Ən fəal deputatlar kimlərdir?

Milli Məclisdə xalqı təmsil edən 125 millət vəkili var. Lakin bu deputatlardan bəziləri öz fəallığı ilə seçilir. Onlar Milli Məclisdə iclaslar zamanı aktiv iştirakla yanaşı, eyni zamanda media orqanlarında da bir sıra açıqlamalarla yadda qalır, baş vermiş hadisələrə reaksiyasız ötüb keçmirlər. Metbuat.az saytı olaraq xüsusi imzası ilə seçilən fikir adamlarından ən fəal hesab etdikləri millət vəkillərinin adlarını çəkmək istədik. Təəssüf doğuran hal o oldu ki, adları çəkilən deputatların sayı 20-dən çox deyildi...

"Parlamentdə susanların sayı, danışanların sayından qat-qat çoxdur".

Şair Aqşin Yenisey: Mətbuata doğma münasibətinə görə sözsüz ki, mənim siyahımda ilk yerdə Qənirə xanım Paşayevadır. Görünür, özü də mətbuat işçisi olduğu üçün bu məsələyə çox həssas yanaşır. Daha sonra Fazil Mustafanın mətbuatla işləməsi alqışlanmalıdır. Aqil Abbas mətbuata açıq olması ilə yanaşı, özü də "Ədalət" qəzetində vaxtaşırı yazılar yazır, bu çox gözəl nümunədir. Sahib Alıyevlə feyzbukda dostuq, onun da tez-tez yazılarına rast gəlirəm. Hər nə qədər ziddiyyətli danışsa da, Hadı Rəcəblini unutmaq mümkün deyil. Cəmiyyətin tənqidindən qorxmayan başqa bir neçə deputatımız da var, amma bu reallıqdır ki, parlamentdə susanların sayı, danışanların sayından qat-qat çoxdur.

APA TV-nin aparıcısı, jurnalist İlham Tumas: Mən Fazil Mustafanı, Zahid Orucu, Hikmət Babaoğlunu, Aydın Hüseynovu, Elman Nəsirovu, Musa Qasımlını, Əflatun Amaşovu xüsusi olaraq qeyd etməyi özümə borc bilirəm. Adları çəkilən millət vəkilləri mətbuatla həmişə təmasdadırlar və sağ olsunlar ki, suallarımızı, dəvətlərimizi cavabsız qoymurlar. Bu sırada təbii ki, Fazil İbrahimli və Qənirə Paşayevanın adı var.

Jurnalist Murad Köhnəqala: Məncə, Milli Məclisin ən aktiv deputatları Qənirə Paşayeva, Nizami Cəfərov, Aqil Abbas, Fazil Mustafayevdir. Əməllərində xeyirxahdırlar, yəni. Ancaq Hadı Rəcəbli kimi pis mənada fəallar da var.

A24.az saytının redaktoru, yazar Cəlil Cavanşir: Mənim daimi olaraq fəaliyyətini izlədiyim və razı qaldığım millət vəkilləri o qədər də çox deyil: Aqil Abbas, Fazil Mustafa, Qənirə Paşayeva. Digərlərinin fəaliyyəti diqqətimi çəkmir.

“Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı: Milli Məclis məni maraqlandırmır.

Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət: Milli Məclisdə mətbuatın problemlərini ən ardıcıl gündəmə gətirən şəxs Əflatun Amaşov oldu. İstər onlayn medianın maddi problemləri, istərsə hüquqi statusu mövzusunda dəfələrlə çıxışlar etdi. Bundan əlavə, media ombudsmanı mövzusunda səsləndirdiyi fikirlər də diqqətimi çəkdi. Bəzi hallarda Əflatun bəyin fikirləri ilə razılaşmasam da, hər halda Mətbuat Şurasının milli məclisdə təmsilçisi kimi bu sahənin problemlərini qabartmağa çalışmasını təqdir edirəm. Medianın, xüsusən də onlayn medianın problemləri çoxdur, amma Milli Məclisdə bu və ya digər şəkildə media ilə bağlı olan bir çox şəxslər olsa da, təəssüf ki, onların bu istiqamətdə heç bir aktivliyini sezmirəm.

Jurnalist Tural İsmayılov: Mən Yevda Abramov, Nizami Cəfərov, Fəzail İbrahimli, Bahar Muradova, Ziyafət Əsgərovun adlarını qeyd etmək istəyirəm. Media və onu izləyənlərlə ünsiyyətdən qaçmayanların önündə Sahib Alıyev dayanır. Ümumiyyətlə, media həm də seçici ilə təmasın digər bir vasitəsidir.

"ATV" kanalının aparıcısı Raqif Raufoğlu: Telefonuma şəxsən cavab verən millət vəkilləri Musa Qasımlı, Fuad Muradov, Zahid Orucdur.

Hətta Musa müəllim deyir ki, "evə zəng et, konturun getməsin"...

Faktor.az saytının baş redaktoru Əziz Əlibəyli: Zahid Oruc Elman Nəsirov, Adil Əliyev, Aqil Abbas, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Vahid Əhmədov, Əli Məsimli.

Axar.az saytının redaktoru Aqşin Evrən: Rastıma çıxanlar bunlardır: Zahid Oruc, Fazil Mustafa, Qənirə Paşayeva. O gün olsun və lazım gəlsin, deputat Zeynəb Xanlarova da onu bu yerlərə çatdıran xalqına yaxın olsun.

Bahadur Seyidov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR