İmmunitet sisteminizi gücləndirin

Vərəm hava-damcı yolu ilə ötürülən yoluxucu xəstəlikdir. Vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalır və əsasən əhalinin əmək qabiliyyətli hissəsinə öz təsirini göstərir.

Metbuat.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi olduğunu açıqlayıb. Onların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3,5 milyon insan vərəmə yoluxur və 1 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insanların 20 faizi vərəmdən ölüb.

Məsələ ilə bağlı həkim-ftiziatr Polad Muradov Metbuat.az-a açıqlamasında deyib: “Vərəm xəstəliyi 1882-ci ildə aşkar edilib, ancaq bu xəstəlik insan yaranan gündən var. Bunu qəbirlərdə aparılan araşdırma nəticəsində, sümüklərdə baş verən dəyişikliklər sübut edib. Vərəmin yaranmasına vərəm mikobakteriyası səbəb olur. Bu xəstəliyə immunitet sistemi zəif olanlar yoluxa bilər. Xəstəliyin əmələ gəlməsi üçün risk faktorları var. 3 yaşadək uşaqlar, qan azlığı və şəkərli diabetdən əziyyət çəkənlər, mədə xorası olanlar və hamilələrin yoluxma riski yüksəkdir. Vərəmin müxtəlif növləri var. Sümük vərəmi, onurğa sütununun vərəmi, baş-beyin qişalarının vərəmi, limfa vəzilərinin vərəmi, ancaq ən çox yayılmış növ ağciyər vərəmidir”.

Vərəmlə bağlı xalq arasında mifə çevrilmiş təsəvvürlər mövcuddur. İnsanlar elə hesab edir ki, vərəm xəstələri tam şəkildə sağalmır və yaxud vərəm xəstəsi ilə təmasda olanlar ona yoluxur. Həkim Polad Muradov deyir ki, sağlam insan uzun müddət vərəm xəstəsi ilə təmasda olsa belə, immunitet sistemi zəif deyilsə, vərəmə yoluxma riski sıfıra bərabərdir.

Həkim əlavə edib ki, xəstəliyin tam sağalması mümkündür. Ancaq vaxtında həkimə müraciət etmək lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR