SEYRAN SƏXAVƏT: “Mövlud ölməyib, yaşayır” - MÜSAHİBƏ

SEYRAN SƏXAVƏT: “Mövlud ölməyib, yaşayır” - MÜSAHİBƏ
11:03 23 Mart 2017
Ölkə mətbuatı
A- A+

Publika.az Elşad Baratın Seyran Səxavətlə söhbətini təqdim edir.

- Seyran müəllim, Mövludu da itirdik. İtirə-itirə hara gedirik?

- Bu insan itkisindən də ağır hadisədir. Mən onu çox istəyirdim, məncə, onu bir dəfə görən adam belə, onun itkisinə yanır. Həmişə üzü gülürdü. Belə bir zamanda həmişə üzün gülürsə, deməli, çox güclü adamsan.

- Bu xəbəri eşidəndə ağlınıza ilk gələn nə oldu? Hansı hissləri keçirdiz?

- O hiss deyildi. Ölü kimi qaldım. Ölü adam da hiss keçirmir. Mən Mövludun ölümünü eşidəndə ölüb dirildim. Diriləndən sonra başa düşdüm ki, heç ağlıma gəlməz bir hadisə olub. Mənim üçün gözlənilməz, əzablı bir xəbər oldu. Onu hər kəs sevirdi. Bu qədər sevginin qarşısında bu hərəkəti niyə etdi, bilmirəm. Axı, o, nə istəyirdi? Mən onu balam kimi sevirdim. Yaşıma görə çox şeylər görmüşəm, mənə belə təsir edən hadisə olmamışdı.

- Mövludu yaxşı tanıyırdız. Onu intihara aparan səbəb sizcə, nə ola bilərdi?

- Səbəb demək günah olar. O, ailəli adam idi. Ailə bir qaranlıq meşədir. Həm mən, həm də dostları onu həmin qaranlıq meşəyə qədər tanıyırdı.

- Demək istəyirsiz, ailə problemləri ola bilərdi?

- Hər şey ola bilərdi. Həqiqəti biz bilmirik. Özü bilirdi. Özü ilə də apardı.

- Ciblərindən 85 qəpik çıxıb...

- Maddi məsələ səbəbdir deyə bilmərəm. Mən özüm 20 ildən artıq Bakıda kirayələrdə yaşamışam. Bir dəfə Ramiz Rövşən dedi ki, sən böyük adam olsan, Bakının yarısına yazıb yapışdıracaqlar ki, burda Seyran Səxavət yaşayıb. Heç nə insanın özünə əl qaldırmasına səbəb olmamalıdır.

- Son vaxtlar demək olar, hər gün oyanıb kiminsə intihar xəbərini eşidirik. Elə bil adamlar ölümdən kömək istəyir.

- Bir jurnalist dostum var idi, deyirdi ki, fikir eləməyin, çətini ölənə qədərdir. İndi mən deyə bilmərəm, intihar ölümdən kömək istəməkdir, ya yox.

- Siz nə vaxtsa, intihara cəht etmisiz?

- Heç vaxt. İndiki cavanlarla müqaisədə biz çox əziyyət çəkmişik. Məndə təslim olmaq xasiyyəti olmayıb. Yəqin, bununla bağlıdır. Bəlkə də başqa cür görünürəm, amma ürəyim başqadır. Toyuq başı da kəsə bilmərəm. Bizim müqəddəs kitabımızda da yazılıb ki, intihar haramdır, qatillikdir.

- İndi deyirsiz, Mövlud qatildir?

- Bəli, Mövlud qatildir, özünün qatili. Görünür o anda iki Mövlud olub. Sənin, mənim tanımadığımız Mövlud sənin, mənim, hamının tanııdığı, sevdiyi Mövludu öldürdü. Hamımız müsəlmanıq, mən Allaha inanan adamam. Allahın yaratdığına əl qaldırmaq günahdır.

- Bizim tanımadığımız o Mövludu qınayırsız, günahlandırırsız?

- Ona da ürəyim gəlmir. Çünki, tanımadığımız Mövlud tanıdığımız Mövludun içindən çıxıb. Elə bilirəm onu qınasam, bir az da sevdiyimiz Mövludu günahlandırmış olaram. Siz o sualı verdiz, bu saat elə bilirəm bədənimə bir milyon qarışqa daraşdı.

- Kövrəlməyin. Axırıncı dəfə nə vaxt hönkürüb ağlamısız?

- Dünən.

- Mövludun intihar xəbərini eşidəndə?

- Hə. Məndə belə hallar tez-tez olur. Demək olar hər həftə ağlayıram. Balaca uşağın muğam oxuması məni ağrıdır. Əcəba, bu ölkədə kişilər qırılıb ki, bu boyda yükün altına bu uşağı salırıq?

Mövludun intiharı mənə çox pis təsir elədi. Bu gün Kamal Abdullanın yazısını oxudum, pis oldum. Sonra mənim çox istedadlı gənc hesab etdiyim Kəramət Böyükçöl zəng eləmişdi, gördüm uşaq özündə deyil. Mən Kəraməti çox istedadlı yazıçı sayıram, başqa tərəfləri ilə işim yoxdur. Kəramət telefonda hönkürürdü ki, mən neynəyim? Dedim, heç nə edə bilməzsən. Onun xətrinə özünü qoru.

