Nefti əvəz edən tükənməz resurs - “Ağ qızıl”

Nefti əvəz edən tükənməz resurs - “Ağ qızıl”
18:23 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatları və fermerlər Prezident İlham Əliyevin martın 27-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsini təqdir edir.

Prezidentin müşavirəsinin əhəmiyyətini qeyd edən tanınmış şəxslər Azərbaycanda pambıqçılığın artıq bərpa edildiyini, 2016-cı ilin pambıqçılığın inkişafında dönüş ili olduğunu bildirirlər.

Onlar qeyd edir ki, pambıqçılığın inkişafı məşğulluğun artırılması və regionlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır.

Pambıqçılığın inkişafı sosial layihə olduğu üçün, bu sahə yüngül sənayenin inkişafına da böyük təkan verəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-deputat Vahid Əhmədov bildirib ki, ölkə başçısının Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair keçirdiyi respublika müşavirəsi onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına diqqət və qayğı böyükdür:

“Hazırda dünyada neftin qiyməti aşağı endiyi üçün xarici valyutaların Azərbaycana gəlməsi vacibdir. Bunun üçün də ixracyönümlü məhsulların istehsalına diqqət artıb.

Digər tərəfdən isə kənd təsərrüfatının, o cümlədən pambıqçılığın, ipəkçiliyin, meyvə-tərəvəz və digər məhsulların inkişaf etdirilməsi Azərbaycanda yeni iş yerlərinin yaradılması deməkdir. Buna görə də dövlət tərəfindən bu sahəyə böyük vəsait yatırılır”.

V.Əhmədov qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda pambıq yığımının 300 min tona çatdırılacağı nəzərdə tutulur:

“Bütün bunlar böyük göstəricidir. Eyni zamanda, Azərbaycanda 20 yeni pambıq emalı zavodu işə salınıb. Regionlarda böyük sənaye parkları salınır. Bütün bunlar əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına da müsbət təsir göstərəcək. Əhalinin 60 faizi kənd təsərrüfatı ilə məşğul olduğu üçün cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə diqqət və qayğı göstərməsi çox düzgün addımdır.

Bundan başqa, Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyev də Prezidentin verdiyi tapşırıqların vaxtında icra olunmasına nəzarət edir”.

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, 63 saylı Sabirabad birinci seçki dairəsindən seçilən deputat Elçin Quliyev deyib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı ölkəmizdə qeyri-neft sektorunun dirçəldilməsi üçün ən vacib amillərdən biridir:

“Azərbaycan aqrar respublikadır. Ona görə də ölkəmizdə kənd təsərrüfatının və pambıqçılığın inkişafı lazımdır. Bu sahədə dövlət başçısı tərəfindən əhəmiyyətli addımlar atılır, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına vəsait ayrılır.

Müşavirədə cənab Prezident qeyd etdi ki, bu il 106 min hektar pambıq əkiləcək. Bu isə 200 min nəfər insanın iş yeri ilə təmin olunması deməkdir”.

Deputat əminliklə söyləyib ki, aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı Azərbaycanı neft ölkəsindən, qeyri-neft sektoru ölkəsinə çevirəcək:

"Təkcə pambıqçılığın deyil, üzümçülük, fındıqçılıq, zeytunçuluq, baramaçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişafına böyük dövlət qayğısı var. Cənab Prezidentin tapşırığı ilə Azərbaycanda aqrar sahənin inkişafına davamlı olaraq dövlət dəstəyi verilir. Konkret olaraq, Prezident İlham Əliyevin martın 27-də Saatlıda keçirdiyi müşavirə bütün bunların uğurla həyata keçirildiyini göstərir”.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Əli Bayramov isə qeyd edib ki, Prezident İlham Əliyevin Saatlıda keçirdiyi müşavirə çox böyük əhəmiyyət kəsb edir:

“Bilirsiniz ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə pambıq və digər təsərrüfatlarda geriləmə yarandı. Ancaq sonrakı illərdə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən bu təsərrüfatların bərpası istiqamətində mühüm addımlar atıldı. Bunun nəticəsidir ki, son illər Azərbaycanda kənd təsərrüfatının inkişafı güclənib”.

Ə.Bayramov xatırladıb ki, Sovet İttifaqı dövründə Azərbaycanda 1 milyon ton pambıq istehsal olunurdu:

“İndi ölkə başçısı da çalışır ki, bu rəqəm bərpa olunsun. Bu, Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşması üçün də çox vacibdir.

Digər tərəfdən isə pambıqçılığın inkişafı Azərbaycana milyonlarla xarici valyutanın gəlməsi, yeni iş yerlərinin açılması və ölkəmizin iqtisadi inkişafı deməkdir”.

Xatırladım ki, 2016-cı ildə əkilən 51 min hektar pambıqdan 90 min tona yaxın məhsul götürülüb. Ötən il 1800 ədəd texnika alınıb, 2017-ci ildə isə 3 811 ədəd texnika sifariş edilib.

Bu il isə 136 min hektarda pambığın səpini və orta məhsuldarlığın 20 sentner səviyyəsində olması və 270 min ton pambıq tədarükü gözlənilir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/tehlil/193144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR