istehzalı münasibət, itələyici reaksiyalar almayıblar. Çox hallarda əzizlənib, təbliğ, təqdir olunublar...

Doğrudur, bu yaradıcı gəncliyin ali məqsədi, ideya və yaşam manifestləri olmaya bilər. Bu da təbiidir. Çünki onların qarşısında ideal, müqəddəs saydıqları, "ustad” deyib dizinə baş qoya biləcəkləri insanlar demək olar yoxdur... Varsa da onlar həmin insanlardan da daha çox hallarda tənə, istehza eşidib, onların soyuq münasibətlərinə tuş gəliblər...

Məmurlaşmış ədəbiyyatımızda bu gün kimin kimə qayğısını – təmənnasız qayğısını misal çəkə biləcəksiniz? Ədəbi gəncliyi qruplara bölüb müəssisə-müəssisə, dəstə-dəstə tendensiyalaşmış məramnamələr naminə xidmətkar etməyi qayğımı sanacaqsınız? Onları özü ola bilməmək, sərbəst yaradıcılıq yolu keçməmək çətinliyi ilə üz-üzə qoyan məmurlaşmış şəxslər indi cüzi yardımlarını belə vurğulamaq kimi cılızlıqlarından yaxa qurtara bilmirlər... Böyük yazıçı ola biləcək adamları köşə işçisinə çevirir, onların üzüntülü, ac halına baxıb öz "səxavət kisəsindən” hərdən bəxşiş verib özünü təriflədirsə, bunu necə ədəbiyyat, sənət naminə qayğı, fədakarlıq hesab edə bilərik?

İndi adını unutduğum məşhurlardan birinin gənclik üçün dediyi fikri xatırlatmaq istəyirəm. O demişdi: Mən sənə qanad verə bilərəm, uçmağı isə özün öyrən!

Bəs biz? Bəs siz? – mənəviyyat cavabdehləri, siz əlinizdəki bol-bol imkanlardan, imtiyazlardan istifadə edib onlara uçmaq üçün qanad verdinizmi? Yoxsa özlərini 17-ci mərtəbədən atmaq üçün qanadlarını qırdınız illərlə, qanadlarını qopardınız lələk-lələk?..

Əlbəttə, bu yazıda söhbət təkcə Mövluddan getmir, Mövlud bu ədəbi gəncliyin mənəvi intiharını fizikiləşdirən ilk qaranquş oldu... Mövludun ölümü imkan verdi ki, biz həm də onların halına acıyaq. Onlar haqqında doğma bir cəmiyyət yanaşması formasını düşünüb tapaq... Mövlud həm də yoldaşları üçün öldü, onların içindəki sıxıntını, ağrını, tükənilmişliyi bu cür ifadə etdi... Sosial şəbəkədə xəbəri eşidən anda dostlarının içindən qopan nidalar buna əyani sübutdur...

Mən belə hadisələrə guya özünü ağır, ağıllı, təmkinli aparıb soyuqqanlı reaksiya verən (bəlkə də heç verməyən) adamları anlaya bilmirəm. Necə ola bilər ki, sənin yaşadığın cəmiyyətdə hər kəsə dəxli ola biləcək bir faciə – insan, yaradıcı, intellektli bir gəncin intiharı – baş versin və sən heç nə olmamış kimi məmur stolunda oturub işinə davam edəsən, gənclə qayğılardan danışasan? Necə ola bilər? Axı bu ölüm təsadüfi bir gəncin təsadüfi bir qəzası deyil?!

İradə Musaveva

tənqidçi

artkaspi.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/192132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR