Müalicəvi zəlinin saxlanılma qaydası

Son illər bir sıra xəstəxana və klinikalarda mikrocərrahiyyə və kosmetoloji müalicə vasitəsi kimi zəlidən geniş istifadə olunur. Lakin ondan necə istifadə olunmalıdır və saxlanılma qaydası necədir?

Metbuat.az bildirir ki, AZƏRTAC-ın müxbirinin həmin suallarına Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov cavab verərək deyib: "Zəli saxlanılmasının iki əsas xüsusiyyəti var: biri suyun istiliyi, digəri isə suyun tərkibində xlorun dərəcəsidir. Zəli xlorsuz suda saxlanılmalı, suyu günaşırı dəyişdirilməli və hərarəti 16-20 dərəcədən yuxarı qalxmamalıdır. Həşərat bir bankadan digərinə salınarkən suyun temperaturu eyni olmalıdır. 1 litr suda 50-dən çox zəli saxlamaq düzgün sayılmır. Zəli bir dəfə istifadə ediləndən sonra yenidən tətbiq edilməməli və müalicə prosedurundan sonra tərkibi 70 faizli spirt olan bankaya qoyulmalıdır. Prosedurdan sonra zəlinin tətbiq edildiyi sahəyə gel, losyon və ya digər məhlullar sürtülməməlidir. Həmin nahiyə steril şəkildə təmizlənməli və yaxud ilıq su ilə silinməlidir".

Prosedurun aparılma qaydası haqqında məlumat verən E.Rəhimov deyib: "Zəli bəzən istənilən nahiyəni tutmayanda onu orqanizmin həmin nöqtəsindəki çirkli qanı sormağa məcbur etmək lazımdır. Bəzən həmin nahiyə iynənin ucu ilə deşilərək qan gəlməsinə şərait yaradılır ki, zəli həmin nahiyəni tutsun. Zəli qanı soraraq şişir və prosedurdan sonra həmin nahiyəni buraxmayanda prosedur isti su ilə tamamlanır. Onun 60-100 dişi olur və yarım saatlıq sorma prosesində öz ağırlığından beş-on dəfə çox qan sorur.

Zəlidən düzgün istifadə edilməsi heç bir ziyanlı nəticəyə səbəb olmur. Qan laxtalanması problemi olan xəstələrdə durulaşdırıcı kimi həmin müalicə formasından istifadə edilir. Ona görə də hemofiliya kimi xəstəliklərdə onun istifadəsi məhdudlaşdırılır. Kəskin allergik reaksiyası olan xəstələrdə zəli tüpürcəyindən ifraz olunan bioaktiv maddələr reaksiya verə, bəzən yara yerində qaşınma əmələ gətirə bilər. Prosedur mütəxəssislə məsləhətləşəndən sonra aparılmalı və bəzi qaydalara ciddi şəkildə əməl edilməlidır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR