Nazir: "İlk dəfə olaraq yerli vətəndaşlar da “Tax free”dən istifadə edəcəklər"

Nazir: "İlk dəfə olaraq yerli vətəndaşlar da “Tax free”dən istifadə edəcəklər"
13:27 27 Mart 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə keçiriləcək Ticarət festivalı - "Baku Shopping Festival"ı günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı "Tax free" (əlavə dəyər vergisinin qaytarılması) sistemindən yararlana biləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bunu nazir Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, Bakı Şopinq Festivalı nəinki xaricdən turist axınını təşkil etmək, eyni zamanda, daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır. Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da "Tax free" (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər ki, bu da dünya təcrübəsində bir ilkdir.

Ə.Qarayevin sözlərinə görə, festivala bir sıra qonşu ölkələrdə, eləcə də son dövrlər Azərbaycana böyük turist axınının müşahidə olunduğu Fars körfəzi ölkələrində maraq var.

Nazir əlavə edib ki, "Baku Shopping Festival" Qafqazda və Orta Asiyada ilk belə təcrübə kimi tarixə yazılacaq. O qeyd edib ki, Dünya Turizm Təşkilatının hesablamalarına görə, ticarət festivalları turist axınını 30 faizədək artırır. Ticarət turistlərin xərcləri sırasında əsas kateqoriyaya çevrilir, nəticə etibarilə birbaşa və iqtisadiyyatın digər sektorları ilə əlaqədə olaraq iqtisadiyatın vacib gəlir mənbəyinə çevrilir.

Ə.Qarayev bildirib ki, Bakı Şopinq Festivalının internet saytı - www.bakushopfest.com Azərbaycan, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərir. Bir ay ərzində şopinq festivalı həm xarici turistlərə, həm də yerli istehlakçılara əlverişli alış-veriş və müxtəlif maraqlı əyləncə imkanları təqdim edəcək, ölkəmizə gələn turistlərin sayını artıracaq, turizm, qonaqpərvərlik, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verəcək. Ticarət turizminin dünya miqyasında trendə çevrilməsi Azərbaycanın turizm imicini beynəlxalq turizm bazarında daha da möhkəmləndirəcək, turizm məhsullarının diversifikasiyasına gətirib çıxaracaq.

Ə.Qarayev bildirib ki, "Baku Shopping Festival"ı günlərində ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kino nümayişləri və s. təşkil ediləcək.

Festival müddətində paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Həmçinin müxtəlif dillərdə Çağrı mərkəzi (Call Center) turistlərin və əhalinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının sərəncamına veriləcək. Festivalda iştirakçı kimi qeydiyyatdan keçən mağazalar "Tax free" nişanı ilə fərqlənəcək. Sahibkarlar festivalda iştirakçı statusu almaqla öz məhsullarını paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər. Qeyd edək ki, "Baku Shopping Festival" ilə bağlı bütün təfərrüatlar, qeydiyyat qaydaları, festival günlərində turistlərə təqdim olunacaq tur-paketlər və s. barədə www.bakushopfest.com saytında ətraflı məlumat almaq olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/529373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR