Naxçıvanqalada Novruz şənlikləri - FOTO

Naxçıvanqalada Novruz şənlikləri - FOTO
20:12 24 Mart 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Muxtar respublikada bu il martın 18-dən başlayan Novruz şənlikləri böyük coşqu ilə davam edir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, baharın gəlişini, təbiətin oyanışını bayram edən Naxçıvan şəhərinin sakinləri, qədim diyarımıza gələn çoxsaylı turistlər Naxçıvanqalaya və şəhərin digər gəzməli və görməli yerlərinə axın edirlər.

Qədim diyarda Novruzun ilk günlərində olduğu kimi bayram ab-havası hələ də davam etməkdədir. Bu il nisbətən uzun və sərt keçən qışdan sonra uşaqlı-böyüklü hər kəs şəhərdə gəzib alış-veriş etməyə, ailəlikcə istirahət edib əylənməyə üstünlük verir. Bu bayram günlərdə muxtar respublikaya gəlmiş çox sayda turistlər də öz asudə vaxtlarını mənalı keçirmək üçün yaxşı fürsət qazanıblar. Əksəriyyəti qonşu ölkələrdən olan turistlər Naxçıvandakı gəzməli, görməli yerlərlə tanış olur, Naxçıvanqalada keçirilən bayram şənliyinə qatılır, buradakı zəngin iaşə xidmətlərindən istifadə edirlər.

Naxçıvanqalada tanış olduğumuz iranlı turist Həsən Həmidi təəssüratlarını bizimlə bölüşərək dedi ki, ilk dəfə Naxçıvana 15 il əvvəl gəlib. Bu dəfə gələndə o, gördüklərindən heyrətlənib: "Ailə üzvlərimiz və dostlarımızla birgə Naxçıvanı gəzib dolaşmaq bizim üçün çox xoşdur. Hələ bir neçə gün də buradayıq. Duzdağı görmək, Əshabi-Kəhfi ziyarət etmək istəyirik. Buranın yeməkləri, xüsusən kabablar və meyvələr çox xoşumuza gəldi. Naxçıvanlıların qonaqpərvərliyini heç vaxt unutmayacağıq. Qismət olsa, gələn Novruzda da Naxçıvana gələcəyik".

Naxçıvanqalada görüşdüyümüz turistlərdən Əbülfəz Suzani, Rəhim Çodari də təəssüratlarını bizimlə bölüşərək dedilər ki, əsrarəngiz diyar olan Naxçıvan Muxtar Respublikasında olmaqdan çox məmnundurlar. Novruz bayramı günlərində bayram ab-havası muxtar respublikanın hər tərəfində hiss olunur, insanlar bir-birini təbrik edir. Bu, turistlərin də diqqətindən yayınmır. Naxçıvanqalada keçirilən şənlik isə daha da maraqlıdır. Tarixi abidənin ərazisində keçirilən şənliklərdə qədim dövrlərin elementlərinin canlandırılması məkan ilə həmahənglik təşkil edir.

Qeyd edək ki, Naxçıvanda martın 27-dək davam edəcək Novruz bayramında yerli əhalinin və turistlərin rahat istirahəti üçün bütün xidmət sahələrində geniş hazırlıq işləri aparılıb. Bu günlərdə Naxçıvana daha çox turistin gəlməsi nəticəsində otellərdə yerlərin əksəriyyəti tutulub, sərnişin nəqliyyatı, ticarət və iaşə xidmətlərində xeyli canlanma yaranıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR