Şair Qabillə katib qızının əhvalatı

Şair Qabillə katib qızının əhvalatı
23:57 23 Mart 2017
456 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən Ülfət Kürçaylının "Şamaxı sərgüzəştləri" yazısını təqdim edir.  

Şair Qabilin Şamaxıda hələ cavanlıqdan tanıdığı dostu var idi. Ailəliklə yaxınlıq edirdilər. Həlim xasiyyətli, səmimi, dostcanlı Baba gözəl ailə başçısı və müəllim idi. Bakıya yolu düşəndə mütləq şair Qabilə baş çəkirdi. Şair Qabil də öz növbəsində tez-tez yolunu Şamaxıdan salır, dostu Babaya qonaq düşür, ruhi ehtiyaclarını ödəyirdi. Bir gün yenə Şamaxı havası üçün darıxdığını hiss edən şair Qabil Salam Qədirzadənin də saqqızını oğurlayıb düzəlir Baba müəllimgilə. Gəlib görür onların gəlişindən xəbərdar olan müəllim dostu qohum-əqrəba, qonum-qonşuyla yığışıb qonaqlıq tədarükü görürlər. Şair sevinclə hamını salamlayır. Ev adamları qonaqları hörmətlə süfrəyə əyləşdirib sudan, ayrandan, meyvədən, çaydan gətirib rahatlayır, özləri isə təzə kəsdikləri canı isti erkəyi doğrayıb şişə keçirməyə məşğul olurlar. İşin bu hissəsini seyr etməkdən xüsusi zövq alan Qabil də boş dayanmır, heyvanın əzalarından, manqaldan, şişdən, kömürdən, çatıldayan atəşdən məzəli söhbətlər edərək ətrafdakıları ruhlandırır.
       
Nəhayət, axşamüstü böyük zəhmət bahasına hər şey hazır olur. Qaça-qaç, get-gəl bitir və bir az keçmiş hamı bir nəfər kimi süfrə başına cəm olur. Qabillə Salam Qədirzadəni yuxarı başda əyləşdirirlər. Hamı məsum-məsum Qabilə diqqət kəsilir. İştah açan naz-nemətlə dolu süfrədən şövqə gələn şair badəni qaldırır, oynaq baxışlarıyla hamını süzüb deyir ki, əvvəla  eşq olsun Şamaxı torpağına, onun zəhmətkeş camaatına. Sonra üzünü böyründə oturmuş dostu Babaya tutur, deyir, sən ki müəllimliyinlə bu boyda külfəti yola verə bilirsən, igid adamsan, qoy bir dodağından öpüm.  Baba müəllim qulağına qədər qızarır, boynunu çiyninə qısır, amma şairin istəyinin həyata keçməsinə mane olmur. Öpüşürlər... Sonra sağlıqlar bir-birini əvəz edir, şair Qabilin nitqi daha rəvan, romantik, ehtiraslı, əhatəli mərhələyə qədəm qoyur. Süfrə başında, süfrədən kənarda, qonşuda, qonşu kənddə, səfərdə, xəstə yatağında olanların hamısının sağlığına badə qaldırılır, xoş sözlər söylənilir. Sərin yay gecəsi, ulduzlar, uzaqdan ara-sıra eşidilən it hürüşməsi, cırcırama səsi şairin qəlbini riqqətə gətirir. Və bütün məclis əhli onun növbəti həyəcanlı sağlığının intizarı içindəykən, bir məkanda uzun müddət qərar tuta bilməyən, daim axtarışda olan şair Qabil qəfildən ciddiləşir və özünün ənənəvi suallarını verməyə başlayır. "Yaxşı, indi kimdi Şamaxıda birinci katib?"
           
Söhbətin bir andaca yüz səksən dərəcə çevrilməsindən bir şey anlamayan Baba müəllim mat-mat şairə baxıb, birinci katibin soyadını səsləndirir, sonra isə narahatlıqla "Necə ki, Qabil?" soruşur. "Heç, bəs ikinci katib kimdi?" - deyə xəbər alır. Onun da soyadını deyirlər. "Bəs üçüncü?". Bu sual-cavabdan artıq yorulmağa başlayan Baba müəllim etinasız tərzdə sakitcə üçüncü katibin də adını, soyadını heca-heca söyləyib işin sonrasını gözləyir. Şair Qabil birdən uca səslə "Yox əşşi, mənim dostumdu ki, gedim bir onunla görüşüm" deyir.
 
Salam Qədirzadə şairi dümsükləyib pıçıldayır ki, yaxşı deyil, Qabil, camaat əziyyət çəkib, axıracan burda oturaq. "Sən nə danışırsan?" - deyə şair Qabil özündən çıxır, "Kişi eşidib bilər ki, Şamaxıya gəlmişəm, ona dəyməmişəm, inciyər məndən". Baba işi belə görəndə gecənin xeyrindənsə səhərin şərinin daha məqbul olduğunu yada salıb, sabah dostunu mütləq üçüncü katibgilə aparacağına söz verir. Amma şair Qabil dediyindən dönmür və bildirir ki, elə indi aparmasanız, durub özüm gedəcəyəm, kişiylə haqq-salamım var. Özü də masadan qalxır.
         
Xülasə, gecədən xeyli keçmiş şairi aparırlar üçüncü katibin yaşadığı evə. Qədirzadə də carəsiz qoşulur ona.
         
Yatağında mürgü vuran üçüncü katib gecənin bu aləmində qapısının döyüldüyünə məəttəl qalır. Qalxıb qapının gözlüyündən baxıb şair Qabilin meydən deformasiyaya uğramış qırmızı simasını görəndə gözlərinə inanmır, bir az da karıxır, "Allah, sən özün köməy ol..." düşüncəsiylə kilidi açır və sakitlikdə "xoş gəlmisiniz" deyir. Keçirlər içəri. Katib ikisinə də yer göstərir. Şair Qabil, "ay qardaş, bu nə vaxtın yatmağıdı?" deyib əyləşəndə katib yuxulu gözlərini onlara dikib fikrə gedir.
          
Qərəz, arvad-uşağı yaylağa göndərib, özü xidməti işiylə əlaqədar evində birtəhər tənha bulunan üçüncü katib məsələni çox uzatmayaraq yollanır mətbəxə və daşdan yumşaq əlinə keçəni hardansa tapdığı araqla birlikdə yığıb, gətirib düzür süfrəyə, özü də əyləşib başlayır hal-əhval tutmağa. Söhbəti diqqətlə izləyən Salam Qədirzadəyə məlum olur ki, şairlə bu kişi haçansa, hardasa, hansısa tədbirdə iki-üç saat yanaşı oturublar və tanışlıqları bununla bitib. Özünü çox naqolay hiss edir və altdan-altdan dostunu süzməyə başlayır. Görür şairə fövqəladə iştah gəlib, quru, boyat yeməkləri elə həvəslə nuş edir ki, sanki yarım saat əvvəl o boyda süfrədən tox qarına qalxan bu deyil. Xülasə, bir-iki qədəhdən sonra şair fasilə vermək qərarına gəlir. İlk sualı bu olur:
 
- Danış görək neynəyirsən, neynəmirsən, oğul-uşaqdan nəyin var?
 
Gözünün cimirini ala bilməmiş katib yuxulu-yuxulu, müttəhimlər kimi suallara cavab verməyə başlayır:
 
- İşləyirik də, birtəhər... İki qızım var, Qabil müəllim...
 
- Pah, Allah saxlasın... Neçə yaşındadılar? Adları nədi?..
 
Kişi bir az duruxub deyir:
 
- Böyüyü doqquz yaşındadı - Ramilə, kiçiyi bu il məktəbə gedəcək - Hamilə...
 
- Necə Hamilə, bu nə addı qoymusan? - deyə şair Qabil təəccübdən bir qədər ayılır.
 
- Addı də, Qabil müəllim, dedim o biri ilə qafiyə olsun... - deyib katib günahkar kimi gözünü döyür.
 
- Dəyiş, mütləq dəyiş o adı. Əşşi, sabah uşaq məktəbə gedəndə nolacaq?! Qızım, adın nədi - Hamilə... Güləllər ki, uşaqlar. Hoydu-hoyduya götürərlər... Mütləq dəyiş... Gələn həftə Salamla burdayıq. Gəlim görüm ki, dəyişmisən... - deyib şair Qabil qətiyyətlə qədəhini başına çəkir.
 
Katib mehmandarlıq qaydalarını nəzərə alaraq bir söz demir. Bir azdan ikisi də qalxıb yollarına düzəlməyə hazırlaşırlar. Çıxarkən şair Qabil bir də təkidlə xəbərdarlıq edir:
 
- Bax, gələn həftə ikimiz də burdayıq... Tənbəllik eləmə, dəyiş o adı... Di salamat qal...
 
Düz bir həftə keçmiş şair Bakıda səhər erkən qonşusuna zəng vurur:
 
- Salam, hazırsan? Yadından çıxmayıb ki, Şamaxıya getməliyik.
 
Salam Qədirzadə deyir ki, Qabil, ayıbdı, o biyabırçılıqdan sonra mən daha ora getmərəm. Şair tərs damarına salıb, "nə danışırsan, kişiyə söz vermişik, yaxşı düşməz, getməliyik" deyib yazıçını dilə tutur.
         
Gəlib çıxırlar üçüncü katibgilə. Yenə kişi min bir əziyyətlə təkbaşına süfrə açır. Şair Qabil yenə yeyib-içəndən sonra sorğu-suala başlayır, söhbəti gətirib çıxarır uşağın adının üstünə. Görür ad dəyişməyib. Yenə xəbardarlıq edib qayıdır Bakıya. Bu minvalla üç-dörd dəfə katibin qonağı olur və kişi axır əlacsız qalıb uşağın adını dəyişib Samirə qoyur. Beləliklə, şair Qabil bir müddət Şamaxı səfərlərinə ara verməli olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR