Azərbaycan və Özbəkistan yükdaşımalarla bağlı memorandum imzaladı - FOTO

Azərbaycan və Özbəkistan yükdaşımalarla bağlı memorandum imzaladı - FOTO
20:12 27 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Özbəkistan Dəmir Yolları" ASC arasında üçtərəfli görüş keçirilib.

Milli.Az bildirir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Özbəkistan ərazisindən əlavə həcmdə tranzit və idxal-ixrac daşımalarının cəlbində maraqlı olduqlarını ifadə ediblər. Aparılan müzakirələrin nəticəsində tərəflər arasında üçtərəfli memorandum imzalanıb.

Hər iki ölkənin nümayəndələri həm Avropa, həm də Orta Asiya və Əfqanıstan istiqamətində yükdaşımaların həyata keçirilməsində özlərinin mövcud nəqliyyat infrastrukturundan yararlanmağın vacibliyini diqqətə çatdırıblar. "Özbəkistan Dəmir Yolları" ASC qeyd olunan dəhlizin məhsul idxalı və ixracı üçün geniş imkanlar açacağını vurğulayıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bu istiqamətdə daşınan yüklər üçün Gəmiçiliyin su nəqliyyatı vasitələrini ayırmağa hazır olduğunu bildirib. "Azərbaycan Dəmir Yollar" QSC isə öz növbəsində hər iki istiqamətdə daşımalar üçün optimal şərait yaradacağını öhdəsinə götürüb. Sənədə görə, tərəflər marşrut üzrə daşınacaq potensial yükləri də müəyyənləşdiriblər.

Tərəflər marşrutun inkişafını təmin etmək üçün daimi fəaliyyət göstərən işçi qrupu yaradacaqlar. Qrupun əsas vəzifəsi yük bazarını hərtərəfli araşdırmaq, daşınma texnologiyasını öyrənmək, marketinq strategiyası hazırlayıb reallaşdırmaq, alternativ marşrutlar və nəqliyyat vasitələri ilə bazara rəqabətədavamlı logistik məhsul çıxarmaqdan ibarətdir.

Logistik məhsulun təşviqi məqsədi ilə isə "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Özbəkistan Dəmir Yolları" ASC, həmçinin bu ölkənin aparıcı idxalçıları və ixracatçılarının iştirakı ilə aprelin 26-27-də Daşkənddə tədbir keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/529568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR