Bakının nəqliyyat sistemində ciddi dəyişiklik - Diqqətli olun, cərimələnə bilərsiniz

Bakının nəqliyyat sistemində ciddi dəyişiklik - Diqqətli olun, cərimələnə bilərsiniz
14:17 27 Mart 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Xüsusi hərəkət zolaqları çəkilən ərazilərdən istifadə edən minik avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, xüsusi hərəkət zolaqları çəkilən ərazilərdə nişanlar qoyulur: "Sürücülər yollarda olan digər nişanlar kimi o nişanın tələbinə uyğun olaraq da hərəkət etməlidirlər. Buna nəzarəti də Dövlət Yol Polisinin əməkdaşları həyata keçirirlər. Hər hansı nəqliyyat vasitəsi xüsusi hərəkət zolağına girə bilməz. Yalnız sərnişin avtobusları o zolağa girə bilər. Zərurət olacağı təqdirdə operativ nəqliyyat vasitələri də həmin zolaqdan istifadə edə bilər.

Qaydaları pozanlar isə 40 manata qədər cərimə oluna bilərlər. Eyni zamanda xüsusi hərəkət zolağının olduğu marşrut zolağı üzrə hərkət edən sərnişin avtobusları mütləq şəkildə həmin zolaqla hərəkət etməlidirlər. Və bu zolaqda hərəkət edərkən bir avtobus digər avtobusu keçə bilməz. Yəni zolaqdan çıxıb o biri avtobusu ötə bilməz. Əgər belə olarsa, bu hal verilmiş marşrut xəttindən çıxma sayılır və sürücü 40 manat cərimə olunur.

Bundan əlavə, hər hansı avtobus sürücüsü başqa xətt üzrə hərəkət edib təsadüfən həmin zolağa daxil olubsa, həmin xüsusi hərəkət zolağına girə bilməz. Xüsusi hərəkət zolağından yalnız həmin zolaqdan keçən sərnişin avtobusları hərəkət edə bilərlər".

M. Ağayev qeyd edib ki, ilkin mərhələdə 9 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının çəkilməsi müəyyənləşdirilib: "Artıq Yusif Səfərov və Məhəmməd Füzuli küçələrində xüsusi hərəkət zolağı çəkilib və hazırda nişanlanma işləri aparılır. Digər küçə və prospektlərdə mərhələli şəkildə proseslər davam edəcək. Biz müvafiq dövlət qurumları ilə birgə hansı küçələrdə buna zərurət varsa, orada da işləri həyata keçirəcəyik.

Qeyd edim ki, bu zolaqlar üç və daha artıq hərəkət zolağı olan küçələrdə çəkilir. Çünki iki hərəkət zolağı olan küçədə onun çəkilməsi artıq sıxlıq yarada bilər. Nəqliyyat Agentliyi olaraq bu fikirdəyik ki, şəhərdə bu tip nəqliyyat zolaqlarının olması mütləqdir. Bu marşrut şəbəkəsindən istifadəni stimullaşdırır. İctimai nəqliyyatdan istifadə artarsa, bu şəhərin tıxac probleminin həllinə də kömək edə bilər. Avtobus tıxacda qalmadığı təqdirdə isə, əhali sərnişin avtobuslarından daha çox istifadə edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR