Millimizin son dünya çempionuna qarşı möcüzə axtarışı

Millimizin son dünya çempionuna qarşı möcüzə axtarışı
11:42 25 Mart 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandamızın rəqibi yer aldığımız C qrupunun lideri Almaniya yığması olacaq.

İlk 4 görüşdə rəqiblərinə heç bir şans verməyən Bundestim Bakıya da 3 xal dalınca gəlib. Cari seçmə mərhələdə qapısında qol görməyən Yoahim Lövün komandası görüşə tam ideal heyətlə hazırlaşa bilməsə də, rəqib cütün aşkar favoritidi. Aktivindəki 7 xalla 2-3-cü yerləri bölüşən yığmamız isə doğma azarkeşləri önündə möcüzə axtarışında olacaq. Robert Prosineçkinin yetirmələrinin bu matçda qazanacağı 1 xal belə, böyük uğur sayılacaq.
 
Bu, komandamızın son dünya çempionu ilə 5-ci dueli olacaq. Yığmamız DÇ-2010 və AÇ-2012-nin seçmə mərhələsində də almanlara rəqib olmuşdu. Millimiz Berti Foqtsun rəhbərliyi altında keçirdiyi 4 qarşılaşmanın hamısında meydanı məğlub tərk edib. Almaniyadakı hər iki qarşılaşmada rahat qələbə qazanan (4:0, 6:1) Bundestim Bakıdakı görüşlərdə 2 top fərqli qalibiyyətə sevinib (2:0, 3:1).
 
Azərbaycan millisi ümumilikdə 229-cu oyununa çıxacaq. Komandamız 25 il ərzində keçirdiyi 228 oyunun 43-də qələbə qazanıb, 62-də rəqibləri ilə bərabərə qalıb. Hesabında 123 məğlubiyyət olan millimiz bu matçlarda 162 dəfə rəqib qapılarına yol tapıbsa, özü 385 dəfə mərkəzə dəvət edilib. Dünya çempionatının seçmə mərhələlərində 53-cü görüşünə çıxacaq seçməmiz indiyə qədər 6 qələbə qazanıb, 14 heç-heçəyə sevinib. Bakıdakı matçadək 32 məğlubiyyət acısı yaşayan futbolçularımız 21 qol vurub, 89-nu buraxıblar.
 
Bundestimlə görüş xorvatiyalı baş məşqçi Robert Prosineçkinin millimizdə 18-ci sınağı olacaq. 5 qələbə və 6 heç-heçəyə sevinən Prosineçki 6 dəfə məğlubiyyət acısı yaşayıb. Millimiz top fərqində mütəxəssisi məyus edib - 14:22. Ev oyunu isə xorvatiyalının seçmə mərhələlərdə 11-ci sınağıdı. Əvvəlki 10 oyunda 3 qələbə və 4 heç-heçəsi olan komandamız 3 dəfə uduzub. Həmin görüşlərdə 7 qol vuran futbolçularımız 11 dəfə məyus olublar.
 
AFFA-nın 25 illik yubileyi günü meydana çıxacaq Azərbaycan yığması üçün martın 26-sı heç də düşərli gün deyil. Belə ki, komandamız tarixi ərzində 26 martda keçirdiyi 5 qarşılaşmanın hamısında məğlubiyyətə düçar olub. Portuqaliya (0:7) və Polşa (0:8) biabırçılıqları da məhz bu tarixə təsadüf edir.
 
Bütün bunlara baxmayaraq, Robert Prosineçkinin gəlişindən sonra yüksəlişə keçən, hətta qrup ikinciliyinə iddia edən futbolçularımızdan azarkeşlər sabah güclü rəqibə qarşı layiqli oyun gözləyir. "Futbolda hər şey mümkündü" fikrini əsas tutaraq, komandamızın möcüzəni həyata keçirəcəyinə ümid edirik.
 
DÇ-2018-in seçmə mərhələsi
C qrupu
 
26 mart
21:00. Azərbaycan - Almaniya
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandı)
Komissar: Adrian İksari (Moldova)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR