Ermənilərin seçimi - Ya inqilab, ya da məhvə məhkumluq...

Ermənilərin seçimi - Ya inqilab, ya da məhvə məhkumluq...
08:05 25 Mart 2017
174 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hazırda Ermənistan cəmiyyətinin seçimi təkcə parlamentin formalaşdırılması ilə bağlı deyil. Ya mövcud vəziyyətlə barışıb məhv olmalı, ya da inqilabi dəyişiklik etməlidir".

Bu barədə Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri ətrafında cərəyan edən hadisələri Milli.Az-a şərh edən beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, Ermənistandakı siyasi proseslər çoxdan "Qarabağ klanı" tərəfindən inhisara alınıb, yəni onların monopoliyasındadır: "Əslində "Qarabağ klanı"ndan kənarda olan müxalif qrupların siyasətə heç bir ciddi təsiri yoxdur. Belə monopoliya vəziyyətində "Qarabağ klanı"nın öz daxilində daha çox mürəkkəb proseslər gedir. Yəni müxalifət artıq bu klanın daxilində formalaşır. Hakimiyyətdə olan Serj Sarkisyana müxalif olan və sabiq prezident Robert Koçaryanın dəstəklədiyi qrupları şərti olaraq elə siyasi müxalifət də adlandırmaq olar. Bunlar biznesmen Qaqik Tsarukyan, sabiq xarici işlər naziri Vardan Oskanyan və digərləridir. Yəni aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra "Qarabağ klanı" birmənalı olaraq yenə də hakimiyyətdə qalacaq. Bütün güc və maliyyə rıçaqları onların əlindədir.

Əgər seçkilərdə "Qarabağ klanı"nı yox, Ermənistanın özünü təmsil edən siyasi qruplar qalib gəlsəydilər, bəli, hansısa dəyişiklik gözləyə bilərdik. Amma çətin ki, bu belə olsun".

Politoloqun fikrincə, parlament seçkilərinin nəticələri nə ölkədəki, nə də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vəziyyətin dəyişməsinə təsir etməyəcək: ""Qarabağ klanı" hakimiyyətə Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin fonunda gəlib və işğalçılıq onların daxili və xarici siyasətinin tərkib hissəsidir. Yəni Serj Sarkisyanın hakimiyyətdə qalması ilə Robert Koçaryanı təmsil edən birinin hakimiyyətə gəlməsində ciddi fərq olmayacaq. Dolayısı ilə yenə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç nə dəyişməyəcək. Paradoksal, ziddiyyətli vəziyyət odur ki, əgər onlar dəyişiklik etmək fikrinə düşsələr, bu "Qarabağ klanı"nın məhvi, onun ideoloji platformasının erroziyası deməkdir. Ona görə də vəziyyət təəəssüflər olsun ki, həll olunmaz şəkildədir".

Rusiya Ermənistanı yeni əllərə verir - İş başına "milyarderlər qrupu" keçir

İ.Vəlizadə qeyd edib ki, indiki klandaxili siyasi çəkişmələr isə onu göstərir ki, siyasi qrupların daxili resursları çox zəifdir. Ona görə də onlar çalışırlar ki, xaricdən dəstək alsınlar. Xaric isə ilk növbədə Rusiyadır: "Çünki Rusiya ümumiyyətlə Ermənistandakı prosesləri daim nəzarətdə saxlayır və onu öz həm siyasi, həm də iqtisadi layihələrində iştiraka məcbur edir. Ona görə də Moskva bu monopoliyanı əlində saxlamağa çalışır. Rusiya üçün fərq etməz Ermənistanda kim hakimiyyətə gələcək, əsas odur ki, Rusiyanın buradakı mənafeyi qorunub saxlansın. İndi sanki "Qarabağ klanı"nın daxilində Rusiyanın dəstəyini qazanmaq üçün rəqabət gedir. Məsələn, Koçaryanın adamı olan baş nazir Karen Karapetyan fevralda Moskvaya səfər edərək orada əlaqələri gücləndirməyə çalışdı və bəzi mesajlar verdi. Ondan bir ay sonra isə prezident Serj Sarkisyan Moskvaya getdi. Baxmayaraq bunlardan biri baş nazir, digəri isə prezidentdir, onlar fərqli qrupları təmsil edirlər. Hər ikisi də Moskvadan siyasi və iqtisadi dəstək almaq istəyir. Əgər hər iki qrup Rusiyaya üz tutursa, bu, Moskvanı əslində qane edir".

Ekspert hesab edir ki, Ermənistanın daxili və xarici siyasətində vəziyyət heç də ümidverici görünmür: "Çünki digər qruplar görürlər ki, real hakimiyyət əldən gedir, cəhdlər isə heç bir nəticə vermir. Məsələn, ötən il "Sasna tsrer" hərəkatı ətrafında cərəyan edən hadisələr göstərdi ki, gənc diaspora çalışır ki, bu vəziyyəti dəyişsin. Amma Sarkisyan və Koçaryanın qrupları birləşib buna imkan vermədilər. Düzdür, Koçaryanın şərti oldu ki, onun adamı hakimiyyətdə təmsil olunsun. O da Karen Karapetyan oldu. İndi yenə də problem yaransa, onlar bir daha birləşib müqavimət göstərəcəklər. Amma daxildə yenə də bir-biri ilə çəkişəcəklər.

Belə çəkişmələr Ermənistanı siyasi baxımdan daxildən zəiflədər, iqtisadi prosesləri daha da mürəkkəbləşdirə bilər. Təbii ki, permanent xaos və böhran yaşayan cəmiyyət bu vəziyyətdən çıxmaq üçün ya klanı inqilabi yolla devirməlidir, ya da tamamilə deqradasiyaya uğramalıdır. İndi erməni cəmiyyəti bu iki yoldan birini seçməlidir".

Qeyd edək ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu, ölkədə parlament idarə üsuluna keçidi nəzərdə tutan 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra ilk seçkilər olacaq. Belə ki, bu, Ermənistanın prezident idarə üsulundan parlament idarə üsuluna keçid üçün atdığı konkret addım hesab olunur. Yeni parlament proporsional sistem əsasında seçiləcək. Daha sonra parlament üzvləri prezidenti 7 illiyə seçəcək. Prezident isə parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi blokun namizədini baş nazir təyin edəcək.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/528810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR