Ümumrusiya Azərbaycanlıları Konqresinin yeni prezidenti - Hədəfimiz Rusiyanın regionlarıdır

Ümumrusiya Azərbaycanlıları Konqresinin yeni prezidenti - Hədəfimiz Rusiyanın regionlarıdır
21:05 24 Mart 2017
298 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti, tibb elmləri namizədi, professor Fazil Qurbanovun Milli.Az-ın əməkdaşı İlkin İzzətlə söhbəti:

- Fazil müəllim, əvvəla, sizi ÜAK-ın yeni prezidenti seçilməyiniz münasibətilə təbrik edir, işinizdə uğurlar diləyirəm!

- Təşəkkür edirəm! Millətimiz, xalqımız üçün xeyirli olsun. Çalışacağam ki, fəaliyyətimlə bu yüksək etimadı doğruldum.

Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

- Bundan sonra ÜAK rəhbəri olaraq sizin Azərbaycan diasporu ilə bağlı prioritetləriniz və iş prinsipiniz nədən ibarət olacaq?

- İndi əsas hədəfimiz Rusiyanın regionları, məqsədimiz isə oradakı soydaşlarımızın əsas problemlərinin hələlidir. Biz ilk növbədə regionlara fikir verməliyik. Çünki bizim 76 regionda nümayəndəliklərimiz var. Onların işini yenidən nəzərdən keçirmək lazımdır. Onların bəzi problemləri var. Həmin problemləri həll etmək lazımdır ki, diasporun işi effektiv alınsın.

- Bunu hansı yolla etmək niyyətindəsiniz? Dövlət orqanları vasitəsilə, yoxsa birbaşa öz gücünüzlə?

- Biz bunu dövlət yolu ilə də, öz gücümüzlə də edəcəyik. Biz dövlət qurumlarının rəhbərləri ilə, qubernatorlarla görüşəcəyik. Amma əvvəlcə problemləri dərindən öyrənməliyik. Hər şey dəqiqləşəndən sonra dövlət qurumlarına, o cümlədən qubernatorlara müraciət etməliyik və onları birlikdə həll etməliyik.

- Azərbaycanda belə bir fikir var ki, Rusiyada ermənilərin sayı azərbaycanlılara nisbətən az olmasına baxmayaraq, daha çox uğur əldə ediblər, dövlət qurumlarına, mədəniyyət ocaqlarına, mediaya daha çox nüfuz edə, özlərini daha yaxşı tərəfdən göstərə biliblər. Bununla razısınızmı? Bu baxımdan soydaşlarımıza hansı dəstəyi vermək olar?

- Xeyr! Bununla razı deyiləm. Mənə belə gəlir ki, Azərbaycan diasporu Rusiyada ən böyük və ən güclü diaspordur. Biz isə diasporumuzu daha da gücləndirməyə çalışırıq. Çalışacağıq ki, əlimizdən gələn formada Azərbaycan xalqına, soydaşlarımıza qulluq edək.
 

Əli Həsənov: "ÜAK Azərbaycan haqqında obyektiv informasiyanın yayılması üçün böyük iş aparır" - FOTO

- Yaxın günlərdə hansı tədbirləri keçirməyi planlaşdırırsınız?

- Martın 28-də Ümumrusiya Azərbaycan Konqresi Novruz bayramı ilə bağlı böyük tədbir keçirəcək. Biz buna ciddi hazırlaşırıq. Mən Azərbaycanda, Rusiyada, dünyanın hər yerində yaşayan bütün azərbaycanlıları bu bayram münasibətilə təbrik edirəm, onlara can sağlığı arzulayıram!

Qeyd: Fazil Qurbanov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) 2016-cı il dekabrın 28-də Moskvada keçirilən IV Qurultayında səsvermə nəticəsində qurumun yeni prezidenti seçilib.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/528822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR