Tbilisi bir gün ərzində - FOTO

Tbilisi bir gün ərzində - FOTO
23:05 28 Mart 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı turistlər Gürcüstanda istirahət etməyi çox sevirlər. Coğrafi mövqeyi, yol və yaşama xərclərinin ucuz olması, zəngin tarixi, mədəniyyəti və ləzzətli mətbəxi sayəsində bir çoxları öz məzuniyyətini qonaqpərvər qonşu ölkədə keçirməyə üstünlük verir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tbilisidən Misirin Şarm əş-Şeyx şəhərinə nəzərdə tutulan uçuş sayəsində, nəhayət, bizim də Gürcüstana getmək fürsətimiz oldu. Biz Tbilisi ilə tanış olmaq şansını əldən verməməyi qərara aldıq və bir gün əvvəl Gürcüstanın paytaxtına gəldik. Bu bir gün qədim şəhərə unudulmaz ekskursiya etməyə, gürcü xəngəli və çurçxelanın dadına baxmağa, hətta məşhur kükürd hamamlarından birinə getməyə kifayət etdi. Ancaq gəlin bütün bunlar haqqında növbə ilə danışaq.

Yol qayğıları

Hazırda Azərbaycan agentlikləri aviabiletlərin qiymətinə qənaət etmək üçün Tbilisidən təyyarə ilə müxtəlif turizm istiqamətlərinə gedən putyovkalar təklif edirlər. Biz də Misirə getmək üçün bu marşruta müraciət etdik. Axı hazırda Azərbaycandan Misirə birbaşa uçuşlar yoxdur. 

Beləliklə, reysimiz səhər saat 8:30-a planlaşdırılmışdı. Buna görə də uçuşa üç saat qalmış Tbilisi aeroportunda qeydiyyatdan keçməli idik. Yola sərf olunan vaxtı nəzərə alaraq, bir gün tez çıxmağı qərara aldıq ki, həmin günü Tbilisidə keçirək, səhərə yaxın da rahat şəkildə aeroporta yola düşək.

Bakıdan Tbilisiyə həm qatarla, həm də avtobusla getmək olar. Sonuncu variant bizə daha cəlbedici göründü. Bakı Beynəlxalq Avtovağzalından avtobuslar axşam saat 21:00-da və 23:00-da yola düşür və müvafiq olaraq səhər saat 08:30-da və 10:30-da Tbilisiyə çatır. Adambaşına biletin qiyməti cəmi 12 manatdır.

Qarşımızda duran növbəti məsələ Tbilisidə otel axtarıb tapmaqdı. Bir gün ərzində macal tapıb yalnız paytaxtın mərkəzi ilə tanış olacağımızı bildiyimizə görə, şəhərin qədim hissəsində oteldə nömrə sifariş etməyi qərara aldıq. Dördulduzlu "Tiflis Palace" mehmanxanasını seçdik. Bir qədər irəli gedərək deyim ki, bu oteli seçməyimiz lap yerinə düşdü!

Bakıdan Tbilisiyə yol hiss edilmədən keçdi və tez bir zamanda artıq şəhərin Ortaçala vağzalında idik. Taksi on dəqiqə keçməmiş bizi otelə çatdırdı. Köhnə Tiflisin düz mərkəzində yerləşən "Tiflis Palace" oteli yüksək dərəcəli xudmani butik-oteldir. Otelə yerləşmə çox vaxt aparmadı. Hər cür ləvazimatla təchiz edilmiş nömrəmiz geniş və səliqəli idi. Pəncərələrdən çox gözəl mənzərə açılırdı. Qədim evlərin sarı-qırmızı rəngli səliqəli damları, Şərq hamamlarının içərisindən buxar çıxan şəbəkəli günbəzləri, şəhərdə yeganə məscid olan Cümə məscidi və mənzərəli təpənin kəlləsində qədim Nariqala gözümüzün önündə canlanırdı.

Nömrəmizə yerləşdikdən dərhal sonra bizə səhər yeməyi verdilər. Yoldan sonra qəlyanaltı edən kimi şəhərin qədim hissəsi ilə tanış olmağa yollandıq. Otelin foyesində "SW Travel Georgia"nın tanış lövhəsini gördük. Məlum oldu ki, burada məşhur Azərbaycan şirkətinin nümayəndəliyi fəaliyyət göstərir. Turizm operatoru Zurab Şalamberidze Azərbaycandan gəlmiş jurnalistlər olduğumuzu öyrənən kimi Tbilisiyə ekskursiyada bizi şəxsən müşayiət etmək istədi. Bax sürpriz buna deyərlər! Bütün qəlbi ilə doğma şəhərinin vurğunu olan gənc və erudisiyalı bələdçimizin səyləri sayəsində Tbilisi adətən naşı turistlərin diqqətindən yayınan bütün sirlərini bizə açdı.

İsti şəhər və bir milyon qızılgül

Otelin binasını tərk edər-etməz ekskursiyamız başlandı. Gürcüstan paytaxtının başlıca sərvətlərindən biri - kükürd hamamları mehmanxanamızın düz qonşuluğunda yerləşir. Bələdçimizin bizə danışdığına görə, Tbilisi məhz təbii qaynar bulaqları sayəsində indiki yerində inşa olunub. Bu hadisə V əsrdə baş verib. Rəvayətə görə, Gürcüstan dövlətinin banilərindən biri I Vaxtanq Qorqasali bir gün bu yerlərdə qırqovul ovuna çıxıb. Kralın təlim keçmiş şahini dərhal oxla yaralanmış quşun başının üstünü alıb və bir-biri ilə çarpışarkən hər iki quş yaxınlıqdakı qaynar bulağa düşərək həlak olub. Yerin altından qaynayaraq çıxan çoxsaylı termal bulaqlar hökmdarda elə güclü təəssürat oyadıb ki, o, meşəni qıraraq burada şəhər salmaq əmrini verib. Beləcə, Tbilisi yaranıb. Tbilisi adının özü "tbili" - "isti" sözündən əmələ gəlib. 

İnsanlar lap qədim zamanlardan kükürdlü bulaqların müalicəvi xüsusiyyətlərini yüksək qiymətləndiriblər və onların üzərində hamamlar tikiblər. Hazırda Tbilisidə XVI-XIX əsrlərdə inşa edilmiş 8 çox iri kükürd hamamı kompleksi fəaliyyət göstərir. Bu hamamlar Abanotubani (gürcücə "abano" "hamam", "ubani" "rayon" deməkdir) adlanan Köhnə şəhərdə özünəməxsus "hamam məhəlləsi" əmələ gətirir. Məşhur Şərq memarlığı üslubu ilə seçilən hamamlar Bakının İçərişəhərində və Azərbaycanın bir çox regionlarında zəmanəmizə gəlib çatmış analoji hamamları xatırladır.

Tiflis hamamlarında Aleksandr Puşkindən və ata Aleksandr Dümadan tutmuş Stinq kimi müasir ulduzlara qədər daha kimlər olmayıb. Kükürd hamamları ilə yaxından tanış olmağı sonraya saxladıq və Köhnə şəhərin baxmalı-görməli yerləri ilə tanışlığımızı davam etdirdik.

Otelin iki addımlığında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi diqqətimizi cəlb etdi. Abidə Ulu Öndərin adını daşıyan parkda ucaldılmışdı. Bundan sonra iki ölkə arasında sıx dostluq münasibətlərinin dəfələrlə təsdiqini gördük. Köhnə şəhərdə Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin, Nizami Gəncəvinin və digər məşhur şəxsiyyətlərin adlarını daşıyan küçələr, habelə əsasən Azərbaycan diasporu nümayəndələrinin ibadət etdiyi Cümə məscidi var. XIX əsrdə inşa edilmiş bu məscid Tbilisidə qorunub saxlanılmış yeganə məsciddir.

Nəhayət, oteldən uzaqlaşmamışdan əvvəl biz yaxınlıqda yerləşən daha bir abidənin yanında dayandıq. Bu, Gürcüstanın bəlkə də ən tanınmış və orijinal rəssamı olan Niko Pirosmaninin abidəsi idi. Deyilənə görə, N.Pirosmani Marqarita le Sevr adlı fransız aktrisaya qarşılıqsız aşiq olub. Andrey Voznesenskinin "Bir milyon al qızılgül" ("Million alıx roz") adlı şeirinə bəstələnmiş və sovet dövründə çox populyar olmuş eyniadlı mahnıda məhz bu əhvalatdan söz açılır.

Mərkəzdə şəlalə, funikulyor və panteon

Köhnə şəhərdə gəzişərkən sanki yapışdırılmış taxta eyvanları olan gözəl və qədim binalar diqqəti cəlb edir. Sən demə, bu eyvanlar həqiqətən də sonralar sakinlərin təşəbbüsü ilə tikililərə əlavə edilib. Bir çoxlarının yüz-iki yüz, bəzilərinin isə hətta üç yüz il yaşı olan bu evlər əvvəllər eyvansız olub. Köhnə Tbilisi dağlıq ərazidə yerləşir və buradakı binaların çoxu təpələrin yamaclarında, bəziləri isə sərt qayalıqlarda inşa edilib. Evlər arasındakı dar küçələrin bəziləri nəzərəçarpacaq dərəcədə meyillidir. Daş qayalar arasında yerləşən dərədən kiçik çay axır. Onun məcrasında mənzərəli şəlalə gurlayır. Turistlər bu şəlalənin yanında şəkil çəkdirməyi sevirlər. Çayın üzərindəki körpülərin tarixi qədimdir. Dərənin dibindən yuxarı vintvari metal pilləkənlə qalxırsan. Şəhərin ortasında belə təbii landşaftları görmək çox qeyri-adi təsir bağışlayır. Sanki şəhərin mərkəzində deyil, təbii qoruqdasan. 

Bu kiçik çay axaraq Kürə tökülür. Müasir Tbilisi məhz onun sahillərində yerləşir. Şəhərin bütün mərkəzi boyu kanat yolu uzanır. Bu yol bol boyu kabinələr o yan bu yana hərəkət edərək, sərnişinləri Tbilisini əhatə edən təpələrin zirvəsinə daşıyır. Şəhərin məşhur görməli yerlərinin çoxu, məsələn, Nariqala təpənin kəlləsində yerləşir. Ora getməyin ən rahat üsulu 2012-ci ildən fəaliyyət göstərən kanat yoludur. Biz də belə etdik. Gediş haqqı adambaşına bir laridir (təqribən 70 qəpik). Şəffaf döşəməli şüşələnmiş kabinələr sərnişinləri aramla şəhərin üzərinə, təqribən 90 metr hündürlüyə qaldırır. Yeri gəlmişkən, yolboyu maraqlı fotolar çəkmək mümkündür.

Nariqala qala kompleksinin özü daş divarlar arxasında yerləşən iç qaladır. O, mövcud olduğu əsrlər ərzində dəfələrlə yenidən qurulub. Qala divarlarının o biri tayında hələ XIII əsrdə mövcud olmuş Müqəddəs Nikolay kilsəsi ötən əsrin 90-cı illərində yenidən qurulub. Gürcüstanın rəmzi olan qadın heykəli də Nariqaladan şəhərə baxır.

Tbilisidə arzu edənləri şəhərin yuxarı hissəsinə daşıyan daha bir nəqliyyat növü mövcuddur: belçikalı mühəndis Alfons Robinin layihəsi əsasında 1905-ci ildə inşa edilmiş və 2012-ci ildə bərpa olunmuş şəhər funikulyoru. Funikulyorun üç stansiyası var: aşağı, orta və yuxarı. Mtatsminda dağının yamacındakı orta dayanacaqda - 460 metr yüksəklikdə Panteon yerləşir. Panteon Müqəddəs David kilsəsi ərazisində nekropoldur. Burada tanınmış şəxsiyyətlər dəfn edilib. Məsələn, rus yazıçısı Aleksandr Qriboyedovun və onun xanımı - knyaz qızı Nino Çavçavadzenin məzarları burada yerləşir.

Orta stansiyaya qədər gediş haqqı bir laridirsə, yuxarı funikulyora qədər iki laridir. Dəniz səviyyəsindən 727 metr yüksəklikdə qonaqları restoran və teleqüllə qarşılayır. Burada çoxsaylı attraksionları və böyük müşahidə çarxı olan son dərəcə populyar Mtatsminda əyləncə parkı da fəaliyyət göstərir.

Quş uçuşu yüksəkliyindən şəhərə valehedici mənzərə açılır və klassik tikililərin, məsələn, Kür çayı üzərindən salınmış şüşə və metal örtüklü körpü, sahildə futuristik üslubda teatr binası, - onların tikintisi tamamlanmayıb, - çox orijinal Ədliyyə Evi kompleksi kimi müasir tikililərlə qaynayıb qarışdığı Tbilisinin təkamülü buradan yaxşı görünür.

Gürcü xəngəli və hamam centlmenlərin seçimidir

Yarlı-yaraşıqlı Tbilisidə doyunca gəzişdikdən sonra toqqamızın altını bərkitməyin vaxtının çatdığını düşündük. Bu yerləri tanıyanlar bizə dedilər ki, ən yaxşı restoranlar "Tiflis Palace" otelinin ətrafında cəmləşib. Ona görə də otelə qayıdaraq çəkiliş avadanlığını nömrədə qoyduq və yaxınlıqdakı restorana getdik. Qarşımıza "Maspindzelo" restoranı çıxdı. 

Biz sırf yerli yeməyin dadına baxmaq istədik. Ona görə də gürcü xəngəli sifariş etdik. Ənənəvi gürcü xəngəli müxtəlif ədviyyatlı və göyərtili ət içlik qoyulmuş və suda bişirilmiş xəmirdən ibarətdir. Təəssüf ki, restoranın menyusunda donuz əti qatılmamış xəngəl yox idi. Biz alternativ variantlara üstünlük verdik. İçliyi kəsmik, kartof, göyərti və göbələkdən olan iki porsiya xəngəl sifariş verdik. Xəngəl olduqca ləzzətli idi, amma çox doyumcul olduğuna görə ikinci porsiyanı yeyə bilmədik. Yeri gəlmişkən, iki porsiyanın qiyməti cəmi 12 laridir.

