Rusiya Ermənistanı yeni əllərə verir - İş başına "milyarderlər qrupu" keçir

Rusiya Ermənistanı yeni əllərə verir -  İş başına "milyarderlər qrupu" keçir
07:32 24 Mart 2017
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan prezident idarə üsulundan parlament idarə üsuluna keçid üçün konkret addım atır. Belə ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu, ölkədə parlament idarə üsuluna keçidi nəzərdə tutan 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra ilk seçkilər olacaq.

Yeni parlament proporsional sistem əsasında seçiləcək. Daha sonra parlament üzvləri prezidenti 7 illiyə seçəcək. Prezident isə parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi bolkun namizədini baş nazir təyin edəcək.

Ermənistandakı siyasi vəziyyəti Milli.Az-a şərh edən "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərovun fikrincə, əslində, bu, Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı"nın hakimiyyətini başqa şəkildə davam etdirməsi deməkdir:

"Buna qədər hamı deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinə görə məsuliyyəti prezident Serj Sarkisyan, prezident adminstrasiyası və onun ətrafındakı komanda daşıyır. Lakin parlament idarə üsuluna keçiddən sonra bu məsuliyyət parlamentin və orada təmsil olunan qüvvələr arasında paylaşılacaq. Bəs parlamentə kimlər daxil olacaq?

Qaqik Tsarukyan

Oskanyan-Ohanyan-Hovannisyan bloku

Əksər ekspertlərin proqnozlarına görə, bunlar Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyası, biznesmen Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Tsarukyan bloku" və "Oskanyan-Ohanyan-Hovannisyan bloku" olacaq. 

Lakin bu hesablamalardan kənarda qalan ciddi bir fiqur da var. Bu, yeni baş nazir Karen Karapetyandır. K.Karapetyan Moskvadakı "Taşir" qrupunun sahibi və prezidenti, erməni milyarder Samvel Karapetyanın qohumudur".



E.Ələsgərovun fikrincə, burada əsas məqam da odur ki, bundan sonra Ermənistan Rusiyadakı milyarder ermənilərin və kriminal dairələrin əli ilə idarə olunacaq: "Məncə, Ermənistan Rusiyadakı erməni qrupları və kriminal dairələr vasitəsilə idarə olunacaq. Hakimiyyətdə onları Ermənistanda qalmış qohumları təmsil edəcək. Yəni Ermənistanın üsul-idarəsi başqa şəkil alır. Bu, o deməkdir ki, Ermənistanda hakimiyyət həm siyasi, həm də iqtisadi baxımdan Rusiyada yaşayan ermənilərin əlində cəmləşəcək. Seçkilərdən sonra əsas gözləntilər bundan ibarətdir. Aydın məsələdir ki, Ermənistanda yaşayan xalqa heç kim acımayacaq və yenə də "Qarabağ klanı" hakimiyyəti öz əlində saxlayacaq. Daha sonra bu oyun yeni parlamentdəki prezident seçkiləri və baş nazir təyinatında da davam etdiriləcək.

Rusiya indi Ermənistanı daha çox Rusiyada yaşayan ermənilərin əlinə verir ki, bu ölkəni onların əli ilə idarə etsin. Rusiya, onsuz da, demək olar ki, Ermənistanın bütün iqtisadiyyatını ələ alıb. İndi Moskva Rusiyadakı ermənilərə, daha doğrusu 7-8 milyarderə deyir ki, gedin Ermənistanı idarə edin, oradakılara yedirib-içirin, daha məni narahat etməyin. Moskva indi məhz onların əli ilə Ermənistanı özünə daha sıx bağlamaq istəyir. Təsəvvür edin, məhz "Taşir" qrupunun prezidenti Samvel Karapetyanın yaxın dostu jurnalist Vladimir Solovyovun tənqidlərindən sonra Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayanı dəyişib yerinə Vardan Toqanyanı qoydular. Solovyov Yesayanın Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlundan daha zəif işlədiyini demiş, hətta onu səriştəsizlikdə ittiham etmişdi".

Ekspert hesab edir ki, Ermənistandakı yeni parlament seçkiləri də Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət mənada təsir etməyəcək: "Ermənistan Rusiyada yaşayan iki erməni milyarderi xarici ölkələrə konsul göndərib. Yəni Moskvadan pulunu verib gedib olublar konsul. İndi baxın görün biz necə bir dövlətlə baş-başa qalıb danışıq aparırıq. Çox təəssüf! Bu, heç dövlət də deyil, nəsə əcaib bir qurumdur. Yəni "Qarabağ klanı" yenə də Ermənistanda hakimiyyətdə qalacaq və yenə də Dağlıq Qarabağ probleminin həllində heç bir irəliləyiş olmayacaq".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube  resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/528522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR