Toy gecəsi yaranan problemlər - "Qorxu bəzən o qədər çox olur ki..."

Toy gecəsi yaranan problemlər - "Qorxu bəzən o qədər çox olur ki..."
21:05 29 Mart 2017
386 Ölkə
Ölkə mətbuatı
A- A+

Nikah və ya zifaf gecəsi bəylə gəlinin ilk dəfə, bir yastığa baş qoyduqları gecəyə deyilir. Nikah gecəsi müxtəlif səbəblər üzündən problemlər yarana bilər.

Milli.Az xəbər verir ki, bu haqda metbuat.az-a açıqlamasında beynəlxalq sertifikatlı həkim-psixoterapevt, hipnoloq, seksoloq, Avropa Psixoterapiya Assosiasiyasının həqiqi üzvü Şəmsəddin Babayev açıqlama verib. O, asan anlaşılması üçün onları 3 qrupa bölüb:

1. Qorxu, həyəcanla bağlı problemlər;

2. Məlumatsızlıq və təcrübəsizlikdən yaranan problemlər;

3. Erektil disfunksiya və ya cinsi zəiflik (impotensiya) və erkən eyakulyasiya (sperma ifrazı) nəticəsində yaranan problemlər".

"Birinci problemlərə səbəb, qorxu və həyəcandır ki, bu da bəzi qızların nikah gecəsi barədə yanlış söhbətlərdən aldığı psixi zədələrdir. Qorxu bəzən o qədər çox olur ki, bəy gəlinə toxunmaq, hətta yaxınlaşmaq belə istədikdə, qızın cinsiyyət üzvləri və çanaq dibi əzələləri, bəzən qolları, ayaqları və bütün bədəni sıxılır. Təbabətdə buna vaginizm (latınca vagina - uşaqlıq yolu) deyilir.

İkinci problem ər-arvadın cinsi əlaqə və cinsi həyat barədə məlumatsızlığından, təcrübəsizliyindən və s. ibarətdir. Bəzən bəy-gəlin nikah gecəsi bilmir ki, nəyi necə etməlidir, bu da ailədə sərt tərbiyənin nəticəsidir.

Üçüncü problem kişilərdə erektil disfunksiya (cinsi zəiflik, yəni impotensiya) və erkən eyakulyasiya ilə bağlıdır. Bu halı törədən tibbi-psixoloji səbəblər müxtəlifdir. Psixoloji səbəbləri qısaca araşdıraq: "Əvvəllər zəif olmayan bəy cinsi əlaqə barədə eşitdiyi yalnış söhbətlərdən aldığı psixi zədədən nikah gecəsi zəifləyir. Gəlinin qorxu keçirməsi, yengənin bayırda gözləməsi, yatağın gizli və rahat yerdə olmaması kimi hallar da bəyi həyəcanlandırır. Oğlana bəzən uzun müddət nişanlı qalmaq da pis təsir edir. Bəy psixogen səbəbdən həyəcan keçirir, nəticədə cinsi orqan ya normal oyanmır, ya da normal oyanır, amma erkən eyakulyasiya baş verir və normal cinsi əlaqə yaranmır. Nikah gecəsi "bəy-gəlin bağlanıb", "tilsimə düşüb", "qorxub", "cadulanıb" və s. kimi xalq arasında yayılan söhbətlər də elə bu səbəblərdən yaranıb".

Həkim əlavə edib ki, xalq arasında yaranan "bəy-gəlin bağlanıb, cadulanıb" və s. söhbətlər tibbi seksologiyada əslində psixogen səbəbdən kişilərdə yaranan erektil disfunksiya (impotensiya və erkən boşalma) və qadınlarda yaranan vaginizm adlanır. Yəni bu problemlər nə androloqa, nə də ginekoloqa aid deyil, onların müalicəsi həkim-psixoterapevt, seksoloq tərəfindən aparılmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR