Əzablar və təzadlar

Əzablar və təzadlar
13:08 28 Mart 2017
Ölkə mətbuatı
A- A+

Serial bit yazıçının əzabları və təzadları üzərində qurulub.

Dostoyevskinin kitabları, əsərləri haqqında biz daha çox bilirik, nəinki özü haqqında, şəxsiyyəti haqqında. Ona görə də, onun haqqında serial çəkmək yaradıcı heyətin bir növ uğuru oldu. Çünki, Dostoyevskinin həyatı çox gizlinlərlə örtülüdür və az danışılan, az yayılan bir mövzudur. Bu mənada Rusiya televiziyası tərəfindən çəkilmiş “Dostoyevski” serialı daha rəngarəng alınıb. Burada biz yazıçını, yazıçının həyatını görürük və bilmədiyimiz məqamların şahidi oluruq. Məsələ orasındadır ki, serialın özünə Dostoyevski insan kimi daxil olmayıb. O, elə yazıçı kimi daxil olub. Sanki intriqaların başında duran, qumar oyunları oynayan, bütün hadisələrin mərkəzində olan insan yox, bütün bunları kənardan izləyən bir insandır.

Ümumiyyətlə, Dostoyevski yazıçı olaraq bəzən elə düşünülür ki, sanki o, heç insan deyil. İnsanın ruhunu, psixoloji vəziyyətini yaşantılarını o qədər dəqiqliklə, incəliklə verə bilir ki, bu, həqiqətən də heç bir yazıçıya nəsib olmayıb. Sanki, yuxarıdan – quş uçuşundan insanın bütün yaşantılarını, duyğularını görür. Elə serialda da biz həmin Dostoyevskini görürük. Əslində serialda Dostoyevski özünün bütün əsərlərini bir-bir özü oynayır, öz taleyində oynayır. Onun konkret heç bir əsəri serialda yoxdur, amma bütün əsərləri bu serialda öz əksini tapıb. Biz tamamilə müəyyən mənada psixi cəhətdən dəlilik həddində olan, ehtiraslarını, əsəblərini cilovlaya bilməyən, zamanın özünü gəmirən bir Dostoyevskinin şahidi oluruq. Mürəkkəb və dahiyanə əsərləri yazan Dostoyevski əslində çox sadə bir insandır. Onun kiçik intriqaları da var, sevgi macərəları da var. Hətta əgər bu əsərləri yazmasaydı, adi bir serial qəhrəmanından o tərəfə getməyən bir obraz idi. Yəni müəlliflər obrazı xüsusilə şişirtməyiblər, onu dahiyə çevirməyə çalışmayıblar.

Dünya ədəbiyyatında yer tutan əsərləri var, amma insan kimi sadə olduğunu göstəriblər və bu, müəllifin ən böyük uğurudur. Biz burada şişirdilmiş, nəhəng bir portret görmürük, sadə bir insan görürük. Baş rolun ifaçısı Yevgeni Mironov həqiqətən öz işinin öhdəsindən gəldi. Rusiya teleməkanında məhz ikinci elə bir aktyor olmazdı ki, Dostoyevski rolunu ifa edə bilsin. Dostoyevskinin əsərləri ilə tanış olan insanlar, hətta ən zəif əsərlərini belə tanımış olan oxucusu bilir ki, Dostoyevskinin özü əsərində yoxdur. Amma çox qəribədir ki, biz Mironovun ifasında Dostyevskinin özünün bütün əsərlərində görürük. Filmdə Dostoyevski heç bir şəkildə ideallaşdırılmır. Xüsusən də yaradıcılığın ikinci dövrü – Daha çox humanizmdən uzaqlaşdığı bir dövrdə belə Dostoyevskinin niyə bu addımı atdığı artıq aydın olur. Serialda biz onun həyat yolunu görürük, dəyişən Dostoyevskini görürük. Bəzən Dostoyevskini tənqid edən tənqidçilər, xüsusən də Şedrinin tənqidlərindəki yaradıcılığın ikinci dövrü onun ən zəif dövrü hesab olunur. Daha dəqiq dəsək, fikirlərin, mövqelərin dəyişdiyi dövr hesab edilir. Bu, serialdan da hiss olunur və biz başa düşürük ki, niyə Dostoyevski birdən-birə dəyişir. Serial onun həyatının bütün qırıqlıqlarının, əyriliklərinin toqquşmasının ziddiyətini və təbii ki, “partlayışını” göstərə bilir.

Sözün böyük mənasında Dostoyevski haqqında serial çəkmək çox çətindir. Dostoyevskinin əsərlərini belə ekranlaşdırmaq çətin olduğu qədər onun həyatını ekranlaşdırmaq da çətindir. Çünki söhbət çox böyük bir yazıçıdan, ziddiyyətli insandan, ziddiyyətli xarakterdə olan böyük humanistdən gedir, amma eyni zamanda bu humanistin çox fərqli həyat tərzi olub. Bunun bir seriala çevrilməsi həqiqətən də böyük müəllif ustalığı tələb edirdi. Müəlliflər böyük bir işin öhdəsindən gəliblər. Filmi bioqrafiya adlandırmaq olar, çünki çox tərəflidir, dahi yazıçının həyatının çox tərəfliliyini göstərir, eyni zamanda tarixi əhəmiyyət kəsb edir. Eyni adamın müxtəlif dövrlərinin dramatik quruluşunun verilməsi, şəxsiyyətin inkişafı, onu deformasiyaya uğramasının, bir fərddən digərinə keçməsinin, sərhədləri aşmasının, həyat əyrisinin qırılmasının, qırıqlıqlarının üzə çıxmasının baş verməsi əslində dramaturji uğurun nəticəsidir.

Dostoyevski rus ədəbiyyatının mifidir. Milyonlarla oxucunun qarşısında o obrazı yaratmaq çox böyük məsuliyyət tələb edir və Yevgeni Mironov üzərinə düşən öhdəliyi yerinə yetirə bildi. Aktyor tamamilə başqalaşa bildi, Dostoyevski ola bildi. Gözümüzün önündə hamının düşündüyü, xəyalında canlandırdığı Dostoyevski həqiqətən də ekrana gəldi. Aktyorlardan Domaqanov, Pevtsov, Xamatova, Madyanov, Stefanova və digərləri öz ifaları ilə yadda qalan obrazlar canlandırdılar. Çulpan Xamatova həmişə olduğu kimi zirvədə idi. Təbii ki, gənc aktyorların ifaları haqqında tam olaraq bu fikri söyləmək olmaz. Çünki, serialda xüsusən gənc aktyorlarla bağlı çatışmayan cəhətlər vardı, amma bütün bunları təbii ki, Dostoyevskinin öz ifası ilə ört-basdır etmək olar.

Ssenaridə işlənmiş qəribə bir metod diqqəti çəkir: keçmişdən indiyə, indidən keçmişə, gələcəyə keçidlər. Bu keçidlərin olması əslində psixoloji mühit yaradır. Dostoyevskinin əsərlərində də bu psixoloji mühit var və məncə, ssenarinin də bu sistemin üzərində qurulması Dostoyevskinin rolunun çatdırılmasına xidmət edir. Maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, biz serialda böyük idealar ətrafında, bəşəri idealar ətrafında, insan taleyini düşünən Dostoyevskini görmürük. Adi məişət qayğıları ilə yaşayan, borclar içində boğulan, borclarını vermək üçün romanlar yazan, sifarişlər qəbul edən, hər şeyə hazır olan, sözün böyük mənasında qumarbaz, qumar üçün hər şeyə gedən bir obraz görürük. Əslində çox fərqli və cəsarətli bir yanaşmadır. Bununla da müəlliflər Dostoyevski bütünü dağıtmaq istədilər, onun adi insan olduğunu göstərmək istədilər və bu serialda buna nail ola bildilər. Lakin seriala tam baxandan sonra anlayırsan ki, Dostoyevski rus ruhu ilə yaşayan bir insan olub, rus insanı olub. Rus insanı fəlsəfə ilə məşğul olmasa da o, ruhən, qəlbən, düşünüb, yazıb, yaradıb. Amma bütün bunları oynamayıb, heç vaxt pafosunu yaşamayıb, çox sadə olub. Dostoyevski pafossuz, sadə tərzi ilə bizim gözümüzün qarşısında canlanır. Serial Dostoyevskinin həyatının ən kuliminasiya nöqtəsi ilə başlayır. Böyük yazıçını Petroşevski dərnəyindəki iştirakına görə asmalıdırlar. Amma son anda, ölüm hökmü icra olunanda qərar dəyişir və onu həbslə əvəz edirlər. Daha sonra yazıçının həbs dövrü başlayır. Biz Dostoyevskinin həbsdəki yaşantılarını görürük, onun xəstəliklərinin şahidi oluruq və bütün serial boyu onun acı həyatın, yəni həbsxananın buraxdığı izi görürük. Onun təkcə fiziki sağlamlığında deyil, yaradıcılığında, ruhu vəziyyətində də, həmin həbsxana dövrü iz buraxıb. Onun sonrakı həyatı xronoloji cəhətdən göstərilir. Serial məşhur portretin çəkilməsi ilə başlayır. Semantika işə düşür. Yazıçı Repinin qarşısında poza verərək bütün ömrünə nəzər salır. Uşaqlıqda olan zər oyunu isə onun həyat yolunun döngələrininə işərədir.

Dostoyevski ədəbiyyatla bağlıdır, yazıçıdır, istəyir ki, öz yaradıcılığı ilə günahlarını yusun. Əslində özünü qəlbinin dərinliyində cinayətkar sayır və öz cəzasını məhz ədəbiyyatla, yazmaqla ödəmək istəyir. Amma bütün bunların günahkarı Dostoyevski idimi? Təbii ki, yox. Söhbət dövrün, zamanın çətinliklərindən gedir. O dövrün geridə qalmış, istibdad Rusiyasının günahları təbii ki, Dostoyevskinin üzərində deyildi. Ancaq o bu günahları özündə hiss edirdi. Sanki, istəyirdi ki, bütün bu günahların cəzasının yumaq üçün bu əsərləri yaratsın. Birdən-birə Dostoyevski öz siyasi fikirlərini, apardığı mübarizə yolunu dəyişir, tamam başqa bir yolu seçir və burada biz dəyişilmiş Dostoyevskinin şahidi oluruq. Serialda xüsusilə bu səhnələr ustalıqla göstərilib. Lakin serialın ən təsirli məqamı odur ki, pulsuzluqdan əziyyət çəkən yazıçı ilham pərisi olmaya-olmaya məcburdur ki, ona dəyilən vaxtda romanı çatdırsın. Taleyin çox qəribə ironiyasıdır, ilham pərisi yoxdur, zorla yazdığı roman ədəbiyya tarixinə düşən görkəmli əsərlərdən biri olur.

Dostoyevski özünün “Oyunçu” əsərində yazdığı bütün yaşantılar serialda elə onun öz həyatını göstərir. Dostoyevskinin xaricdə olduğu müddətdə, oyuna marağı, oyun həvəsi, bunun qarşısını ala bilməməsi, özü ilə mübarizəsi, yaşantıları, əzabları – bütün bunları biz “Oyunçu” əsərində oxumuşduq. Biz əslində eyni şeyin Dostoyevskinin öz başına gəldiyinin şahidi oluruq. Demək lazımdır ki, yaradıcı heyət bu işi ustalıqla ekrana gətirib. Bu səhnələr çox maraqlı və olduqca dəqiq alınıb. Serialda təbii ki, yazıçının şəxsi həyatına da toxunulub. Mariya İsayeva, Anna Snitkina - əlbəttə ki, bu onun daxili dünyası idi, onun sevgi yaşantıları idi və onlar da çox dəqiqliklə və yazıçıya xas olan ustalıqla təqdim olunub.

Bütünlüklə biz “Dostoyevski” serialında onun əslində keçdiyi həyat yolunun, əsərlərinin və əsərlərinin niyə yazıldığının, necə yazıldığının şahidi oluruq. Bu mənada seriala baxmağı məsləhət görürəm. Cəmi 8 seriyadan ibarətdir. Hesab edirəm ki, bu 8 seriya əhəmiyyətli və təsirlidir. Dostoyevski sevənlər üçün də xüsusilə maraqlıdır, çünki biz onun bioqrafiyası haqqında çox az bilirik və onun yaşantıları, onun həyəcanı, bu əsərlərin necə yarandığı haqqında məlumatımız çox azdır. Serialda biz audiovizual formada bütün bunların şahidi ola bilərik. Hər halda uğurlu işlərdən biri hesab oluna bilər və Rusiya telekanalında yayımlanan bu serial seriallar sırasına uğurlu imza ilə qatıla bilər.

Elçin ƏLİBƏYLİ










Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/192804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR