Odessanın kralı serialda - FOTO/VİDEO

Odessanın kralı serialda - FOTO/VİDEO
11:13 26 Mart 2017
Ölkə mətbuatı
A- A+

Yapon olmaq istəyən odessalı kövrək cinayət filmində başqa çalarda görünür. Filmin sonunda tamam unudursan ki, ümumiyyətlə, qəhrəman cinayətkar idi, yoxsa xoş əməllər sahibi. Bura Odessadır və burada hər şey olur.

Qara dənizin mirvarisi Odessa öz cinayətləri ilə, özü də gurultulu cinayətləri ilə həmişə yadda qalıb və bu cinayətlərin kralları olub. Bu kralların biri də Mişka Yaponçik idi.

Rusiyanın birinci kanalı ənənəsinə sadiq qalaraq müxtəlif qəhrəmanlara müraciət edib, onların həyatı haqqında seriallar çəkib. Bu dəfəki qəhrəman məhz Mişka Yaponçik oldu.

Mişka Yaponçik cinayət aləmində də, siyasi aləmdə də çox ziddiyyətli bir şəxsiyyət idi və ona görə də onun həyatı haqqında çoxlu miflər gəzirdi, çoxlu fikirlər söylənilirdi, çoxlu təsdiqini tapmayan, qeyri-dəqiq məlumatlar vardı və təbii ki, onun haqqında məlumat almaq, danışmaq, film çəkmək bütün rejissorlar üçün maraqlı idi.

O cümlədən, birinci kanalın yaradıcı heyəti bu məsələdə önə düşdü və məşhur Mişka Yaponçikin həyatını ekranlaşdırdı. Filmin adı belədir: “Mişka Yaponçik: həyatı və macəraları". Filmin bəxti birinci növbədə ona görə gətirmədi ki, o, Odessa folkloruna müraciət edən birinci film olmamışdı, çünki ondan qabaq “Ləğv” serialı artıq ekranlara çıxmışdı.

Bir şəhərin serial taleyi - Ana-bacı Odessa -FOTO\VİDEO

Hadisələr müharibədən sonrakı Odessada baş versə də, havada müharibə qoxusu duyulur.

Biz diqqətlə baxsaq görərik ki, həmin məhəllə “Ləğv” filmində olan məhəllədir. Həmin ikinci mərtəbə, həmin pilləkən, həmin qəhrəmanlar - ora-bura gedən ukraynalı Qali və yaxud da orada olan yəhudilər, müdriklər, eyni obrazlar, eyni prototiplər o filmdə öz əksini tapır. Bu mənada, Mişka Yaponçikin həyatı haqqında serial müəyyən mənada uduzur. Çünki bundan əvvəl tamaşaçı oxşar mənzərənin şahidi olub, oxşarlığı görüb. Həmin - yəhudilərin sıx yaşadığı Moldovanka deyilən məhəllə - Odessanın məşhur məhəlləsi burada öz koloritini qoruyub saxlayır. Amma yenə dediyimiz kimi, əvvəlki filmlərdə bu göründüyü üçün bir qədər yeni deyil, tamaşaçı üçün bir növ təkrara bənzəyir.

Aktyor heyətinə gəldikdə, demək lazımdır ki, yaradıcı heyət xeyli uğurlu seçim edib. Biz burada Yuri Kalatuk, Oleq Şkolnik, İlik Takarçuk, Yekaterina Rubaşkina, Aleksandr Karpovu və digər olduqca maraqlı aktyor ansamblının ifasını görürük. Bu aktyorlar artıq necə illər Rusiya televiziyasında çəkilən filmlərdə öz izlərini qoyublar, eyni zamanda, teatr sahəsində də onların çox böyük uğurları vardır.

Ümumilikdə götürəndə rejissor Odessanın, o gözəl Qara dənizin mirvarisi olan, “Ana-bacı” dediyimiz, xüsusi bir adla çağırdığımız Moldovanka məhəlləsinin mənzərəsini tamamilə gözəlliklə, incəliklə yarada bilmişdir.

Serialı xilas edən cəhətlərdən biri də əslində, baş qəhrəmandır ki, onun haqqında sonsuz sayda miflər gəzib, sonsuz sayda fikirlər səslənib, sənədli, bir qədər bədii əsərlər yazılıb. Müəlliflər burada bir qədər maraqlı yol tutublar, onlar avtobioqrafik iddia irəli sürmədən sadəcə olaraq ümumiləşmiş bir obraz yaratmaq fikrində olduqlarını bildiriblər. Burada onlara Moldovankada yaşayan Babelin xatirələri kömək olub. Məhz onun xatirələrinə əsaslanaraq bunu çəkiblər. Bu isə bir növ serialı və serialın baş qəhrəmanının həyatını tənqidlərdən sığortalayır.

Serialın əsas qayəsində duran çox maraqlı bir fikir var: inqilab baş verib, çar gedib, həbsxanada olanlar həbsdən çıxarılıb və artıq azadlıq elan olunub. Odessada azadlıq deyil, əslində anarxiya hökm sürür. Faktiki olaraq sovet, hakimiyyəti şəhəri idarə edə bilmir, gündə bir hakimiyyət dəyişir və bu vaxtı Mişka Yaponçik özünü kral elan edir. O düşünür ki, məhz cinayət aləmi Odessasını idarə etməlidir. O, hakimiyyəti ələ almalıdır, artıq siyasi iddiaları gəlir.

Filmin yaradıcı heyəti inqilabdan sonrakı Odessanın ictimai-siyasi mühitini, eyni zamanda, iqtisadi vəziyyətini olduqca ustalıqla verib, çünki varlı olan şəhərin birdən-birə ağır vəziyyətə düşməsi, siyasi cəhətdən bir çox təbəddülatların baş verməsi, siyasi çaxnaşmalar və bütün bunların içərisində Mişkanın bir qəhrəman kimi hərəkət etmək cəhdi olduqca maraqlı alınıb və hesab edirəm ki yaradıcı heyət burada çox ustalıqla, incəliklə işləyib və müəllifin əsas fikrini çatdırmağa təbii ki, aktyorların da gücü çatıb.

Qeyd etməliyik ki, təkcə siyasi aləmdə xaos yox, cinayət aləmində də xaos vardı və Mişka Yaponçik həm də cinayət aləmində bu xaosu aradan qaldırmağa cəhd edir. Bu mənada, onun rejissor tərəfindən və aktyorun ustalıqla ifasında biz o mərdliyi, cəsarəti, böyük bir məsuliyyətin altına girməyi hiss edirik və bunları filmin uğuru hesab etmək olar.

Maraqlısı odur ki, film ümumiyyətlə çox rəngli və koloritli alınıb. Biz Odessanın əsl rəngini görürük, dəniz mirvarisinin rəngini görürük. Odessa dənizsiz və limansız, liman mənzərələri olmadan necə Odessa ola bilər? Yaradıcı heyət çox böyük əziyyət çəkərək tamamilə geniş miqyaslı görüntünü yarada bilib. Biz burada balaca bir qəsəbənin yox, böyük bir liman şəhərinin şahidi oluruq. Burada rəssamın da işini xüsusi ilə qeyd etmək lazımdır. Həmçinin operatorun da işində maraqlı cəhətlər öz əksini tapıb, çox maraqlı kadrlar, komponovkalar var, işıq və rənglə də operator ustalıqla işləyib.

Biz ekranda əslində, çox seriyalı bədii filmin şahidi oluruq. Bu yerdə deməliyik ki, müəyyən mənada serial “Bir dəfə Amerikada” filminə çox bənzəyir. 4 dost uşaqlıq vaxtından dostluq edirlər. Bir təsadüf nəticəsində cinayətkara çevrilmək və erkən məhəbbət – bax, bu cəhətlər çox oxşayır. Bu mənada süjet oxşarlığını qeyd etməliyik. Çünki bu, açıq görünür. Serje Leoneninin məşhur filminin motivi Mişka Yaponçikin haqqında çəkildiyi filmin motivində də iştirak edir.

Filmin uğrusuz məqamlarından biri Qerj obrazıdır. Söhbət Qerj Mendeldən gedir. Onu böyük aktyor Valentin Qaft oynayır. Əslində, Qerj Odessanın oğru dünyasının əfsanəsi olub. O, bütün oğruların atası hesab olunurdu, bütün oğru dünyasını əlində saxlayırdı. Babelin məşhur hekayələrində onun bütün xarakterinin özəlliklərini görürük, cizgilərini hiss edirik. Amma çox təəssüf ki, həmin filmdə biz Qerjin özünü görə bilmədik. O Qerj alınmadı. Baxmayaraq ki, Valentin Qaft kifayət qədər böyük aktyordur, lakin onun ifası Qerjin oğru ustalığını çatdıra bilmədi. Yalnız final səhnəsində deməliyik ki, Valentin Qaft özünün faciəli fiquru, duruşu ilə şəxsiyyətin bütün gücünü göstərə bildi. Yalnız final səhnəsində biz istənilən nəticəni əldə edə bildik. Həqiqətən, Qaft bu final-intihar səhnəsini olduqca ustalıqla oynadı.

Filmin uğursuz ifalarından biz Mendeli, Odessanın qubernatoru Qrişin Almazovu (Lazarev) qeyd edə bilərik. Qrişin Almazovdan danışarkən Prototipindən fərqli olaraq biz şəxsiyyətsiz bir adamın, eyni zamanda obrazından xəbərsiz bir adamın ekranda canlandığını görürük. O, özünün zabit şərəfinə hörmət eləmir. O, Odesanın qubernatoru olduğunu sanki anlamır və bu mənada çox uduzur. Hesab edirik ki, rejissor bu aktyor seçimində də ciddi səhvə yol verib.

Osip Tora gəldikdə isə onu Sergey Marin oynayır. O da şəhərin xüsusi simalarından biri, yəni real həyatda olmuş adamlardan biri olub. Amma ssenaridə olan çatışmazlığı çatdırmaq aktyorun gücündə deyildi. Çünki ssenaridə bu məqamlar ümumiyyətlə, işlənilməmişdi, məşhur axtarış ustadının ssenaridə çox kiçik dərəcədə yer alması hərəkətsiz qalmasına gətirib çıxarır. Aktyor Sergey Marin nə qədər cəhd etsə də, ssenari buna imkan vermirdi.

Qəribəsi odur ki, burada birinci dərəcəli obrazları tanınmamış aktyorlar oynayır, amma onların mətnləri kifayət qədər gözəl mətnlərdir. İkinci dərəcəli obrazlara isə çox ustad aktyorlar dəvət olunub. Amma onların mətnləri çox zəifdir, sanki müəllif düşünürmüş ki, elə onlar öz ustalıqları ilə vəziyyətdən çıxacaqlar. Lakin ədəbi mətnin geridə qalması, zəif olması bu nəticəni ortalığa çıxardır ki, bu da filmin ümumi kompozisiyasının uğursuz alınmasına səbəbə oldu. Bu uğursuzluğun günahkarı təbii ki, ilk növbədə ssenari müəllifi hesab olunmalıdır.

Mişkanın sevgilisi, Tsilya obrazının ifaçısı bu obrazı çox mahircəsinə yaradır. Ümumiyyətlə, ssenari müəllifi Tsilyanın üzərində çox diqqətlə işləyib. Bütün serial boyunca biz Tsilyanın niyə Mişkanın yanında olduğu sualını veririk. Onun əslində, özü də bu sualı verir. O, onun yanında ümumiyyətlə, olmaq istəmir, onun oğru olduğunu başa düşür, ondan qaçmaq istəyir, özünün zadəganlığını, alicənablığını qətiyyən bu dünyaya dəyişmək istəmir. O, tamam başqa bir dünyanın adamıdır, amma ortada ürəkdən, qəribə, gözəl bir sevgi var. Əslində, onların arasında sevginin özü də gözəl bir mənzərədir. Bu mənzərə təkcə rejissor, ssenari müəllifinin mətni ilə yox, eyni zamanda, operatorun işi ilə də çatdırılır və hesab edirəm ki, bu məhəbbət səhnəsi olduqca ustalıqla yaradıla bilib. Ümumiyyətlə, məhəbbət səhnəsi bütün seriyalarda iştirak edir və çox incəliklə işlənilib çatdırılması ilə bərabər, filmin qayəsini təşkil edir.