- Sizi ən çox yandıran itki nədir?

- Elə ən böyüyü, ən təzəsi Mövluddur. Həmişə deyirəm ki, İrəvandan, Dərbənddən Qarabağa qədər bizim itkimizdir. Mənim üçün bundan böyük itki ola bilməz. İnsan itkisi tamam başqadır.

- Vətən nədir?

- Bilirsiz, kimsə deyir ki, mən burda doğulmuşam, böyümüşəm bura mənim vətənimdir. Mən belə şeylərlə razılaşmıram.

- Elə Mövlud özü də vətəndir.

- Çox sağ ol. Mövlud da mənim üçün Mövlud boyda vətən itkisidir. Biz belə düşünməliyik ki, sən, mən, Kəramət, elə hamı üçün Mövlud ölməyib, yaşayır.

- Bəs o içimizdə göynəyən yer Mövludun boş qalan yeri deyilmi?

- Məncə, onun yeri boş qalmayıb. O, həmişə öz yerində qalacaq. O yanğı məişət yanğısıdır. Mənəvi yanğıya çevrilə bilən məişət yanğısı. Biz istədiyimiz vaxt zəng edib onu görə bilməyəcəyik, bax, o yanğıdır.

- Bəlkə də biz burda söhbət edirik, hardasa intihara hazırlaşan bir insan var.

- Məncə intihar günahdır. Onların bəziləri bəraət qazanacaq. Çox güman ki, Mövlud da bəraət qazanacaq. Xırda bir məsələdən intihar etmək olmaz. Bir dəfə Yusuf Səmədoğlu mənə dedi ki, gəl gedək səni tanış edəcəm. Elə bildim bir adamla tanış edəcək. Getdik Sahil bağına. Orda mənə bir ağac göstərdi. Sən də, mən də, atalarımız da o ağacın yanından bəlkə də milyon dəfə keçmişik, o ağacın gözəlliyini görməmişik. Bir ağacın xatirinə də yaşamaq olar. Sən evlisən?

- Hə. İki qızım da var.

- Əgər sən nə vaxtsa intihar etsən, dünyanın ən namərd adamları siyahısına düşərsən. İki qızı qoyub hara gedirsən? Kişiliyin bura qədərdimi? Həyat bütün ağrılarıyla gözəldir. Elə hamının inthar etməyə mənəvi haqqı var. İntihar üçün milyonlarla səbəb tapmaq olar.

Bir avtobusda sürücü hamilə qadını təhqir etdi, sən də onu döydün. Sonra polis səni aparıb cəzalandırdı. Sən də gedib intihar etdin ki, həqiqət yoxdur.

- Həqiqət nədir bəs?

- Həqiqət axtarışını kənara qoymaq lazımdır. Bəşəriyyətin ən böyük yanlışı odur ki, yer üzündə nə qədər adam varsa, hərə öz həqiqətini axtarır.

- Yəni, hamı eyni həqiqəti axtarmalıdır.

- Bəli, başını aşağı salıb adam balası kimi yaşamaq lazımdır.

- Seyran müəllim, avtobusda hamilə qadını müdafiə etdiyin üçün polis səni əzirsə, necə adam balası olmaq olar?

- Əgər o polisin ədalətsizliyinə görə intihar edirsənsə, deməli, o polisdən də əxlaqi cəhətdən, kişilik cəhətdən min dəfə aşağısan. Hardasa oxuduğum belə bir fikir var, mən döyüşmək üçün yox, qalib gəlmək üçün yaşayıram. Bu yaxında mənə bir Amerika atalar sözü dedilər, hətta güldüm ki, onların da atalar sözü var. Atalar sözündə deyilir ki, əgər bir problemin varsa, fikir eləmə, həll elə. Əgər həll edə bilmirsənsə, yenə fikir eləmə, deməli həll yolu yoxdur. Amerikalılar bu prinsiplə yaşayır. Bizim insanlar fakt və reallıqla barışmaq istəmir.

- Söhbətlərimiz, kövrəlmələrimiz içimdəki Mövludsuzluq acısını sanki, bir az azaltdı, boğazımdakı udqunduqca böyüyən tikəni kiçiltdi.

- Mən səni hiss edə bilirəm, səninlə uzun-uzadı danışmaq olar. Bir söz deyim, bəzən insan öz doğmalarına belə hirslənir. Mövlud özünü öldürməklə həm də bir yaxşılıq elədi. Şəxsən mənə yaxşılıq elədi. Mən də əlimi üzmüşdüm hər şeydəm. Mövluda görə bu qədər heyfsilənmələr göstərdi ki, insan itkisi hələ də bizi yandırır. Hələ biz bir-birimiz üçün yanmağı bacarırıq. Bu isə Mövludun mənə öz ölümü ilə etdiyi yaxşılıqdır. Bir insanın ölümü belə, nəsə deyə bilirsə, deməli, o insan əbədi yaşayacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/192218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR