Qərb öz içindəki Putinin “dostunu” vurmağa hazırlaşır:
bu dəfə kütlələrin etirazı yox, qanlı sıyığın hazırlanması
ssenarisi seçiləcək.
Publika.az xəbər verir ki, Belarus prezidenti
Aleksandr Lukaşenko ABŞ və Almaniya fondlarının onu devirmək üçün
kisələrinin ağzını açdığını bəyan etdi. Bu açıqlama müxalifətin
martın 25-də təyin etdiyi mitinq öncəsi verilmişdi. Və hesab etmək
olardı ki, Lukaşenko mitinq öncəsi əhalini qorxutmaq gedişi edir.
Lakin deyəsən məsələ bu dəfə kifayət qədər ciddidir.
“Silahlı təxribatlar hazırlayan onlarla döyüşçü
saxlanılıb” – deyə Lukaşenko martın 21-də Mogilyovda
müəssisələrin birində əmək kollektivi ilə görüşdə bildirdi.
Qeyd etdi ki, ekstremistlər Bobruysk və Osipov bölgəsində hərbi
təlim keçiblər.
“Qalan düşərgələr Ukrayna, Litva, yaxud da Polşadadır. Bu
haqda iddia etməyəcəm, lakin haradasa oralarda yerləşir. Pul Polşa
və Litva vasitəsilə ötürülür”, - deyə o vurğuladı.
O, bundan öncə qeyd etmişdi ki, Ermənistandan Avropa Birliyi
ölkələrindən birinə getmiş və Belarusa gəlmiş təyyarədə şübhəli
radioaktiv yük və naməlum silahlı insanlar olub.
Müxalif politoloqlardan olan Aleksandr Feduta Lukaşenkonun fikrini
belə şərh etdi: “Bu, martın 25-nə təyin edilmiş mitinq
öncəsi əhalini qorxutmaq və etiraz aksiyasına güc tətbiqi etmək
hüququnu qazanmaq gedişidir”.
Belarus liderinin sözləri Vilnüs və Kiyev tərəfindən kəskin
reaksiyaya səbəb oldu. Litvanın xarici işlər naziri Linas Linkyaviç
bunu “barmaqdan sovrulmuş uydurmalar” adlandırdı. Ukraynanın
Minskdəki səfirliyi isə Lukaşenkonun çıxışını ukraynalıları təhqir
olaraq qiymətləndirdi.
Minsk daha sonra videogörüntülər yaydı. Videoda aydın görünür ki,
hansısa avtomobil sürətlə nəzarət buraxılış məntəqəsini keçir. Daha
sonra saxlanılan avtomobildə silahların tapılması kadrları görünür.
Dövlət Təhlükəsizlik Komitəsi gizlilik ənənələrinin əksinə olaraq,
bütün təfərrüatları açıqladı:
- Bu “Ağ legion” və “Yeni cəbhə” qruplaşmalarının
üzvləridir. Onlardan əldəqayırma partlayıcı qurğuların istehsalı
üçün predmet və maddələr, Kalaşnikov avtomatları, karabinlər,
tapançalar, patronlar, bıçaqlar, baltalar, şəhər şəraitində döyüş
əməliyyatının keçirilməsi üçün maddi yardımlar, hərbi geyimlər və
s. tapılıb.
Belarus xüsusi xidmət orqanları qeyd edirlər ki, qruplaşmanın
Ukrayna millətçi təşkilatının – UNA-UNSO- döyüşçüləri ilə əlaqələri
var. Bildirilir ki, onlar martın 25-də keçirilən mitinqdə təxribat
törədə bilərdilər və güman ki, Ukraynadan kömək gözləyirdilər.
Yəni, Lukaşenko bu dəfə illuziya danışmır, onun sözlərinin
arxasında konkret faktlar var: Və olduqca diqqət çəkən
məqamlardan biri odur ki, silahlı qruplaşmaların saxlanılması
fonunda müxalifətin təhdid bəyanatları səsləndi. Martın 25-də
Belarus müxalifəti təyin olunmuş mitinqi keçirtdi, polis qüvvələri
aksiyaya müdaxilə etdilər, müəyyən toqquşmalar və həbslər yaşandı.
Etiraz dalğası sakitləşdi. Lakin bu, heç də hər şeyin bitdiyi demək
deyil.
Müxalifətdə olan Belarus Milli Konqresinin lideri Nikolay Statkeviç
də belə deyir. O, hökumətin dəyişdirilməsi ilə nətiələnəcək
mitinqlərin baş verəcəyi haqda xəbərdarlıqlar edir. Qeyd edir ki,
ehtiyac olduğu halda etirazçılar paytaxt Minskin küçələrini tərk
etməyəcək və Kiyevdəki Maydan Belarusda da təkrarlanacaq.
Statkeviçin silahdaşı, “Avropa Belarusu” vətəndaş hərəkatının
koordinatoru Dmitri Bondarenko bildirib ki, həyacanlı vəziyyətdə
Lukaşenkonun postundan salınacağına əmindir.
Bu boş açıqlamalara oxşamır:
kütləvi aksiyalar üçün baza artıq formalaşıb. Belarusda fevraldan
başlayaraq, “müftəxorluq haqda dekret”ə (işləməyənlərin vergiyə
cəlb edilməsi-red) və iqtisadi vəziyyətə qarşı aksiyalar təkcə
paytaxtda deyil, bölgələrdə də keçirilir.
Bütün bunların fonunda Lukaşenkonun bəyanatları olduqca
həyəcanlıdır. Minsk anlamağa imkan verir ki, ölkədə hərbi vəziyyətə
bənzər vəziyyət elan etməyə hazırdır. Müxalifət isə hakimiyyətə
qarşı qətiyyətli hücuma keçmək niyyətindədir və öz tərəfdarlarını
toplayır.
Belaruslu politoloq Valeri Karbaleviç hesab edir ki, Lukaşenko üçün
hazırda qonşu dövlətlərlərlə münasibətlərdən daha çox, daxili
vəziyyət vacibdir: “Buna görə də o bəyanatında bəzi ölkələrin adını
açıq şəkildə açıqladı”.
Onun fikrincə, hakimiyyətin açıqlamaları və addımları təbliğat
xarakteri daşıyır və heç bir reallığa sığımır.
Rəsmi Minsk isə açıq şəkildə ölkədə qanlı sıyığın
hazırlanması və silahlı hücumların olacağını bəyan
edir.
MDB İnstitutunun direktor müavini Vladimir Jarixin Lukaşenkoya
inanmamağa əsas olmadığını deyir.
“Onun bəyanatları hüquq-mühafizə orqanlarının
əməliyyatlarına əsaslanıb. Buna inanmamaq üçün əsas yoxdur. Çünki
anoloji hadisələr Ukraynada da baş verirdi. Orada da xüsusi silahlı
dəstələr hazırlanırdı və bu dəstələr sonra Maydanda istifadə
edildi”, - deyə o vurğulayır.
Sürüdən geri qalan qurd
Politoloq hesab edir ki, Qərb Minskin zəif yerini tapdı: “Lukaşenko
öz müttəfiqi olan Rusiyaya qarşı sərt çıxışlar etdi və hətta
konkret adlar da çəkdi. Görünür, Qərb Lukaşenkonun tərəddüd
keçirtdiyini hiss etdi və anladı ki, Minskin ayağı altından torpaq
qaçır. Müxalifətin adi bir qanuna görə mitinqlərə çıxması təsadüfi
ola bilməz. Qərb vəziyyətdən istifadə edərək, hücuma keçir”.
Belarusda baş verənlər Ukraynada Maydan öncəsi vəziyyətlə xeyli
oxşardır: Bu, təsadüfdürmü?!.
Asif Nərimanlı