Film boyu məhəbbətlə cinayətin çox qəribə qarışıqlığını görürük. Bir tərəfdə siyasi çaxnaşmalar, cinayətlər, xaos, cinayət aləminin çirkabı, digər tərəfdə isə məhəbbət, məhəbbətin gözəlliyi, məhəbbət üçün edilən qurbanlar, alınan hədiyyələr- bu, sevgi naminədir. Bu çox qəribə paralellər film boyu gedir və filmi unudulmaz edir, tamaşaçını filmdən ayrılmağa qoymur. Tamaşaçı təkcə çirkabın içinə düşmür, yada ki, təkcə məhəbbətin gözəlliyinin içinə düşmür. O, ikisinin paralelində yaşayır.

Mişka Yaponçik çox fərqli bir şəxsiyyətdir. O, kral olmaq istəyirdi. O, ilk dəfə oğru dünyasına “obşak” deyilən, yəni pulun hamısının bir yerə toplanması anlayışını gətirdi. O, ölümü qadağan etdi ki, oğurluq olar, amma ölüm olmaz. Ölümün əleyhinə çıxdı və siyasi intriqanın qurbanı oldu. Bu siyasi intriqanın siyasi cəhətdən kamil olmaması onu artıq bir neçə seriyadan sonra aldadır. Yaponçikin kasıblara, kimsəsizlərə olan xoş münasibəti onu o qədər sevdirir ki, biz onu qəhrəman kimi sevməyə başlayırıq və onun siyasi cəhətdən aldadılmasını heç cürə qəbul edə bilmirik. Burada digər məşhur oğru, amma artıq sovet hakimiyyətinə qoşulmuş və ona dəstək verən bir şəxsin – Katovskinin Yaponçikin ciddi rəqib olacağını bildiyi üçün onu arxadan vurması, Mişka Yaponçikin dəstə ilə Ağ qvardiyaçılara qarşı hücuma getməsi və körpünün üzərində ölümü və o ölüm səhnəsinin olduqca lirik alınması hesab edirəm ki, seriala çox tutarlılıq gətirdi. Əsl Odessa budur. Odessada cinayət də çox lirik baş verir. Odessada əslində, ölüm də, faciə də, sevgi də, sevincə də çox fərqli çalardadır, dəniz mirvarisinin rəngindədir. Bunlar adi rənglər deyil. Adi rənglər olsaydı bir çox rejissorlar öz gözəl işlərini Odessada çəkməzdilər.

Mişka Yaponçik serialı hesab edirik ki, kinematoqraf tarixinə düşməsə də, serial tarixində öz izini buraxan işlərdən biridir və yenidən Odessanın şərəfini qoruyan, dilini, koloritini yaşadan seriallardan biridir. Hər halda, vaxtınız olsa, bu seriala baxmağınızı tövsiyyə edərdim, çünki serialda peşəkar aktyor ifasının şahidi olacaqsınız, çox maraqlı süjet sizi gözləyir. Süjetin hamısını danışıb filmi maraqsız etmək istəmirəm, amma orada həqiqi cinayət hadisələri, həqiqi dedektiv və nəfəs kəsici cinayət hadisələri sizi gözləyir. Bütün bunların axarında bir sevgi əhvalatı, bir məhəbbət dastanı var və bir gözəllik var. Təbii ki, bir də gözəl Odessa var. Odessa bir cinayət şəhəridir, Odessa bir sevgi şəhəridir, Odessa gözəllik şəhəridir. Odessa, ümumiyyətlə, şəhərdir. Bu, şüar kimi bütün film boyu gedir və Odessanın gözəlliyini, ecazkarlığını bir daha təsdiq edir.

Hər halda, məncə, baxmağa, dəyər.

Elçin Əlibəyli










Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/192544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR