Avropa çempionatı:

Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Güləşçilərimiz ilk yarış gününü 1 qızıl və 1 bürünc medalla başa vurmuşdular. Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanmışdı.

Metbuat.az xəbər verir ki, ikinci yarış günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulublar. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurub.

61 kq-da mübarizə aparan Əli Rəhimzadə ardıcıl olaraq Almaniya və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiya idmançısı ilə gərgin keçən görüşü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. İsveçrə təmsilçisini tam üstünlüklə məğlub edən Əli çempionatın bürünc medalını qazanıb.

70 kq çəkidə təmsilçimiz Hacımurad Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda Rusiya idmançısından da üstün olan Hacımurad Avropa çempionatının qızıl medalına sahib olub.

86 kq-da yarışan Kənan Əliyev Belarus və İtaliyadan olan rəqiblərini üstələsə də, yarımfinalda yerli macar idmançı ilə gərgin keçən görüşdə məğlub olub. Axşam proqramında güləşçimiz İsveçrə təmsilçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibini üstələyən Kənan Əliyev çempionatın bürünc medalını qazanıb.

Beləliklə, U-23 Avropa çempionatında iki gün davam edən sərbəst güləş yarışlarını yığmamız 2 qızıl və 3 bürünc medalla tamamlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR