Ermənistanın birinci prezidenti, “Erməni Milli
Konqresi”nin lideri Levon Ter-Petrosyan parlament seçkilərində əsas
şüar olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini irəli
sürür.
Publika.az xəbər verir ki, Petrosyan Dağlıq Qarabağ münaqişəsinin
təcili həllinin vacibliyini vurğulayır və qeyd edir ki, “nə qədər
gec deyil Ermənistanın inkişafı üçün münaqişə həll
edilməlidir”.
Ter-Petrosyan münaqişənin “Madrid prinsipləri” çərçivəsində
həllinin tərəfdarıdır.
Ermənistan mediasının məlumatına görə, Petrosyan seçki kampaniyası
çərçivəsində çıxışı zamanı bir daha bildirib ki, ölkənin gələcək
inkişafı üçün münaqişə hazırki şərtlər (ərazilərin
qaytarılması-red) daxilində həll edilməlidir: “Geciksək, nəticə
bizim üçün daha pis olacaq”.
Xatırladaq ki, Petrosyan ötən ilin dekabrında keçirilən
partiyasının qurultayında ərazilərin qaytarılması və münaqişənin
təcili həll edilməsi ideyasını gündəmə gətirmişdi.
“Erməni Milli Konqresi”nin nümayəndəsi Levon Zurabyan da dünən
jurnalistlərə açıqlamasında Qarabağda sülh və ölkədə korrupsiya ilə
mübarizə proqramı hazırladıqlarını bildirib.
O qeyd edib ki, seçkidə qalib gələrək, yeni hökuməti formalaşdırmaq
imkanına nail olsalar, “Madrid prinsipləri” çərçivəsində Qarabağda
sülh sazişinin imzalanmasını həyata keçirdəcəklər.
Qeyd edək ki, Ter-Petrosyanın bu ideyası Ermənistanda hakim
dairələr tərəfindən “vətən xainliyi” olaraq təqdim edilir.
Lakin Ermənistan cəmiyyətində ərazilərin Azərbaycana qaytarılması
və münaqişənin sülh yolu ilə həll edilməsi ideyasını əksəriyyət
dəstəkləyir. Xüsusilə övladlarının Qarabağda ölməsini istəməyən
erməni vətəndaşlar Petrosyanın ətrafında birləşiblər.
“Qarabağı Azərbaycana qaytarın, övladlarımızın ölməsini istəmirik” – Ermənilər ETİRAZA QALXIR
Erməni valideynlərinin əsas istəyi budur.