Bakıda sürüşmə təhlükəsi olan yerlər açıqlandı

Bakıda sürüşmə təhlükəsi olan yerlər açıqlandı
17:38 30 Mart 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Böyük Bakı ərazisində sürüşmə, yarğan-qobu şəbəkəsi, abraziya və eol prosesləri kimi ekzogen geomorfoloji proseslərin ətraflı öyrənilib. Nəticədə Xətai rayonunun Əhmədli qəsəbəsi, Masazır qəsəbəsi, Yeni Günəşli yaşayış massivi, Ukrayna yamacı, Kərpic zavod ərazisi, Zığ, Gəncə prospekti, Bayıl yamacı və Badamdar qəsəbəsinin sürüşmə təhlükəli ərazilər olduğu məlum olub.

Bunu AMEA Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Seymur Məmmədov Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin iclasında çıxışı zamanı deyib. O, Böyük Bakı ərazisi üçün kəmiyyət və keyfiyyət göstəriciləri əsasında sürüşmə təhlükəliyinin rəqəmsal proqnoz xəritəsi və ona uyğun legendanın tərtib edildiyini qeyd edib. Elmi işçi əldə olunan nəticələrin Böyük Bakının yeni ərazilərində şəhərsalma işlərində istifadə üçün çox qiymətli olduğunu xüsusi vurğulayıb.

Daha Sonra Yer Elmləri Bölməsi üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətlərinin müzakirəsi aparılıb. Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın adlı mükafatlarına namizədlərin seçilməsi ilə bağlı olub. Bölmə tərəfindən Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri, Əməkdar elm xadimi, akademik Vasif Babazadənin "Akademik Musa Əliyev" adına mükafata təqdim edilməsi haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Tədbirin sonunda Neft və Qaz İnstitutunda Təhsil və İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/193138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR