Sosial mediada tənqidlərə məruz qalan müsəlman qadın səssizliyini pozdu:

Londonda baş verən terror aktından sonra sosial mediada yayılan bir foto Avropada islamofobiyanın necə geniş yayıldığını gözlər önünə sərmişdi. Belə ki, Vestminster körpüsündə yaralı insanların yanından keçən başörtülü qadının görüntüsü söz-söhbətlərə səbəb olmuşdu.

"Twitter"də "Texas Lone Star" adlı istifadəçi həmin fotonu paylaşaraq yazmışdı: "Müsəlman qadın terror aktına məhəl qoymadan, telefonunu yoxlaya-yoxlaya ölü adamın yanından keçir".

O, həmçinin "İslam dini qadağan olsun" anlamına gələn #BanIslam etiketindən istifadə etmişdi.

Fotonun arxasındakı həqiqət sonradan ortaya çıxmışdı. Şəkli çəkən Ceymi Lorrimən, yazılanların əksinə, həmin an sözügedən qadının şokda olduğunu bildirmişdi:

"Şokda idi, üzü ağappaq idi. Şəkildə gördükləriniz terror aktına birbaşa şahidlik edən insanlardır.

Digər fotolarda onun üzündəki şok ifadəsini görmək mümkündür".

Metbuat.az-ın məlumatına görə, nəhayət adının açıqlanmasını istəməyən başörtülü qadın da olanlara münasibət bildirib. O, "Mirror"a açıqlamasında bunları deyib:

"Həm terror aktına şahidlik etdim, həm də irqçilərin linçinə məruz qaldım. Özümü pis hiss edirəm".

Əvvəlcə hadisə qurbanlarına yardım etdiyini bildirən qadın daha sonra sağ olduğu barədə ailəsini xəbərdar etmək məqsədilə telefonundan istifadə edib. Sosial mediada müzakirə mövzusuna çevrilən məlum foto da məhz o zaman çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR