Şamaxıda torpaq sürüşməsi yenidən aktivləşib –

Torpaq sürüşməsi Şamaxı şəhərinin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb.

Metbuat.az-ın APA-ya istinadən məlumatına əsasən, son aylar Şamaxıya yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi nəticəsində evlərdə irili-xırdalı çatlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hər gün davam edir və dağdan axıb gələn torpaq kütləsi evlərə doğru hərəkət edir.

Torpaq kütləsi məhəllədaxili yollardan birinin bağlanmasına səbəb olub. Hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb.

Sürüşmə qısa vaxtda pay torpaqları ilə yanaşı həyətyanı sahələri və tikililəri də öz cənginə alıb. Həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib.

Şamaxı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, indiyədək rayon mərkəzində, eləcə də yeddi kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib.

Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı şəhərində, eləcə də rayonun Çabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı, Acıdərə və Qaleybuğurd kəndlərdə daha çox müşahidə olunur. Həmçinin, torpaq sürüşməsi yaşayış məntəqələri ilə yanaşı Şamaxı-Qızmeydan avtomobil yoluna da ciddi ziyan vurub. Yolun 4, 6 və 10-cu kilometrliyində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb. Elə bu səbəbdən də avtomobillərin hərəkəti çətinləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR