Ürək üçün faydalı, həyat üçün zəhərli

Ürək üçün faydalı, həyat üçün zəhərli
23:22 29 Mart 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Gözəl və yaraşıqlı çiçəklərdən ibarət kol bitkisi olan oleandrın dibçək formasının zoğları elastik, yarpaqları tünd yaşıl, ensiz və lentşəkillidir, bir qədər söyüd yarpağını xatırladır. Çiçəkləri ətirli, al-qırmızı, çəhrayı və ya ağ rəngdə olur, salxım çiçək qrupunda toplanır. Yazın əvvəlindən payıza qədər çiçək açır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, işıqsevən bitki olduğuna görə onu günəş şüaları altında becərmək lazımdır. Quraqlığa dözümlüdür və yüksək rütubət tələb etmir. Çoxaldılması qələm yolu ilə aparılır.

Oleandr haqqında çoxlu əfsanə var və onlardan biri də Makedoniyalı İsgəndərin qərib diyarda gecələmək istəyən döyüşçüləri haqqındadır. Döyüşçülər kiçik Asiya yaylasından Hindistana doğru irəliləyərkən yemək bişirmək üçün gözəl və yaraşıqlı çiçəkləri olan ağacın zoğlarını qırıb ocaq qalayıblar. Yeyib-içəndən sonra əhvalları yaxşılaşıb, lakin səhər açılanda onlardan heç biri yuxudan ayılmayıb...

Əfsanədə oleandrın iki xüsusiyyəti - bir tərəfdən ürək-damar sistemini tonuslandıran ən güclü, digər tərəfdən floranın ən zəhərli bitkilərindən biri olması öz əksini tapıb.

Zəhərli olduğuna görə həkim məsləhəti olmadan ondan müalicə məqsədi ilə istifadə etmək çox təhlükəlidir. Qırılarkən budağından axan süd və toxumları xüsusilə zəhərlidir. Azyaşlı uşaq olan evdə onu becərməkdən çəkinmək lazımdır.

Oleandrla zəhərlənmə zamanı ürək vurğuları zəifləyir, qarında sancılar, ishal və qusma baş verir, bəzən hətta bayılma və tənəffüsün dayanması da yarana bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/530181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR