Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətli Ukrayna vətəndaşı, 1988-ci il təvəllüdlü Parşov Pavel Aleksandroviç tərəfindən törədilib. O, Sevastopolda doğulub, Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu sözləri
Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın üzvü
Anton Geraşşenko özünün Facebook səhifəsində
yazıb. A.Geraşşenko bildirib ki, P.Parşov həyatı boyunca rəsmi
şəkildə Ukraynadan kənara çıxmayıb: "Lakin 2015-ci ilin fevralında
o, Belarusla sərhəddəki nəzarət-buraxılış məntəqələrindən biri
vasitəsilə Ukrayna sərhədini piyada keçib. Sonra Rusiyaya gedərək
hələ Stalin NKVD-si dövründə yaradılmış diversantlar üçün məktəbdə
xüsusi təlim kursu keçib. Onun qarşısında tapşırıq qoyulub ki,
Ukrayna ordusu və ya Milli Qvardiyasının sıralarına qoşulsun.
Sağlam, güclü gənc insan olan bu Ukrayna vətəndaşı tapşırığı uğurla
yerinə yetirib. Hərbi əməliyyatlarda iştirak etməyib. 2016-cı ilin
avqustunda tərxis olunub və Moskvadan komanda gözləməyə başlayıb.
Həmin komanda gəlib və onu icra edərək Denis Voronenkovu özü ilə
məzara aparıb".
A.Geraşşenko qeyd edib ki, istintaq qətlin bütün hazırlıq və
təşkilatı tərəflərini araşdırır: "Qətldən keçən saatlar ərzində
istintaqa artıq çox şey məlumdur".
Nazir müşaviri bildirib ki, bundan sonra Ukrayna Silahlı
Qüvvələrinə, Milli Qvardiyaya qəbul üçün yoxlanış meyarlarına ciddi
şəkildə yenidən baxılacaq.