Hazırda Azərbaycanda saat neçədir?

Martın 26-da yay vaxtına keçidlə bağlı əksər ölkələrdə əqrəblər bir saat irəli çəkildi. Azərbaycanda isə yay vaxtına keçid ötən il ləğv edildiyi üçün (Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən) saatda heç bir dəyişiklik edilmədi. Lakin elektron resusrlarda həmin gün vaxt avtomatik olaraq bir saat irəli çəkildi. İş günü olmadığı üçün problem o qədər də hiss edilmədi.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, burada problem bizlikdir:

“Bu, beynəlxalq bir məsələdir. Dünyada qlobal resurslar var. Bu qlobal resurslarda yerli saatlardan da istifadə olunur. Qlobal resursların sahibləri təbii ki, yerli saatları ölkələrlə əlaqə yaratmaqla müəyyənləşdirmirlər. Bu gün dünyada “Apple”, “Google”, “Lenova”, “Microsoft” və s. kimi minlərlə nəhəng proqram istehsalçıları var. Onlar öz məhsullarını istehsal edən zaman lokal, yerli saatları da əlavə edirlər. Dünyada bununla bağlı oturuşmuş bir mərkəz var. Yəni, lokal saatların cəmləşdiyi bir nöqtə var. bütün bu yerli saatlarla bağlı informasiya bazası orada toplanır. Qlobal resusrların sahibləri saatlarla bağlı etalonu həmin mərkəzdən götürürlər. Hazırda Azərbaycanla bağlı orada yeni informasiya var. Lakin şirkətlər yeni informasiyanın qəbulunda o qədər də maraqlı deyil. Çünki qlobal şirkətlər üçün Azərbaycan kiçik bazardır. Onlar üçün Azərbaycan bazarının böyük bir əhəmiyyəti yoxdur. Ona görə də, məsələn, “x” ilə gedən sistem indi “y” edilmir”.

Belə bir sual yaranır. İndi biz nə edək?

Osman Gündüz əlavə etdi ki, hökümət bununla bağlı özü çalışmalıdır:

“Hesab edirəm ki, burada problem bizlikdir. Bizim saatlarla bağlı əsas səlahiyyət daşıyan qurum Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir. Müəyyən qədər Rabitə və Yüksək Texnologiyaları Nazirliyi də rol oynayır. Bu iki qurum birlikdə həmin şirkətlərlə işlər aparmalı. Eyni zamanda, bu şirkətlərin ölkəmizdə də nümayəndəlikləri var. Yaxşı olardı ki, adı çəkilən qurumlar həmin qlobal şirkətlərin Azərbaycan və regional nümayəndəliklərini toplayıb müzakirə etsinlər”.

Problemlə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xismətindən Metbuat.az-a bildirdilər ki, Azərbaycanın etalon vaxtı komitənin etalon bazasında saxlanılır. Etalon vaxt Nazirlər Kabinetinin qərarına uyğunlaşdırılıb. Azərbaycan Respubliksına ötürülən tezlik qərara uyğundur. Problem yalnız İT əməliyyat sistemləri ilə bağlıdır. Bu məsələyə Rabitə və Yüksək Texnologiyaları Nazirliyi cavabdehdir.

Problemlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, bununla bağlı hazırda nazirlikdə iclas gedir. İclasın nəticələri yaxın saatlarda media ilə bölüşüləcək.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR