Ana südünün əvəzi, vəhşi sürüdən yemək masasına, bir sənədin sirri... – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Ana südünün əvəzi, vəhşi sürüdən yemək masasına, bir sənədin sirri... – SƏBUHİ MƏMMƏDLİ YAZIR
16:34 30 Mart 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

 

90-cı illər Bakısının qəssabxanalarını orta və yaşlı nəsil unutmayıb, yəqin. Heç bir sanitariya şəraiti olmayan, bəzən yolun üstündə, tozun-torpağın arasında satılan ət və ət məhsullarının mənşəyini belə bilməzdik. Zebu ətindən tutmuş, kenquru ətinədək müxtəlif heyvanların əti satılırdı Bakıda. Hər halda, belə deyirdilər: “Bu boyda qabırğalı heyvan olmaz”, “bunun budu bir cöngə boydadır”...


 

Mən bir dəfə də əcaib şəkildə ət satışına Pakistanda, daha doğrusu, İslamabadda rast gəlmişdim. Paytaxtın düz mərkəzində, gecə yarı qəssablar kəsdikləri heyvanın demək olar ki, bütün bədən üzvlərini satlığa çıxarmışdılar. O vaxt məni İslamabadda müşayiət edən dostumuz demişdi ki, Pakistanda ət çox bahadır, ona görə də kəsdikləri heyvandan maksimum istifadə etmək istəyirlər. İstər inək olsun, istər qoyun, istər camış.

 

- At, eşşək əti də satırlarmı?

 

- Atı bilmirəm, amma eşşək əti yox. Haramdır deyirlər, həm də zərərli…

 

Son günlərin eşşək ajiotajından sonra bir məsələ doğrudan da gündəmi zəbt elədi; söhbət 5 minə yaxın eşşəyin itməkliyindən gedirdi. Və ilk şübhələr də, təbii ki, ucuz dönərxana və kafelərə yönəldi. Ajiotaj o qədər böyüdü ki, bu gün kənd təsərrüfatı nazirliyinin rəsmisi belə dilə gəlməyə məcbur oldu:

 

“Eşşək əti zərərli ət deyil. Bizdə ənənəvi olaraq eşşək ətindən istifadə olunmur. Bəzi hallarda rast gəlinən neqativ hal ondan ibarətdir ki, eşşək, at əti və s. ətlər öz adı ilə deyil, başqa adlarla təqdim olunur. Məsələn, mal əti adı ilə istehlakçılara satılması qanun pozuntusudur. Eşşək əti öz adı ilə müvafiq qaydada müayinələrdən keçsə, mənşəyi bilinsə və satışa təqdim olunsa, istehlak oluna bilər. Eşşək adı ilə at ətinin satılması hallarına bizdə rast gəlinməyib”.

 

Vəssalam, hələlik bu qədər. Amma Lent.az olaraq durmadıq bu məqamda, araşdırma aparmaq qərarına gəldik. Nədir axı bu eşşək əti? Ondan kimlər və harada istifadə edirlər. Zərəri varmı? Təsadüfən mədəmizə ötürsək, başımıza bir iş gəlməzmi?

 

*** 
 

Hələ ta qədimlərdən, eramızdan da neçə min il əvvəl əhliləşdirilən eşşək əsasən yük daşımalında istifadə edilib. Özü də dözümlülüyünə görə. Çünki eşşək atdan çox dözümlüdür. Atdan fərqli, onlar uzun müddət susuz və qidasız yaşaya bilirlər. Düzdür, istisna deyil ki, qədim insanlar ocaq başına yığışıb hansısa ölmüş və ya sağ eşşəyi də alovda qızartmasın. Axı o, qədim insan idi. Sivilizasiyanın tədricən formalaşması və başqa ev heyvanlarının əhliləşdirilib çoxalmasından sonra eşşək əti arxa plana keçməliydi. Amma bununla belə Çin, Koreya, habelə bəzi Afrika və cənubi Amerika xalqlarının mətbəxində eşşək əti və ondan hazırlanmış yeməklər özünə yer edə bildi. Və indiyədək qalmaqdadır.

 

***

 

Eşşək əti tünd qırmızı rəngdə olur və spesifik iyi var. Bir qədər at və inək ətini xatırladır. Amma nisbətən şirindir.

 

Bu ətdən kulinariyanın imkan verdiyi bütün təamlarda istifadə etmək olar. Amma bir şərtlə, əvvəlcə qaynar suda yuyulmalıdı, xüsusi ədvalar vasitəsi ilə həmin o spesifik iy dəf edilməlidir. Çində və əksər Afrika ölkələrində bu məqsədlə sirkədən və çaxırdan istifadə edirlər. Eşşək ətinin qızartmasının daha dadlı olduğunu deyirlər. Məsələn, bir Çin reseptinə görə, eşşək ətini nazik hissələrə doğrayıb, üstünə duz və istiot əlavə edib tavaya atırsan. Ət qızara-qızara üstünə çaxır tökürsən. Daha sonra isə tərəvəzlə masaya verirsən. Çox az adam onunu eşşək və ya mal əti olduğunun fərqində olar. Yeri gəlmişkən, çinlilər qızardılmış eşşək ətini quru lobya ilə yeməyi xoşlayırlar.

 

Eşşək əti gec bişir. Əvvəlcə onu azı 3 saat qaynatmaq lazımdır. Suya isə dəfnə yarpağı atmaq məsləhətdir. Çox az adam bilir ki, eşşək ətindən əla salyami hazırlanır. Xüsusən də İtaliyada, Siciliya adasında. Yerli kulinarlar eşşək ətini qızardandan sonra onun tərkibinə azca çörək qırıntısı və yumurta qabığı əlavə edirlər. Bu salyamilər Neapol, Palermo kimi şəhərlərdə əməlli delikates sayılır.

 

***

 

Eşşək əti bəzi xalqlarda mal və donuz ətinə alternativ sayılır. Məsələn, eşşək ətinə üstünlük verən kulinarlar deyirlər ki, bu ətdə zülalların sayı başqa heyvanlardan çoxdur və ekoloji cəhətdən daha təmizdir. Çünki onun tərkibində antibiotiklər yoxdur. Eşşək ətinin tərkibində olan dəmir, kalium, maqnium, fosfor və sink heç bir əti yeməli heyvanda yoxdur. Amma bununla belə, eşşək ətində xolesterin çoxdur ki, bunu şəkərli və hipertoniyalı xəstələrin yeməsi məqsədə uyğun deyil. Yeri gəlmişkən, eşşək ətinin 100 qramı 143 kkal enerji yaradır.

 

Eşşək əti müxtəlif ölkələrdə müxtəlif qiymətədir. Məsələn, Çində bir kiloqramı 10 dollara yaxındır. Qırğızıstanda isə bir eşşəyin qiyməti 10000 yerli somadır. Bu isə 150 dollara yaxın pul edir. Burada eşşəklərin kütləvi Çinə satıldığını görən yerli ekspertlər ötən il hay-küy qaldıraraq ,ixracın qabağını ala biliblər. Misirdə isə eşşək əti dinə görə haramdır. Amma bütün hallarda, bu əti 4 dollardan ucuz tapmaq mümkündür.

 

***

 

Bəs Azərbaycanda? Hə, gəldik əsas məsələyə. Söhbət ondan gedir ki, Azərbaycanda açıq şəkildə eşşək əti satılmır heç yerdə. Amma  mal ətinin içərisində gizli şəkildə insanlara satılır. İstisna olunmur ki, dönərxanalara da verilir.

 

Ekspert Eyyub Hüseynov maraqlı bir məqamdan danışır. Deyir, rəhbəri olduğu Azad İstehlakçılar Birliyinin əlində keçən əsrin 60-cı illərində hazırlanmış rəsmi sənəd var. Həmin sənəd SSRİ üzrə ətlərin növləri və qiymətləri barədədir. Sənəddə 15 respublika arasında yalnız Azərbaycanda eşşək əti yeməli ət kimi qeyd olunub. Onun qiymətləri və növləri göstərilib.

 

“Mən əminəm ki, o vaxt bu sənədi ermənilər hazırlayıb. Bu vaxta kimi də bu sənədin ləğv olunması haqda dəfələrlə dövlət orqanları qarşısında rəsmi məsələ qaldırmışam ki, bu sənədi kimlərin hazırladığı araşdırılsın. Həmin sənəddə Azərbaycanda eşşək əti yeməli ət kimi işarə olunub, amma o vaxt eşşək əti tam yeyilməyən, heç yaxın durulmayan ət idi. Belə ki, 1962-ci ildə SSRİ-də kim uzunqulaq saxlayırdısa, həmin şəxslər çox böyük məbləğdə cərimə olunurdu. Gecələr sovet məmurları kəndləri və qapıları gəzib, kimin həyətində eşşək görürdüsə, onları cərimə edirdilər. Bununla da əhali eşşəklərdən imtina etdi. Hətta çöllərdə, dağlarda və meşələrdə vəhşi eşşək sürüləri əmələ gəldi. Mən bunu görmüşəm. 1982-ci ildə SSRİ-də böyük ərzaq böhranı oldu. Hətta əhaliyə toyda heyvan kəsmək qadağan olundu. O zaman belə eşşək əti istifadə edilmədi. Amma müstəqillik dövründə və bolluq zamanında qida təhlükəsizliyinə nəzarət edən dövlət orqanlarının diqqətsizliyi nəticəsində eşşək və at ətlərinin əhaliyə satılması gizli meydana çıxıb”.

 

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəisi İmran Abdullayev isə mətbuata verdiyi açıqlamasında qeyd edir ki, Azərbaycanda eşşək ətindən dönər hazırlanması xalqın mentalitetinə uyğun deyil. “Düzdür, qanunvericilikdə eşşək, yaxud at ətindən dönər hazırlanmasına qadağa yoxdur. Amma standartlara görə, dönər, xammal olaraq mal, qoyun, dana, toyuq əti, qoyun quyruğundan hazırlanmalıdır. Yəni standart var və məhsul da bu standarta uyğun hazırlanmalıdır. Standartda dönərin uzunqulaq, yaxud at əti ilə bişirilməsi ilə bağlı heç bir şey nəzərdə tutulmur. Satışa çıxarılan nə ətidirsə, o adla da satmalıdır”.

 

Eşşək və eşşək əti deyib də keçməyin. Bir dəqiqə durun. İndi sizə eşşək südündən danışacam. “Ögey ana” filmində Nəsibə Zeynalovanın yaratdığı məşhur obraz və dialoq yadınızdadırmı? “Bir dilim sarımsağı eşşək südünə qatıb içsin, xəstəliyi xırıp keçəcək”. Hamımız gülmüşdük bu sözlərə. Amma...

 

Amma eşşək südünün yeni bir faydası aşkar edilib. Sən demə, eşşək südü həm yoğun bağırsağın, həm də bir çox növdə xərçəng xəstəliyinin tamamilə müalicə olunmasında istifadə ediləcək. Türkiyə alimlərinin tətbiqini məsləhət gördüyü bu vasitə ölkədə maraqla qarşılanıb. Artıq Türkiyədə eşşək ferması da qurulub. O da məlum olub ki, eşşək südü öz tərkibi ilə ana südünə də çox yaxınmış. Eşşək südü allergik, həzm, ürək və damar sistemi xəstəliklərində olduqca faydalıdır. Bundan əlavə, astma və bronxit xəstəliyinin müalicəsinə kömək elədiyi, üstəlik, yoğun bağırsaq xərçənginin müalicəsini sürətləndirdiyi məlum olub. Mütəxəssislərin fikrincə, eşşək südünü qaynatmaq olmaz, bu zaman onda xeyirli maddə məhv olur. Elə sağıldığı anda içilməyi məsləhətdir.

 

Araşdırmalar zamanı məlum olub ki, eşşək südünün tərkibindəki lizozim fermentləri ana südündəki fermentlərin sayından üç dəfə çoxdur. Bu maddələr isə bakteriyaların yayılmasının qarşısını alır. Eyni zamanda, bu mayenin tərkibində olan laktoferin maddəsi yaraların sağalmasını sürətləndirir.

 

O ki qaldı 5 min eşşəyin itməkliyinə… Bax, buna doğrudan da heyfsilənmək lazımdır…

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR