Hər birimiz köhnə Azərbaycan filmlərini sevirik və
dəfələrlə həmin filmlərə baxsaq da, onlardan doymuruq. Bunlardan
biri də uşaqların sevimli kinosu olan "Sehirli xalat"
filmidir.
Bu film həm də ona görə unikaldır ki, "Sehirli xalat" filmi uşaq
kinosu olmasına baxmayaraq, orada 15-ə yaxın Azərbaycanın tanınmış
aktyoru iştirak edib. Onların içərisində Möhsün Sənani, Əliağa
Ağayev, İsmayıl Osmanlı, Ağahüseyn Cavadov, A.Falkoviç və s.
tanınmış aktyorlar olub.
Bu Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinə nə dərəcədə
böyük marağın və ciddi yanaşmanın olduğunu göstərir. Həmin filmdə
görkəmli aktyorlarla yanaşı, sonradan aktyorluq sənətini davam
etdirməyən şəxslər də iştirak ediblər. Onlardan biri də Arif
obrazını canlandıran Nazim Mustafayevdir. Anspress
həmin obrazı ifa edən Nazim Mustafayevlə bəzi məqamlara aydınlıq
gətirib.
N.Mustafayev deyir ki, faktiki olaraq "Sehirli xalat" filmində ilk
dəfədir ki, indiki planşetlərdən bəhs olunub.
"Yadınızdadırsa, gələcəyə düşən Rəşid o zamankı uşaqların kitabları
ilə maraqlanıb. O, kitabların birini açır və təəccüblə soruşur:
"Siz mənə nə verdiniz? Bu ki dəftərdir? Burada heç nə yazılmayıb".
Uşaqların biri həmin kitabın üzərindən əlini keçirəndən sonra, onun
üstündə yazı əmələ gəlir. Razılaşaq ki, həmin kitab indiki
planşetlərə çox bənzəyir. Ondan sonra Rəşidə təklif edirlər ki, öz
dostları ilə televiziyafon vasitəsilə əlaqə yaratsın. O zaman Rəşid
buna çox təəccüblənir".
Doğrudan da, filmin çəkildiyi 1964-cü ildə buna təəccüblənməmək
mümkün deyildi. Lakin müasir dövrümüzdə "Skayp", "Facebook" kimi
sosial şəbəkələrlə canlı danışmaq buna oxşayır.
Qeyd edək ki, gələcək zamana səyahət edən Rəşid uşaqlara sarayın
fonunda şəkil çəkməyi təklif edir. Bu zaman Rəşid "Qoyun arxanızda
bu təzə saray görünsün". - deyir. Uşaqlardan biri isə ona "Bunun
harası təzədir? O, 2001-ci ildə tikilib", - deyə cavab verib.
Nazir Mustafayev həmin filmin çəkilişindən uzun müddət keçməsinə
baxmayaraq, hələ də, həmin xatirələri unutmadığını deyir.
"Artıq 2014-cü ildir. Filmin 50 yaşı tamam olacaq. Ona görə də bu
filmə keçmişdə qalan gələcək kimi baxmaq olar", - deyə N.Mustafayev
bildirib.
"Nəyə görə sonradan aktyor sənətinə davam etmədiniz?" - sualına
cavab verərkən Nazim Mustafayev gülümsündü.
"Deyirsiniz ki, mən hər il, bir film çəkiləndə, sinifdə qalaydım?
Film çəkilən ili mən 6-cı sinifdə oxuyurdum. Mən dərsdən çıxırdım
və qaçırdım kinostudiyaya. Dərslərimi öyrənməyə vaxt tapmırdım", -
deyə Nazim Mustafayev vurğulayıb. (milli.az)