İttifaqın ağır günləri: Avropa da SSRİ-nin taleyini yaşayacaqmı?

İttifaqın ağır günləri: Avropa da SSRİ-nin taleyini yaşayacaqmı?
13:52 7 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

2015-ci il Avropa üçün heç də yaxşı başlamayıb.

Bu il Avropanı çalxalayacaq hadisələr az deyil. Yunanıstan avrozonadan, Böyük Britaniya isə ümumiyyətlə Avropa Birliyindən ayrılmaq niyyətindədir. İttifaqı yaradanlardan biri olan Britaniyanın öz gələcəyini bu ittifaqda görməməsi qurum üçün heç də yaxşı perspektivlər vəd eləmir.

Bu ilin may ayında Britaniyada seçkilər keçiriləcək. Hazırkı baş nazir Devid Kemeronun populyarlığı nə qədər aşağı düşsə də, onun hələ də qələbə qazanmaq şansı var. Ancaq Kemeronun qələbəsi AB üçün xoş heç nə vəd eləmir. O, Britaniyanın AB-dən çıxması üçün referendum keçiriləcəyini vəd edib. Britaniyanın AB-dən iqtisadi və siyasi cəhətdən ayrılması AB-nin özünün də mövcudluğunu təhlükə altında qoya bilər.


Britaniyanın AB-dən iqtisadi və siyasi cəhətdən ayrılması AB-nin özünün də mövcudluğunu təhlükə altında qoya bilər.


İttifaqın digər problemi isə artıq uzun müddətdir iqtisadi problemlərin məngənəsində sıxılan Yunanıstanla bağlıdır. Hazırda AB-nin lokomotivi olan Almaniya da Yunanıstanın avrozonadan mümkün ayrılığına hazırlaşır.

"Bild" qəzetinin Almaniya hakimiyyətindəki mənbələrə istinadən məlumatına görə, Angela Merkel hökuməti yanvarın 25-də Yunanıstanda keçiriləcək seçkilərə ciddi hazırlaşır. Aleksis Siprasın rəhbərlik etdiyi müxalif SİZİRA partiyasının qələbə qazanacağı halda, ölkənin avrozonadan çıxması məsələsi gündəmə gələ bilər. Çünki Siprasın rəhbərlik edəcəyi hökumət sərt iqtisadi tədbirlərdən imtina etmək niyyətindədir. Belə olan halda isə Almaniya hökuməti Yunanıstana 10 milyard avro məbləğdə maliyyə yardımından imtina edəcək.

Almaniyanın federal hakimiyyətinin ekspertləri Yunanıstanın avrozonadan çıxacağı təqdirdə bu ölkənin banklarına müştəri axını olacağından ehtiyat edirlər ki, bu da bank sistemindəki böhrana səbəb ola bilər. Belə olan təqdirdə Avropanın banklar birliyi Yunanıstana bir neçə milyard avro yardım etmək məcburiyyətində qalacaqlar.

Bundan əvvəl Avropa Parlamentinin rəhbəri Martin Şülts Almaniya kansleri Angela Merkelə qarşı ittihamlar da səsləndirmişdi. O, Yunanıstanın avrozonadan mümkün çıxışı ilə bağlı Merkelin manipulyasiyasından söz açaraq onu "məsuliyyətsiz" adlandırmışdı.

"Spiegel" jurnalının məlumatına görə, Angela Merkel və maliyyə naziri Volfqanq Şoyble hesab edirlər ki, Yunanıstanın vahid valyuta məkanından çıxması ilə dəhşətli heç nə baş verməyəcək.

Hazırda ölkənin avrozonadan çıxaraq Avropa Birliyinin üzvü kimi necə qalması məlum deyil.

İslandiyanın AB-dən imtina etməsi isə əsəbləri tarıma çəkib. Birliyə olan ümidlərin puç olması İslandiyanı da ümidsizləşdirib.

İslandiya 2015-ci ildə Avropa Birliyinə daxil olmaqla bağlı ərizəni rəsmən geri götürməyi planlaşdırır. "EUobserver" İnternet qəzetinin məlumatına görə, belə bir bəyanatı İslandiyanın baş naziri Siqmyundyur Davis Qyunnleyqsson verib.

İslandiya mütləq AB-yə daxil olmaq ideyasından daşınmalıdır


Baş nazirin sözlərinə görə, 2015-ci ildə vəziyyət elə formalaşıb ki, İslandiya mütləq AB-yə daxil olmaq ideyasından daşınmalıdır.

Belə bir addımın atılması üçün İslandiya parlamenti müvafiq qərar qəbul etməlidir.

İslandiya AB-yə daxil olmaq üçün 2009-cu ildə ağır iqtisadi böhran zamanı müraciət etmişdi. Lakin 2013-cü ildə yeni koalisyon hökumətin formalaşmasından sonra danışıqlar dayandırıldı.

Buna baxmayaraq, İslandiya hələ də AB-yə namizəd ölkə kimi dəyərləndirilirdi. Çünki ərizə geri götürülməmişdi.

2014-cü ildə hökumət parlamentə müraciət edərək AB-yə daxil olmaq barədə ərizəni geri götürməyi istəmişdi. Ancaq həmin vaxt müxalifət təşəbbüsün qarşısını ala bilmişdi.

2015-ci il isə təzə başlayıb. Baş verənlər hələ ki Avropa üçün xoş heç nə vəd eləmir.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR