Azərbaycanın geyim bazarı - Nə tikib, nə satırıq?

Azərbaycanın geyim bazarı - Nə tikib, nə satırıq?
15:47 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

Ölkədə illərdir kiçik sexlərdə, moda evlərində, eləcə də fabriklərdə  geyim istehsal edilir. Lakin hələ də öz brendimizi  yarada  bilməmişik. Düzdür, bəzi  moda evləri məhsullarını brendləşdirməyi müəyyən qədər bacarıb. Ancaq bu geyimlər də böyük kütləyə deyil, dar çərçivəyə hesablandığından bazarda çox deyil.

Məsələnin bir başqa tərəfi də var. Yerli sexlərdə, fabriklərdə tikilən geyimlər  bazara "Made in Azerbaijan" etketi ilə deyil, başqa ölkələrin istehsalı kimi çıxarılır. Səbəb kimi də Azərbaycan istehlakçısının məhsul seçimində brend amilinə daha çox önəm verməsi, bir zamanlar  ölkədə fəaliyyət göstərən fabriklərin keyfiyyətsiz məhsullarının psixoloji təsirindən çıxmaması göstərilir. Qısası, vətəndaşımızın yerli malın keyfiyyətinə etibarı yoxdur. Ona görə də sahibkar tərəfindən aldadılır. Bazarın vəziyyətini daha yaxından araşdırmağa çalışdıq.

Dünya və biz

İlk əvvəl nəzərə çatdıraq ki, geyim istehsalının aid olduğu yüngül sənaye sektoru bir çox ölkələrin büdcələrinin əsas gəlir mənbəyidir. Sadə dildə desək, çörək ağacıdır. Qlobal tekstil və geyim sənayesinin dövriyyəsi  3 trilyon dollar təşkil edir. Geyim sənayesi əsasən, Asiya və digər üçüncü dünya ölkələrinin əlində cəmləşir. Geyim ixracı isə 10 ölkənin - Çin, Avropa İttifaqı, Hindistan, Türkiyə, Banqladeş, Vyetnam, ABŞ, Koreya, Pakistan, İndoneziyanın payına düşür. Onların ixracdan əldə etdiyi gəlirlər ildən ilə artır. Məslən, 1980-ci ildə dünyada  paltar ixracı 40 milyard dolları təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 766 milyard dollara çatıb. 2016-cı il üzrə geyim ixracının 3,7 trilyon dollar olması proqnozlaşdırılıb. Digər bir misal, 2014-cü ildə uşaq geyimləri bazarının həcmi 186 milyard dollar təşkil edib. Son 5 ildə 15 faiz artım qeydə alınıb. Sərbəst geyim bazarının həcmi isə 57 milyard dollara, kişi geyimləri 402 milyard dollar, qadın geyimləri 621 milyard dollara çatıb. Azərbaycana gəlincə, 2015-ci ildə 2,582,361.0 manat dəyərində paltar və alt geyimlərinin satışı reallaşdırılıb. O ki qaldı, adambaşına düşən geyim xərclərinə,  Dövlət Statistika Komitəsinin bu yöndə rəqəmləri bir qədər təəccüblüdür.

Komitənin hesabatlarına əsasən,  2015-ci ildə adambaşına düşən istehlak xərci 245,6 manat olub. Bunun 16,9 manatı  paltar və ayaqqabıya sərf edilib. Xırdalasaq, muzdla işləyənin  aylıq adambaşına düşən paltar və ayaqqabı xərci 18,3 manat, özü məşğul olanların 16,4 manat, pensiyaçıların 15,6, digər qrupların 17,1 manat olub. Bazardakı qiymətləri nəzərə aldıqda, bütün bu rəqəmlərin reallıqla uzlaşmadığı aydın olur. Çünki, Azərbaycanda geyim idxal məhsulu sayıldığından kifayət qədər bahadır. Yerli sexlərdə istehsal olunan geyimlər isə dəyərinə görə heç də idxal məhsullarına uduzmurlar. Beləliklə, ən kobud hesablamalarla bir nəfərin aylıq geyim xərci 100 manat  təşkil edə bilər, nəinki 16,9 manat. Söhbət minimal qiymətlərlə alış-verişdən gedir. Lakin sözümüz bu deyil.

Geyim istehsalı rəqəmlərdə

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda geyim istehsal olunur. Məsələn, 2015-ci ildə 52,6 milyon manat dəyərində geyim istehsal edilib. 2014-cü ildə bu rəqəm 54,5 milyon manat olub. 2015-ci ilin statistikasına əsasən geyim istehsalında fəaliyyət göstərən müəssisələrin sayı 52-yə çatıb ( 2013-cü ildə bu rəqəm 75, 2011-ci ildə 80 müəssisə təşkil edibmiş). Müəssisələrin cəmi 7-si dövlət, 45-i qeyri-dövlət müəssisəsidir. Sənaye fəaliyyəti ilə məşğul olmaq üçün 947 sahibkarlar qeydə alınıb. Əsas kapitala qoyulan investisiyaların həcmi isə 10 milyon manat təşkil edib. Ancaq gəlin görək, bu rəqəmlər geyim bazarında  görünürmü? Hesabatlardan belə bəlli olur ki, bizim müəssisələr əsasən kişilər və oğlanlar üçün köynəklər (90 min ədəd), trikotaj-corab məmulatları (3739 ədəd), alt trikotaj (238,3 min ədəd) istehsal edirlər. Nəticədə də ildən-ilə idxal artır.

2017-ci ilin ilk 2 ayında paltar və geyim ləvazimatlarının ixracı 214.06 min manat , idxalı 13 557,26 manat, maşınla və ya əllə toxunmuş trikotaj geyim əşyaları və geyim ləvazimatlarının ixracı  99.19 manat, idxalı 13 324.95 manat olub. Hər iki mal qrupu üzrə idxalın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə artıb.

Bazarda hərc-mərclikdir

Yerli müəssisələrimiz niyə gündəlik geyim məhsulları istehsal etmir və ya istehsal edilirsə, bazarda "Made in Azerbaijan" etiketi ilə markalanmış məhsullara  rast gəlinmir? Sual ətrafında böyük istehsal müəssisələrinə və sexlərə müraciət etdik. Aşağıdakı mənzərə alındı.

"Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin rəhbəri Etibar Əzimov bildirdi ki, fəaliyyətləri üç istiqamətdə fokuslanıb: "Azərbaycan Respublikası hərbi qulluqçuları, Daxili İşlər Nazirliyinin əməkdaşları üçün geyimlər, eləcə də məktəblilər üçün formalar istehsal edirik.Hərbi qulluqçular və nazirliyin əməkdaşları üçün geyimlər tenderin nəticəsi olaraq dövlət sifarişi əsasında həyata keçirilir. Məktəbli formalarına gəlincə, bazarda artıq özünə müştəri qazana bildiyindən bəzi sexlər etiketlənmədə bizim tikiş evinin adından istifadə edirlər". Məlum oldu ki, tikiş evi hələ digər geyim növlərinin istehsalına hazırlaşmır: "Ehtiyac olarsa, istehsal edə bilərik".  

"Bakı Tekstil Fabriki" MMC-dən isə qeyd edildi ki, kataloq təqdim olunduğu halda fabrik gündəlik geyim növlərinin istehsalını həyata keçirir. O ki qaldı onların bazarda hansı brend adı altında satılmasına, öyrəndik ki, burada məsələ təkcə Azərbaycan alıcısının öz yerli məhsulunun keyfiyyətinə inanmaması deyil: "9 brendimiz var və onları çox çətinliklə bazarda saxlaya bilirik. Bundan əlavə ucuz idxal məhsulları yeli malların satışına imkan vermir. Məcburi şəkildə qiymətləri endiririk. Bu da müəssisənin fəaliyyətinə təsir edir". Öyrəndik ki, Bakı Tekstil Fabriki də dövlət sifarişlərinə daha çox meyillidir.

Daha bir böyük istehsalçı "Gilan Tekstil Parkı" müəssisəsindən də bildirildi ki, konkret sahə üzrə ixtisaslaşıblar. Bazara "Gitex" ticarət nişanı ilə müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar,  uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar çıxarırlar.  Əksər hotellər üçün dəsmallar istehsal edirlər. Bazarda artıq özlərinə yer tuta biliblər.

Sexlərə gəlincə, araşdırmalarımız nəticəsində bəlli oldu ki, onların fəaliyyəti iki qrupa bölünür - məşhur brendlərin geyimlərini saxtalaşdıranlar, sifarişlə bahalı geyimlər tikənlər. Birincilərdən başlayaq. Bu sexlər əsasən gizli fəaliyyət göstərirlər. Onların fəaliyyəti bir növ piratçılıq xarakteri daşıyır. Belə ki, məşhur brendlərin modellərinin saxtasını tikirlər.Hər geyimin tikilməsi üçün də işçilərə 2 manat ödənilir.

İkincilərə gəlincə, bu sexlərin vəziyyəti pis deyil. "V Nine" tikiş sexinin mütəxəssisi Angelina Miloserdova bildirir ki, istehsal etdikləri bütün geyimlərdə istehsalçı ölkə kimi Azərbaycan göstərilir. Bu onların satışına mənfi təsir etmir: "Parçalarımız xaricdən gətirilir. Dizaynerlər tərəfindən hazırlanan eskizlər dərzilərə təqdim edilir. Kolleksiya hazır olduqdan sonra butiklərimizə təqdim edilir. Məhsullarımız çox yaxşı satılır. Müəyyən alıcı təbəqəmiz var və sifarişlərimiz az deyil. Yəni Azərbaycan istehlakçısını keyfiyyətimizə inandıra bilmişik".

Onu da öyrəndik ki, "V Nine"nin geyimləri 500 manatdan başlayır. Sex məhsullarını kütləvi alıcıya hesablamayıb.

L.Əliyeva
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/530562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR