Azərbaycanlıların şəhərini işğal SSENARİSİ: toqquşmalar davam edir – FOTO/VİDEO

Azərbaycanlıların şəhərini işğal SSENARİSİ: toqquşmalar davam edir – FOTO/VİDEO
15:38 29 Mart 2017
148 Digər
Ölkə mətbuatı
A- A+

Kərkükdə kürd bayraqlarının dalğalandırılması ilə tarixi türk torpağı olan bu şəhərin kürdləşdirilməsi ssenarisi işə düşdü. Hansı ki, bununla bağlı plan uzun illər öncə qurulub və İraqın ABŞ-ı işğal etdiyi dövrdən etibarən tətbiq edilməyə başlanıb. 2003-cü ildə Amerika əsgərləri İraqa daxil olarkən Kərkük Əmlak Qeydiyyatı İdarəsinin binası kürdlər tərəfindən yandırıldı. Məqsəd dünyanın ən yüksək səviyyəli neftinə malik olan Kərkükün kürdləşdirilməsi idi.

Kərkük türkman şəhəridir. İraq azərbaycanlıları olaraq tanınan türkmanlar bu ölkənin şimalında kompakt şəkildə yaşayan etnosdur. Türk dilli xalqlar arasında dili, adət-ənənələri ilə daha çox azərbaycanlılara yaxındır. Əslində, türkmanlar Azərbaycan türklərinin içindən çıxmış qruplardır. Səlcuqlar dövründə bu ərazilərdə məskunlaşan, Səfəvilər dönəmində daha da möhkəmlənən türkmanlar İraqın 8 əyalətində yaşayır. Kərkük, Mosul, Ninəvə, Telafer, Səncar, Səlahəddin, Tuzxurmatu, Diyalə bölgələri İraq azərbaycanlıların məskunlaşdığı ərazilərdir. Türkmanlar İraqda ikinci böyük toplum hesab olunur.


2003-cü ildə Kərkük Əmlak Qeydiyyatı İdarəsinin binasının yandırılması da məhz ikinci böyük toplumun məhvinə hesablanmışdı. Sonrakı dövrdə “Kərkükün işğalı” planı qüvvədən düşmədi və hazırda da eyni ssenari tətbiq edilir.

İndi nə baş verir?

Novruz bayramı münasibətilə Kərkükdə kürd bayraqları qaldırıldı. Bu bayram tədbiri fonunda sıradan bir hadisə görünürdü. Lakin daha sonra şəhərin bütün dövlət binalarında, ictimai yerlərində kürd bayraqlarının asılması qərarı verildi. Bu qərar Kərkük Vilayət Məclisində qəbul edildi. Hansı ki, bu məclisdə kürdlər çoxluq təşkil edir və məlumata görə, onları qərarı türkman və ərəb üzvlər olmadan qəbul edib. Mərkəzi Bağdad hökuməti bu qərara etiraz edərək, Kərkük valiliyinə “şəhərdə yalnız İraq bayrağı asıla bilər” deyə təlimat göndərdi.

Kərkük valisi Necmeddin Kerim isə Bağdaddan gələn təlimatı bir kənara qoyaraq, kürdlərin bayraq asmasına göz yumdu. Hətta bayraqların endirilməsi ilə bağlı qərar verilsə də, bu qərar icra edilmir.

Necmeddin Kerim: Kərkükün kürd əsilli valisinin PKK terror təşkilatının rəhbərliyi ilə tez-tez gördüşdüyünə dair məlumatlar var. Ötən il Mosul əməliyyatının başlanması ərəfəsində Kerim PKK terrorçularının Kərkükə daxil olmasına da icazə vermişdi. Onun PKK terrorçuları ilə fotoları da kürdlərin mövqeyini müdafiə etdiyini sübut edir.


Kərkük valisi və PKK-nın liderlərindən olan Karayılan

Silahlar danışacaq

İraq türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşad Salihi Kərkük küçələrində türkman bayraqlarının asılması ilə bağlı qərar verdiyini açıqlayıb.

“Lakin bu silahlı toqquşmalara səbəb ola bilər. əgər belə bir şey baş verərsə, məsuliyyət kürd əsilli valinin üzərindədir. Şəhərdə bəzi hadisələr nəzarətimizdədir, lakin bəziləri yox. Musalla liseyində türkman tələbələr bayraq asandan sonra, qarşıdurma baş verdi. Kərkük Universitetinin ədəbiyyat fakültəsində də türkman və kürd tələbələr arasında dava olub. Daha çox qarşıdurmalar baş verəcək. Kərkükdə yalnız silahlar danışacaq. Biz burada türk olmağın əvəzini ödəyirik”, - deyə o bildirib.

Bayraq aksiyası



Hazırda Kərkükün mərkəzində türkmanların etiraz aksiyaları davam edir. Kərkük Valiliyinin binası önündə toplaşan türkmanlar türkman bayraqları dalğalandıraraq, kürd bayraqlarının dövlət binalarından endirilməsini tələb edir. Aksiyada “Kərkük türkmanındır, türkmanın qalacaq”, “Vali istefa” şüarları səsləndirilir.

“Göy üzünü başlarına yıxarıq”

Rəsmi Ankara məsələsi diqqətdə saxlayır. Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, kürd bayraqlarının endirilməsi qərarı dərhal yerinə yetirilməlidir.

Türkiyə prezidentinin müşaviri yalçın Topçu isə Kərkükün türk şəhəri olduğunu açıqlayıb.

“Ay-ulduzla döyüş heç kimə qələbə gətirməyib. Göy üzünü başlarına yıxarıq”, - deyə o, sərt danışıb.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/192978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR