Bədii gimnastika üzrə "Bahar Kuboku" yarışı keçiriləcək

Bədii gimnastika üzrə "Bahar Kuboku" yarışı keçiriləcək
14:12 27 Mart 2017
192 İdman
Ölkə mətbuatı
A- A+

Martın 28-də Sərhədçi İdman Olimpiya Mərkəzində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" İdman Klubunun bədii gimnastika üzrə "Bahar Kuboku" keçiriləcək.

Milli.Az bildirir ki, klubdan Trend-ə verilən məlumata görə, Azərbaycan Gimnastika Federasiyası ilə birgə keçiriləcək yarışda paytaxt və bölgələri təmsil edən klublardan ümumilikdə 160 gimnast bacarığını nümayiş etdirəcək. Kubokda "Gömrükçü" İK ilə yanaşı, "Ocaq Sport" İdman Klubu İctimai Birliyi, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Gənclər və İdman Nazirliyi nəzdində Respublika Kompleks İdman Məktəbi, "Şağan OİK", "Zirə" Mədəniyyət Mərkəzi, "Zabrat İK", Su İdman Sarayı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, "Zirvə International" İdman Klubu, Gəncə, Naftalan Sağlamlıq Mərkəzi, Sumqayıt Olimpiya İdman Kompleksi, Kürdəmir Olimpiya İdman Kompleksinin təmsilçiləri öz çıxışlarını nümayiş etdirəcəklər.

Yarışda 2007-2009-cu illər (balacalar), eləcə də 2010-2011-ci illər təvəllüdlü idmançılar alətsiz, halqa və topla çıxışların cəmində çoxnövçülükdə mübarizə aparacaqlar.

Eyni yaş kateqoriyasına daxil olan bədii gimnastlar, həmçinin xalçanı qrup hərəkətlərinin zərif naxışları ilə bəzəyəcəklər.

Fərdi proqram üzrə yarışlarda isə 2005-2006, 2002-2004-cü illər təvəllüdlü yeniyetmələr və 2001-ci ildən yuxarı təvəllüdlü böyükyaşlı gimnastlar çıxış edəcəklər. Onlar ip, halqa, top, gürz və lentlə hərəkətlər nümayiş etdirəcəklər.

"Bahar Kuboku" yarışı çərçivəsində "Gömrükçü" İdman Klubu tərəfindən qeyd olunan yaş qrupları üzrə komanda hesabında da mükafatlar təqdim ediləcək.

Yarışda "ən gənc gimnast", "ən texnikalı gimnast", "ən əzmkar gimnast" nominasiyaları üzrə qaliblər müəyyənləşəcək.

Hər yaş qrupunda "Miss Bahar" adlı kateqoriya üzrə fərqlənmiş gimnastlar diplomlar və hədiyyələrlə təltif olunacaqlar.

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən "Ədalət prinsiplərinə sadiq məşqçı", "Ədalət prinsiplərinə sadiq hakim", "Ədalət prinsiplərinə sadiq idmançı" nominasiyasında da xüsusi mükafatlar təqdim olunacaq.

Yarışın açılış mərasimində iştirakçılar tərəfindən maraqlı və rəngarəng çıxış proqramı da nümayiş etdiriləcək. Gimnastika həvəskarlarını aerobika və akrobatika idman növləri üzrə gimnastların ifasında əyləncəli nümunəvi çıxışlar da gözləyir.

Məlumat üçün bildirək ki, yarışın açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva iştirak edəcəklər.

Yarışların başlama vaxtı: 10:00
Açılış mərasimi: 11:30-12:00

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/529384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR