İnsanımız xürafata meyllidir, həm də çox meyllidir, həqiqəti olduğu kimi qəbul eləmək əvəzinə, onu dəyişdirməyə, öz maraqlarına uyğun hala gətirməyə çalışır. Bu söyləyəcəyim, ola bilsin ki, kimlərəsə gülməli gəldi, amma nə qədər gülməli görünsə də o qədər ağırdır, üzücüdür. Söhbət əsnasında biri o birini inandırmaq üçün dediyinin əvvəlinə bir "Vallah" yapışdırır, qarşı tərəf də deyir ki, "o Vallahı-Billahı" bir tərəfə qoy, denən "sən öl" inanım. Bu da bir qədər duruxur və axır ki, dillənir:
- Yox, qardaş, mən yalan yerə sənə "sən öl" vura bilmərəm.
Elə bilirsiniz ki, bu zehniyyətin sahibləri aramızda azdır? Allah eləyə ki, beləsi heç olmaya, amma nə yazıq ki, var. Həm də nə yazıq ki, sayları bizim düşündüyümüzdən də çoxdur.
Ağıl kimi misilsiz bir nemətdən faydalanmaq, gördüyünü ağıl sücgəcindən keçirdikdən sonra qəbul etmək bizim insanlıq borcumuzdur. Sizə bir misal danışım. Göy üzünə Günəşi asan Allah bizim alnımızın alt tərəfinə də iki göz yerləşdirib ki, o gözlərlə Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Günəş işığında dünyanı və dünyadakıları görək. İndi təsəvvür edin ki, Günəş yoxdur, yaxud da siz elə bir zülmət yerə salınmısınız ki, orda zərrə qədər də işıq yoxdur, gözlərinizin nə faydası? Yaxud da əksinə, Günəş başınızın üstündə hər tərəfi işıqlandırır, amma sizin gözləriniz yoxdur, Günəşdən sizə nə fayda? Bir daha o həqiqəti xatırlatmaq istəyirəm ki, göylərə Günəşi asan Allah bizə də gözləri verib ki, onun işığında görək. İndi gələk mətləb üstünə. Bizə ağıl verən Allah, üstümüzə də Quranı göndərib ki, alıb qoyaq ağlımızın üstünə və hər şeyi Onun işığında tanıyaq, bilək. Amma nə yazıq ki, bir çoxları ağlı Allahın kitabından deyil, şeytanın dəftərindən oxuyurlar.
Bir vaxtlar Allah-Taala Peyğəmbərlər göndərərdi. Peyğəmbərlər insanları Allahı tanımağa, Onun yolunu tutmağa dəvət edərdilər. Allah-Taala göndərdiyi peyğəmbərləri dəstəkləmək, söylədiklərinin doğru olduğunu nümayiş etdirmək üçün onlara möcüzələr verərdi. Yəni Peyğəmbər nə istəsəydi, Allah-Taala onun istədiyi mənzərəni bir andaca meydana çıxarardı. Görənlərdən də kimisi təslim olub haqq yoluna gələrdi, İslamla şərəflənərdi, kimisi də öz inadına sarılıb cəhənnəmə yönələrdi.
Dünyanın sonlarına doğru insanların təsəvvürünü qarışdıran, düşüncələrini alt-üst edən mənzərələr meydana çıxacaq. Elə mənzərələr görünəcək ki, imanı zəif adamlar tərəddüdə düşəcəklər. Əgər insanın imanı zəifdirsə, bir falçının söylədiyindən, ya bir ovsunçunun hansısa gözbağlamasından təsir altına düşüb tərəddüd edəcəksə, əlləri o kəndirdən boşalacaq və sıratı-müstəqimdən düşürmüş kimi boşluğa uçacaq. Gözün nə görür-görsün, qulağın nə eşidir-eşitsin, gerçək olan tək mənbə Allah-Taalanın kitabıdır. Əgər bir kafir bir insanı öldürüb onu yenidən diriltsə belə, ömrü boyu Allaha doğru yönəlməyən, iki rükət namaz qılmayan, haqqı batildən ayıra bilməyən birisi quş kimi qanad açıb göylərdə süzsə belə, "nə əhəmiyyəti var?" deyib keçmək ən doğrusudur. İslam terminologiyasında "istidrac" adlı bir anlayış var, yəni bəzən Allah-Taala heç layiq olmayan birinə hər cür dünya neməti verir, onun dünyadakı dərəcələrini yüksəldir. Bu da hər şeyi özündən bildiyi için getdikcə azğınlaşır, daha da vəhşiləşir, amma bircə dəfə də oturub düşünmür ki, bunları mənə Allah verib. Dünya nə fironlar gördü, nə nəmrudlar yola saldı! Dediyimiz odur ki, sən insanın həyatına bax, əməllərinə bax, insanlara münasibətinə bax, dürüst, ədalətli olub-olmamasına bax... və bunlara görə ona qiymət ver. Yoxsa göylərdə sizsə belə, su üstündə yerisə belə, əhəmiyyət vermə, dönüb baxma belə. Çünki biz suda yeriməkdən, göydə uçmaqdan məsul deyilik, doğru-düzgün, xeyirli insan olmaqdan məsuluq.
Bundan sonra daha Peyğəmbər gəlməyəcək. Möcüzə də görünməyəcək. Amma dünyada qiyamətə qədər sönməyən əbədi bir möcüzə var: Qurani-Kərim. Ömrünü bu İlahi kitabın işığında quran, göstərdiyi yolu tutan üçün, əlbəttə, heç bir zaval, fəlakət yoxdur. Qurani-Kərim haqqında "Həblül-Mətin" ifadəsi işlədilir, yəni möhkəm, qopmayan, qırılmayan, etibarlı ip. Allah-Taala o "Həblül-Mətin"i, yəni Qurani-Kərimi Yer üzünə endirib ki, möminlər ona sarılaraq cəhənnəm uçurumuna düşməkdən qurtarsınlar. Ona sarılana zaval yoxdur.
İmanına şübhə qarışdırmadan bütün ruhunla o ipə sarılacaqsan, tərəddüdü bir an da olsun ruhuna yaxın buraxmayacaqsan. Əslində bu dediklərimizin olacağı haqqında bəzi bilgilər də yox deyil. Yəni bir zamanlar Allah-Taala öz düşmənlərinə də bəzi qabiliyyətləri verəcək, görünür bu da möminlərin bir sınağıdır. Allah-Taala Ona inananları sınağa çəkir ki, kim Ona iman etməkdə yəqinlik səviyyəsindədir, kim tərəddüddədir, hər şey ortaya çıxsın və hər kəs özünə şahid olsun. Elə bil ki, bir vaxtlar Peyğəmbərin diləyi ilə möcüzə göstərən Allah indi də əksi ilə insanları sınağa çəkir. Yəni bu qədər keçdikdən sonra, Peyğəmbərin həyatı ortada ikən, Qurani-Kərim kimi bir nur, işıq başının üstündə ikən sən hələ də öz yolunu seçməmisənsə, hələ də tərəddüd içindəsənsə, hələ də gözün başqa qapılardan mədət umursa, yazıqlar olsun, yazıqlar olsun, yazıqlar olsun...
İbrət dünyası
"Təbbət" surəsinin hikməti
Bir keşiş dönüb müsəlman olur. Səbəbini soruşurular, cavabı hər kəs üçün çox düşündürücü və ibrətli olur:
- Mən "Təbbət" surəsi ilə tanış olandan sonra İslamda zərrə qədər yalan, boşluq olmadığını, bu dinin Haqq dini olduğunu anladım və həyatımın ən xeyirli addımını ataraq İslamla şərəfləndim. "Təbbət" surəsində Əbu Ləhəb və onun qadınının aqibətinin ağır olacağı, onların cəhənnəm oduna atılacağı bildirilir. Qəribədir ki, surə nazil olan zaman Əbu Ləhəb də, qadını da həyatdadır. Əbu Ləhəb də, qadını da onların haqqında surədə nələr deyildiyini bildilər, yəni bir növ gələcək aqibətləri onlara xəbər verildi, amma nə qədər ibrətlidir ki, nə özü, nə də qadını bu surədən sonra 15 il yaşasalar da öz yollarını dəyişməyə, onlara irəlicədən xəbər verilən o dəhşətli aqibətdən qurtarmağa cəhd eləmədilər. Anladım ki, surəni endirən Allah bu hikmətlə bütün insanlara bir ibrət dərsi verməyi murad etmişdir. Mən də "Təbbət" surəsindən və Əbu Ləhəbin aqibətindən özüm üçün gərəkli dərsi aldım.
Bir dua
Ey sevimli Peyğəmbəri Salehin duasıyla qayadan dəvə çıxaran Allahım,
Ey "Dostum" dediyi İbrahimə cəhənnəm atəşi kimi tonqalı gülüstana çevirən Sonsuz Qüdrət Sahibim,
Ey Yusifi quyudan çıxarıb, Misirə sultan edən Sultanım,
Ey dəryanı ortadan ayırıb Musanı və qövmünü məhbəsdən azadlığa çıxaran Rəbbim,
Ey "Həbibim" dediyi Həzrəti-Məhəmmədin əli ilə dünyanı zülmətdən nura çıxaran Sonsuz Nur Sahibi,
Hər qaranlığın ardına bir aydınlıq, hər gecənin sonuna günəşli bir gündüz, səbirlə yaşanan hər müsibətin sonuna da bir mükafat, bir sevinc yazmısan. Mənim üçün Sənin razılığından, yəni Sənin məndən xoşnud olmağından böyük heç bir mükafat, heç bir sevinc yoxdur və ola da bilməz.
Əsma ül-Hüsnan eşqinə, sevgili peyğəmbərlərinin üzü hörmətinə məni də salehlar arasına, Sənin rizana qovuşanlar sırasına yaz! Amin! amin! amin! Əlhamdulillahir Rabbil Aləmin!
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində