Ermənistanla böyük müharibə təhlükəsi...

Bir neçə gündür erməni silahlı qüvvələri cəbhə xəttində təlimlərə başlayıb. Ekspertlər təlimləri apreldə Ermənistanda keçiriləcək prezident seçkiləri ilə əlaqələndirir, Sarkisyan rejiminin hakimiyyətdə qalması üçün bu cür manevrlərə əl atdığını bildirirlər. Ümumiyyətlə, iki ölkə arasında münasibə başlasa, Azərbaycanda əhalinin qorunması üçün kifayət qədər sığınacaq varmı?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, bu məsələ Sovet dövründən həllini tapıb:

“Azərbaycanda mülki müdafiə sisteminin qurulması Sovet dövrünə təsadüf edir. 30-cu illərin əvvəllərindən başlayaraq iri şəhərlərdə, xüsusilə də Bakı, Gəncə, İkinci dünya müharibəsindən sonra salınan Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində tikilən yeni binaların zirzəmi hissəsi mülki müdafiə təyinatı ilə hazırlanıb. Müstəqillik əldə etdikdən sonra mülki müdafiə məqsədilə hazırlanan zirzəmilər əsasən ictimai-yaşayış müəssisələri kimi istifadə olunmağa başlanıb. Əlbəttə, bunun mənfi cəhətləri var. Mənfi cəhəti isə odur ki, həmin zirzəmilər fiziki şəxslər tərəfindən çox pis vəziyyətdə saxlanılır, onların təmiri ilə məşğul olunmur. Həmin şəxslər bu obyektləri istifadə edərkən zəruri sayıla bilən məqamlara əməl etmirlər. Məsələn, sığınacaq məqsədilə hazırlanan zirzəmilərdə əlavə pəncərə və qapılar açılır. Ümumilikdə isə, Bakı və Azərbaycanın digər şəhərləri keçmiş SSRİ-nin sərhədyanı respublikası olduğuna görə, bizim mülki müdafiə sığınacaqlarımız var. Bu gün həmin sığınacaqlar təyinat üzrə istifadə üçün tam yaralıdır”.

Ekspert əlavə etdi ki, söhbət Dağlıq Qarabağ ərazisindəki sığınacaqlardan gedirsə, keçən ilin aprel ayından bu məsələ gündəmdədir:

“Həmin vaxt icra hakimiyyətləri rayon, qəsəbə, kənd ərazisində sığınacaqlarla bağlı müvafiq tədbirlər gördüklərini açıqladılar. Həm iri şəhərlərimizdə, həm də cəbhə bölgəsində sığınacaqlarla bağlı müvafiq tədbirlər həyata keçirilib. İri şəhərlərimizdə məsələ Sovet dövründən həllini tapıb. Cəbhə bölgəsində isə bu məsələ həmin ərazidə fəalityyət göstərən mülki müdafiə bölmələri və yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Hesab edirəm ki, digər məsələlər isə mülki vətəndaşlarımızın üzərinə düşür”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR