Sabah Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi əsəcək və meteohəssas insanlar üçün çox əlverişsiz hava şəraiti olacaq. Bəs metohəssas insanlar bu cür havada necə davranmalı, nələrə diqqət etməlidirlər?
Publika.az-a danışan kardioloq Ruslan Nəcəfov deyir ki, ürək-damar xəstəliyi olan insanların bu cür havaya qarşı daha çox həssasdırlar: “Bu insanlar həm isti, həm də soyuq havalarda kəskin dəyişikliklərə qarşı reaksiya verirlər. Düzdür, infarkt hallarına əsasən payız, qış aylarında rast gəlinir. Yaz, yay aylarında say azalsa da, xəstəliyin gedişində kəskin, xoşagəlməz hallar müşahidə edilir. Bu aylardakı hava dəyişikliyindən ürək-damar xəstələrinin xəbərdar olması mütləqdir. Çünki bu zaman təzyiq yüksələ, ürək damarlarında tutma, ürəkdə döyüntünün artması halları müşahidə edilə bilər. Elə insanlar var ki, ürək-damar xəstəliklərinin olmasından xəbərsizdirlər. Lakin onlar da havadakı dəyişikliyi qeyd etdiyim halları yaşamaqla hiss edirlər”.
Kardioloq xəstələrin diqqət etməli olduğu məqamlara da toxundu: “Bəzi insanlarda stenokardiya var. Onlar bir müddət piyada gəzəndən sonra ürəkdə ağrılar hiss edirlər. Bu cür insanlar evdə və ya işdə oturaq halda olmaları məsləhət görülür. Metohəssas insanların bu cür havalarda ağır fiziki iş görməməli, hündür mərtəbəyə piyada qalxmamalı və nisbətən az yeməyə, spirtli içki qəbul etməməyə diqqət etməlidirlər. Təkcə ürək xəstələri deyil, şəkərli diabet xəstələri də bu günlərdə diqqətli olmalıdır. Bu insanların açıq havada da uzun müddət qalması məsləhət görülmür”.
Milli Hidrometeorologiya Departamentinin
Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad
Məmmədova Publika.az-a açıqlamasında hava şəraiti ilə
bağlı aidiyyəti qurumların hamısına xəbərdarlıq göndərdiklərini
dedi. O, bu cür havanın nə qədər davamlı olacağına da aydınlıq
gətirdi: “Sabah gün ərzində şimal-qərb küləyinin güclənməsi
gözlənilir. Mart ayının 31-də ölkə ərazisində əsəcək güclü külək
aprel ayının 1-də zəifləyəcək. Aprelin 1-i səhər saatlarından
şimal-qərb küləyinin tədricən mülayimləşməsi və günorta saatlarında
şimal şərq küləyi ilə əvəz edilməsi gözlənilir. Bölgələrdə də
qeyri-sabit hava şəraiti aprelin 3-dək davam edəcək, Bakıda güclü
külək isə yalnız sabah gün ərzində müşahidə ediləcək. Atmosfer
təzyiqinin xeyli yüksəlməsi güclü küləkli hava mart ayı üçün
xarakterikdir. Küləyin sürəti ilə bağlı aidiyyəti təşkilatlara
məlumat verilib. Onlar da yəqin ki, buna uyğun olaraq tədbir
görəcək”.
Gülxar