Desert üçün "gürcü snikersi" kimi məşhur olan çurçxelanı seçdik. Tbilisidə hər addımbaşı satılan çurçxela Azərbaycanda və Türkiyədə yaxşı tanınan sucuqdur. Bu təamı sapa düzülərək unla qatılaşdırılmış üzüm şirəsinə batırılan qozdan hazırlayırlar. Dediyim klassik reseptdir. Amma hazırda çurçxelanın cürbəcür çeşidləri var. Məsələn, içliyi badam, fındıq, üzüm və s.-dən ibarət olan və nar şirəsində bişirilən çurçxela. Bir kolbasanın qiyməti 2-3,5 lari civarındadır. Çurçxela Gürcüstandan dostlara və yaxınlara ərməğan gətirmək üçün çox gözəl yeməli suvenirdir.

Günün sonunda hamama getməyi qərara aldıq. Beş nömrəli böyük hamam kompleksi düz bizim otelin böyründə idi. Nömrədən zəruri ləvazimatı götürüb, tarixi hamama yollandıq.

Tiflis hamamlarının hidrogen-sulfidli suyundan dəri, ağciyər və digər xəstəliklərin müalicəsində səmərəli istifadə olunur. Əlbəttə, bunun üçün müntəzəm olaraq hamama getmək lazımdır. Turistlər üçün isə hamam bir növ attraksion - Tbilisiyə gəzinti proqramının mütləq bəndidir. Hamama gələnlər arasında Şərq yuyunma ənənəsi ilə tanış olmaq istəyən əcnəbilər çoxdur. Hamamlarda termal bulaqların müalicəvi suyu doldurulmuş hovuzda uzanmaqla bərabər, yorğunluğu əla çıxaran ənənəvi sabunlu masaj sifariş etmək olar.

Otelə canımız və ruhumuz dincəlmiş halda qayıtdıq. Aeroporta yola düşməzdən qabaq yatıb yuxumuzu almalı idik. Otelin əməkdaşları bizə taksi sifariş etdilər və müəyyən olunmuş vaxtda telefon zəngi ilə bizi oyatdılar. Oteli səhər tezdən tərk etdiyimizə görə bizə iki böyük paketdə səhər yeməyi verdilər. Bax buna əsl servis deyərlər!

Sözardı yerinə və ya maraqlı müşahidələr

Tbilisinin mərkəzi hissəsi çox xoş təəssürat oyadır. O, təbii landşaftın ortasında çoxsaylı qədim memarlıq kompleksləri və mənzərəli təbii adacıqları olan səliqəli və baxımlı şəhərdir. Milli mətbəxin təamlarının hazırlandığı sanballı kafe və restoranlar ağzının dadını bilən adamları darıxmağa qoymur. Kanat yolu və funikulyor romantik gəzinti pərəstişkarlarının zövqünü oxşayır. Qeyri-adi kükürd hamamları gərgin gündən sonra dincəlməyə imkan verir. 

Maraqlıdır ki, Gürcüstanda kazinoların fəaliyyətinə icazə verilib. Özü də kazinolar onlar üçün ayrılmış xüsusi yerlərdə deyil, Tbilisinin düz mərkəzində fəaliyyət göstərir və hər addımbaşı rasta çıxır. Paytaxtda şütüyən avtobuslarda hələ də konduktorlar işləyir. Onlar köhnə vaxtlarda olduğu kimi, salonda adamların arasından zorla keçərək gediş haqqı tələb edirlər. Tbilisidə sol sükanlı avtomobillərlə bərabər, çoxlu sayda sağ sükanlı avtomobillər sərbəst hərəkət edir. Doğrudur, deyilənə görə, onları qadağan edəcəklər.

Hazırda Tbilisidə qiymətlər təxminən Bakıdakı kimidir. Amma benzin Azərbaycana nisbətən hissediləcək dərəcədə bahadır. Buna görə də taksi xidmətləri baha başa gəlir. Əvəzində yaxşı yeyib-içmək olar. Restoranda iki adam üçün orta qiymət təqribən 15-20 laridir.

Ümumiyyətlə, mehriban əhalisi olan qonşu ölkəyə səyahət büdcənizə ciddi ziyan vurmaz, təəssüratlar isə bol və xoş olar. Başlıcası budur ki, camaat çox gülərüzdür, qonaq görməyə həmişə şaddır və turistlərin ovqatını yüksəltmək və onların Tbilisini bura yenidən qayıtmaq arzusu ilə tərk etməsi üçün əlindən gələni etməyə hazırdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində













































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR