Kanada hökuməti ABŞ və İngiltərənin nümunəsindən istifadə edərək təyyarələrə əl baqajında cib telefonundan böyük elektron cihazlar keçirilməsinə qadağa qoya bilər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bir sıra müsəlman ölkələrindən Kanadaya uçuşlar zamanı noutbuk, planşet, tablet və e-kitab cihazlarının salona keçirilməsinin qadağan edilməsi nəzərdən keçirilir.
Xatırladaq ki, ABŞ hökuməti Türkiyə (İstanbul), Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt, Mərakeş, Qatar və Birləşmiş Ərəb Əmirliklərindən ABŞ-a uçuşlar zamanı mobil telefondan böyük elektron cihazların təyyarələrin salonuna buraxılmasını qadağan edib. Daha sonra İngiltərə hökuməti aralarında Türkiyənin də olduğu 6 ölkədən uçuşlar üçün bu cür yasaq qoyub. Bu qərar İŞİD terrorçularının yeni taktikası barədə daxil olan məlumat əsasında verilib. ABŞ xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatlara əsasən terrorçular elektron cihazların içərisində təyyarələrə partlayıcı maddələr keçirmək niyyətindədir.
Kanada nəqliyyat naziri Mark Qarno bildirib ki, potensial terror təhlükəsi barədə ABŞ-dan daxil olan məlumatlara operativ reaksiya veriləcək.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində