Bu gündən Gürcüstan vətəndaşları Avropaya vizasız səfər edəcəklər

Martın 28-dən etibarən Gürcüstan vətəndaşları Avropaya vizasız gedib-gələcəklər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu dəqiqələrdə Tiflis şəhərinin sakinləri və ətraf rayonlardan gələn Gürcüstan vətəndaşları, həmçinin etnik azlıq nümayəndələri, o cümlədən soydaşlarımız Aİ ilə vizanın liberallaşdırılmasının qüvvəyə minməsi ilə bağlı Tiflisdə təşkil olunan Qala konsertdə iştirak edirlər.

Baş nazir Giorgi Kvirikaşvili Qala konsert keçirilən tədbirdə canlı yayıma çıxaraq vizanın ləğv olunması münasibətilə Gürcüstan vətəndaşlarını təbrik edib. Ötən gün Tiflisin küçələrində müxtəlif rəqs və mahnı qruplarının konserti də keçirilib.

Gürcüstan Barışıq və Vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı APA-ya açıqlamasında deyib ki, Gürcüstanın növbəti məqsədi Avropa Birliyinə üzv olmaqdır: “Gürcüstanda demokratiya dəyərlərinin qorunması, üzərimizə götürdüyümüz islahatların, öhdəliklərin düzgün həyata keçirilməsi öz bəhrəsini verib. Bu, bütün Gürcüstanın sevincidir. Gürcüstan hökumətinin növbəti məqsədi isə Avropa Birliyinə üzv olmaqdır. Güclü, təhlükəsiz, azad Gürcüstan üçün bu məqsədə nail olmaq isə bizim arzumuzdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR