"Aygün Kazımovaya 4500 manat borcum var"

"Aygün Kazımovaya 4500 manat borcum var"
16:17 29 Mart 2017
218 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az axşam.az-a istinadən təşkilatçı Nahid Emiloğlu ilə müsahibəni təqdim edir:

- Son vaxtlar gündəmdən tamamilə uzaqlaşdınız. Buna nə səbəb oldu?

- Hərə bir söz deyir, bu yaxınlarda isə haqqımda daha bir xoşagəlməz yazı yayımlanmışdı. Guya mən kimlərəsə külli miqdarda pul atıb qaçmışam. Heç vaxt qalmaqallara gedən, cavab verən insan deyiləm. Mən bu söz-söhbətdən uzağam. Uzaqlaşmağımın ilk səbəbi səhhətimdəki problem oldu. Mənim ürəyimdə problemlər var, müalicə alırdım. İkincisi, indiki vəziyyətdə tədbirlər yoxdur, boşluqdur.

- Bəs, həqiqətən də borclarınız çoxdur?

- Hazırda borcu olmayan insan yoxdur. Bizneslə məşğul olan hər kəsin borcu var, eləcə də mənim. Amma kiməsə pul atıb qaçmamışam. Hər yazılan düz olmur ki... Əgər indiki vaxtda bir insanın borcu yoxdursa, demək, o yaşamır. 

- Bəlkə bu söz-söhbətlərə konsertlərinizin təxirə düşməsi səbəb oldu?

- Bir dəfə Rafet El Romanın konserti təxirə düşdü. Onu da sonra gerçəkləşdirdim. Təxirə düşən konsertin biletlərinin pullarını qaytarmadığım deyildi. Hamısı yalan idi, bütün pullar kassada idi, hamısı da qaytarıldı. Problem bilirsiniz nə idi? Radioda müsabiqə edib, uduşa bilet qoymuşduq. Həmin bileti udan gətirib ki, pulumu qaytar. Başqası biletin pulunu geri alır, gedib qohumuna verib ki, get yenə pul al. Bu cür hallarla rastlaşdıq. 

- Ötən yay Beyazit Öztürkün Bakıdakı çıxışı da təxirə düşənlər siyahısındadır...

- O konserti mən etmirdim. Təşkilatçısı" Kanal D" idi. Buradakı yerli işləri həyata keçirirdim. Sonra özləri də imtina etdilər. 

"AYGÜN KAZIMOVAYA O QƏDƏR YAXŞI İŞLƏR ETDİM, AMMA..."

- Xalq artisti Aygün Kazımova sizdən şikayət etmişdi. Konsertdə onun və qızı İlqarənin qonorarını ödəmədiyinizi söylədi...

- Bəli, düzdür. Konsertdə Aygün xanım və qızına olan qonorardan 4500 manat ödəməliyəm, borcum hələ də qalıb. Bunu böyütmək lazım deyildi, konsertdir, hər şey ola bilər. Ona qalsa, əvvəllər dəfələrlə Aygün xanıma konsert etmişəm, başqa işlərdə dəstək olmuşam. Hamısı da yüksək səviyyədə alındı. Bunu göz önünə gətirmir? Bu söhbəti bu qədər böyütmək yaxşı deyildi. Borclu qalmışam, danmıram, işim olanda ödəyəcəyəm. 

- Hazırda münasibətləriniz nə yerdədir?

- Heç kimə kin bəsləmirəm. Bizim sənətçimizdir, münasibətim də yerindədir. 

- Belə deyək, Nahid Emiloğlu iflas edib?

- Buna iflas deməzdim... Bu gün kimi deyirsiniz Azərbaycana gətirim, konsert təşkil edim. Axı bilet alınmayacaq... Tələbat yoxdur. Bir də sponsorlar geri çəkiliblər. Əvvəl məbləği sponsor ödəyirdi, indi etmir. Çünki o da bizim kimi qazana bilmir. Bu gün keçirilən konsertlərin əksəriyyəti ziyanla başa vurulur. Bir-iki nəfər var ki, onlar iş adamları tərəfindən maliyyələşdirilir.
 
"RAFETİN KONSERTİNDƏN GƏLİR GÖTÜRMƏDİM..."

- Sonuncu təşkil etdiyiniz konsert türkiyəli İfaçı Rafet El Romanınkı oldu. Təşkilatçılar hər zaman şikayət edirlər ki, konsertdən gəlir əldə etmək olmur. Qazanc xərci güclə ödəyir. Rafetin konserti barədə deyildi ki, yerlərin çoxu dəvətnamə ilə dolmuşdu...

- Alınmır, artıq əvvəlki satış yoxdur. Tamaşaçılar aktiv deyil. Konsertdə dəvətnamə məcbur kiməsə veririk, bunsuz mümkün deyil. Tanıdığımız insanlar özləri zəng vurub istəyirlər. Necə imtina edək? Bu konsertdən gəlir götürməsəm də, borclu da qalmadım. 

- Planda kimin konserti var?

- Baloğlan Əşrəfov... Bir dəfə etmişəm, maraqlı alınıb, yenə edəcəyəm. Fikrimdə türklərdən də var. Seda Sayan planımdadır. Onu ilk dəfə 2005-ci ildə Azərbaycana gətirmişəm. O vaxtdan sonra heç kim gətirməyib. 

- Son günlər klublarda, restoranlarda əcnəbi müğənnilərə konsert vermək daha dəbdədir. Sizcə Heydər Əliyev Sarayında, yoxsa klubda konsert sərfəlidir?

- Əlbəttə ki, sarayda. Özümə söz vermişəm, restoranda konsert etməyəcəyəm. Onu konsert saymıram. Bu, sadəcə əyləncədir. Heydər Əliyev Sarayının ab-havası başqadır, divarında musiqi var. Məncə sarayda dinləyici də daha çox olur. Həm də bəzi insanlar ailəsi ilə restorana getmirlər, amma sarayda konsert olanda rahat qatılırlar. 

Klubda konsert ayaqüstədir. Mən gedib heç orda dayanıb kimisə ayaqüstə dinləmərəm. Gələnlərin 90 faizi fonoqram oxuyurlar. Ona görə də klub əlverişlidir. Həm də indiki təşkilatçıların gətirdikləri müğənni bahalı deyil. 

- Kimləri ilk dəfə Azərbaycana siz gətirmisiniz?

- Tarkanı ilk dəfə gətirib, 7 dəfə konsertini etmişəm. Alişanı, Sibel Canı, Mahsun Kırmızıgülü, Sezen Aksunu ilk dəfə Bakıya mən gətirmişəm. Siyahım uzundur... 

- Konsert təşkil edən təşkilatçıların sayı günü-gündən çoxalır. Sizcə, onların hamısı nəticədə qazanc götürmür?

- Bu işləri mən edəndə Azərbaycanda konsert sistemi yox idi. Bu sistemi mən yaratdım. Azərbaycanda ilk təşkilatçı şirkət "Səs muzik" olub. Xalqın efirdə həsədlə baxdıqlarını bura gətirdim. Bu işi o qədər böyütdüm ki, kimlərsə həvəsə gəlib təşkilatçılıq etməyə başladılar. Alayarımçıq edirlər, onlar bu işi bilmirlər. Elə bilirlər müğənniyə 2 min beh verib, bileti kassaya satışa qoymaqla iş bitdi. Bu iş belə olmur. 

- Bəs necə olur?

- Əgər bir nəfər belə bilet alıbsa, o konserti səviyyəli keçirməlisən. Mən zal boş qalmasın deyə, elit insanlara dəvətnamə verib oranı dolduraram. Müğənni də onda yüksək ab-havada olacaq. Bunlar isə on bilet satılsa belə, heç kimə dəvətnamə vermirlər ki, nəyimizə lazımdır. Zal boş qalanda sabah keçirəcəyin başqa konsertə heç kim gəlməyəcək. 

"MÜĞƏNNİNİ TOYA 250 MİNƏ GƏTİRİBLƏR"

- Əcnəbiləri gətirmək əvvəl rahat idi, yoxsa indi?

- İndi İnstagram-a baxır, menecerin nömrəsini götürüb danışırlar, gətirirlər. Adi toy edənlər belə elə düşünürlər ki, kimisə özləri danışıb gətirsələr, ucuz alınar. Amma başa düşmürlər ki, özlərinin danışdığı zaman müğənni 100 min yerinə 150 min deyir. Axı müğənni mənə 150 min qiymət oxuya bilməz. Dəfələrlə şahidi olmuşam ki, bir müğənnini açılışa, toya 250 minə gətiriblər. Halbuki həmin müğənnini mən 100 minə gətirirəm. 

- Niyə məhz, türkiyəli müğənnilərə üstünlük verilir?

- Xarici biri gəlib Azəbaycan toyunda nə oxusun? Bizim məclislərdə elə türkiyəli ifaçılar lazım olur. 

- Bakıya gətirməyi arzuladığınız, hələ də edə bilmədiyiniz məşhur var?

- Ən böyük arzum Maykl Ceksonu Bakıya gətirmək idi. Hətta danışıqlar da aparırdım. Meneceri Marsella Avramla görüşmüşdüm də, iki il əvvəl Bakıya gətirmişdim, mətbuat konfransı da keçirmişdim. Rəhmətə getdiyi üçün istəyim gerçəkləşmədi. 

- Niyə təşkilatçılar bir-biri ilə yola getmir. Hamısı bir-birini pisləyir, bəyənmir...

- Mənim heç kimlə qalmaqal etmək səviyyəm yoxdur. Gəlib mənim etdiyim konsertin ən az yüzdə otuzunu etsinlər, onda deyim hə... 250-dən çox konsert etmişəm. Kim bu qədər konert edə bilib?

- Bir çox türkiyəli ifaçı ilə işbirliyiniz olub. Ən kaprizlisi hansı idi?

- Sezen Aksu... Elə qəribə tələbləri var idi ki, dəhşətə gəlirdim. Çox qəliz insandır, ona söz demək mümkün deyil. Deyirdi, vanna, buz gətirin, ayağımı qoyun... Sonradan bildim ki, xəstədir. Texnik və kulis rayder var. Ən böyük rayder Tarkandadır. Təkcə kulis rayderi 6 səhifədir. Orada içdiyi çayın adı, rəngi belə yer alır. 

- Bəs bir müğənnini gətirmək üçün nə qədər qonorar ödənilir?

- Bunu açıqlamaq mümkün deyil. Olub keçsə də, çətin məsələdir. Mənim bunu açıqlamağa ixtiyarım yoxdur.

"SEZEN AKSUNU HEÇ VAXT BAKIYA GƏTİRMƏRƏM"

- Bəs təşkilatçıların gələn müğənnidən tələbi nə olur?

- Mənim tək tələbim yerli mediaya açıqlama verməkdir. Onu qəbul etməyə də bilər. Heç bir konsertimdə media məndən narazı getməyib. Heç kimi qapıda qoymamışam.

Gətirdiyim heç bir müğənni də məndən incik getməyib. 90 faizi ilə bu gündə telefonla danışıram. Ən yaxın olduqlarım Rafet El Roman və Sərdar Ortaçdır. 

- Sizcə bu gün hansı müğənniyə konsert edilsə, bilet alınar?

- Artıq Türkiyədə də bu sistem maraqsızlaşıb. Nə qədər Rafet, Sərdar olar... Bəlkə Sezen Aksu maraqlı olar, onu da heç vaxt gətirmərəm. Çox kaprizli qadındır, indi yəqin daha da çətinləşib. Yeni çıxanlar isə bir mahnıyla konsert verən deyil... Onların konsertinə gənc nəsil gəlir ki, onlar da klub axtarır.

- Bəs yerli ifaçılardan kimlər tələbatlıdır?

-  Alim Qasımova konsert etmişəm, çox da yaxşı olub. İmkanım olsa, yenə də edərəm. Eləsi olub ki, konsert etmişəm, cəmi 4 bileti satılıb. Gedib küçədə insanlara yalvarırdım ki, gəlin pulsuz oturun zal dolu görünsün. Heç gəlmədilər də. 

- Yay konsertləri gəlir gətirir, yoxsa qapalı məkanda olanlar?

- Bir neçə il əvvəl "payız konsertləri" adlı layihəyə başladım. Yerli müğənnilərimizin konsertlərin təşkil etdim. Biri təxirə saldı, biri razılaşmadı. Bizimkilər heç nəyə risk etmirlər. "Ay məndən sonra filankəsin konserti olmasın, ay mən birinci çıxış edim" kimi problemlər yaradırlar. "Natiq" ritm qrupu, Günay İbrahimli, Nadir Qafarzadənin konserti oldu. Həmin konsert Günay İbrahimliyə uğur gətirdi, tamaşaçı gördü ki, o təkcə klub ifaçısı deyil. İndi "Bu şəhərdə" tələbatlıdır. Onların əvəzedicisi yoxdur. İldə bir neçə dəfə konsert edirlər, alınır da... 

Hansı müğənni konsert versə, qazanar. Bunu etmək lazımdır. Bir, iki dəfə risk etsinlər, üçüncü də mütləq alınacaq.     

"CENNİFER LOPESİ GƏTİRMƏK ÜÇÜN 6 MİLYON DOLLAR LAZIMDIR"

- Niyə ancaq türkiyəli ifaçılarla çalışırsınız?

- Rusları sevmirəm, əvvəldən onlarla çalışmıram, heç mahnılarına qulaq asmıram. Əcnəbi ulduzu isə biz ancaq gətirib, açıq havada pulsuz konsert edə bilərik. Təkcə Cennifer Lopesi gətirmək üçün 6 milyon dollar ödənməlidir. Təşkilatçı hardan alsın 6 milyonu? Gətirdik, bileti neçəyə sataq ki, 6 milyonu toplayaq?

- Nahid Emiloğlu təşkilatçılıqdan başqa nə işlə məşğuldur?

- Ancaq təçkilatçı olmuşam. 11 il AzTV-də çalışdım, Mədəniyyət və Turizm İdarəsində musiqi şöbəsinin müdiri oldum. Hazırda heç bir fəaliyyətim yoxdur. "Səs muzik" şirkətim bağlanmayıb. 

- Hər zaman işlərinizlə gündəmə gəlmisiniz. Heç vaxt ailənizdən danışmırsınız... 

- Ailəliyəm, üç övladım var. Mən işimə onları qatmıram. Böyük qızım Emel 11-ci sinifdə oxuyur, universitetə hazırlaşır. Rəssamlıqla maraqlanır, yağlı boya ilə mənim də fotomu çəkib. Oğlum Emil 8-ci sinifdədir. Kiçik qızım Nurel isə birinci sinfə gedir. Övladlarıma heç vaxt imkan vermərəm ki, mənim işimi davam etdirsinlər.  

- Bu yaxınlarda belə bir status yazmışdınız: "Mən danışsam, pis olacaq". Bu, kimlərə ünvanlanmışdı?

- Götürür 4, 5 il əvvəl olan şeyləri danışırlar. İndiki vəziyyətdə borcu olmayan yoxdur. Guya məni vurmaq istəyirlər... Bu sözlərlə bacarmazsınız, boş şeylərdir. Ağıllı olsunlar, həyat bununla bitmir. 

- Təşkilatçılar arasında dostunuz yoxdur?

- Mənim həyatda dostum yoxdur. Olmayıb... Kiminləsə oturaram, çörək yeyərəm, amma yaxın dost olmaz. Hamının dediyinə görə çox çətin adamam. Bir nəfər mənlə 15 gün bir yerdə qaldı, dəhşətə gəldi. Əziyyət verən adamam. Əgər bu, burdadırsa, onu kimsə götürürsə, mütləq yerinə qoymalıdır. Nə toya, nə ad gününə, nə dəvətə getmirəm. qapalı adamam. Restorana gedirəmsə, bağlı kabinetdə oturub oradan evimə qayıdaram.
 
- Hansı müğənnini "Bir də Azərbaycana gətirmərəm" demisiniz?

- Murad Dalkılıçı... Biabırçılıq idi. Onun konsertinə cəmi 22 bilet satılmışdı. Bir də Kibariyeni. Emin adlı oğlan var idi, ona görə Kibariyeni gətirdim, konsert təşkil etdim. Cəmi 6 bilet satılmışdı. Onun ikisini Rəqsanə, ikisini Zöhrə Abdullayeva almışdı. Rafet axırıncı dəfə 2012-ci ildə gəlmişdi. Bu səfəri zamanı onun üçün çox darıxıldığını gördüm. Biletlər normal sayda satıldı, hətta Rafet bu konsertdən beş təkliflə qayıtdı. Bir dəfə toya gəldi, sonra 14 fevralda konserti oldu, birdə Moskvada iki konsert razılaşdı.

"HƏMİN TƏŞKİLATÇI MƏNƏ QARŞI ÇAŞDI"

- Bəs heç işini burduğunuz təşkilatçı olub?

- O qədər... (gülür) Bir tanınmış müğənni Bakıya gələcəkdi. Onu gətirmək istəyən təşkilatçı mənə qarşı çaşdı. Danışdım, işi burdum. 20 gün qonorarı əlində qaldı, müğənni pulu götürmədi. Dedilər ki, biz Nahidlə çalışırıq. İş sahibləri isə pulu təşkilatçıya çoxdan ödəmişdilər. Belə hallar çox olub. 

- Bir ara Tarkanın konsertini edəcəyinizi demişdiniz, amma alınmadı...

- Tarkan Kamal müəllimlə Baba Vəziroğlunun "Nigaranam" mahnısını oxuyub. Özü o mahnıya sözlər yazdırıb və "Hasret bundan sonra" adını qoyub. Həmin mahnıya təqdimat etməyi planlaşdırırq.  

"SPONSOR EVİ KİMSƏSİZ UŞAĞA YOX, MÜĞƏNNİYƏ VERDİ"

- Dediniz ki, AzTV-də çalışmısınız, hansı verilişlərin rejissoru olmusunuz?

- Bir çox verilişlər hazırlamışam. Televiziya çətin işdir. Qəti orda yenidən çalışmaq istəmirəm. 

İndi heç bir proqrama baxmıram. Kanallarda redaktora, operatora, aparıcıya ehtiyac var. İndi səviyyəli verilişə baxmırlar. 7 ay kimsəsiz uşaqlarla "Sən bir nəğməsən" layihəsi etdim. Ona sponsor gəlmədi. Bir sponsor qalibə ev söz verdi, nəticədə vermədi. Gedib həmin evi "Yeni ulduz"da oxuyan müğənniyə verdi. Rafeti, Davud Güloğlunu gətirdim, uşaqlarla duet oxudular. Asif Kərimovun orkestri ilə çalışırdıq. Hamı deyirdi ki, "oturub ağlayırıq proqrama baxdıqca". Amma heç kim 1 manatından keçib kimsəsiz uşağa 1 səs göndərmirdi. İnanın ki, 1 səs belə gəlmirdi. Baxırdıq ki, "Yeni ulduz"da bir müğənniyə 200 minlik səs gəlib. Biabırçılıq idi. 

- Bəs yerli müğənnilərimizin niyə Türkiyədə konsertlərini etmirsiniz?

- Bizim müğənniləri Türkiyədə tanımırlar. Mən Zeynəb Xanlarovaya, Nazpəri Dostəliyeva və Xumar Qədimovaya konsert etdim. Çox da bəyənildi. İndi heç kimi tanımırlar, istəmirlər. O vaxt bizdən rayder istəyirdilər. Zeynəb Xanlarovaya rayder yazdım göndərdim.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/530230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR