TAP-la baglı sensasion xəbərdarlıq: “Ehtiyatlı olun, ruslara işləyirlər...”

TAP-la baglı sensasion xəbərdarlıq: “Ehtiyatlı olun, ruslara işləyirlər...”
22:12 30 Mart 2017
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, neçə gündür İtaliyanın cənubundakı Apuliya bölgəsində Azərbaycan qazını Avropaya çıxaracaq Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kəmərinin tikintisinə qarşı etirazlar keçirilir, polislə toqquşmalar baş verir. Bu aksiyaların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan, keçmiş şoumen Beppe Grillonun rəhbərlik etdiyi "5 Ulduz" hərəkatı və onun yaratdığı "No TAP" ictimai komitəsidir. Komitə kəmərin tikintisinin çoxillik zeytun ağaclarına ziyan vuracağını iddia edir, ümumiyyətlə bildirir ki, bu kəmər və Azərbaycan qazı İtaliyaya lazım deyil. Hökumət bu layihədən imtina etməlidir. Başqa sözlə, kəmərin zeytun bağlarına zərər vuracağı haqda iddialar əslində TAP-ın qarşısının alınmasına, yaxud ləngidilməsinə hesablanmış siyasi intriqalara xidmət edir. Bu məsələ çoxdan aydındır və hətta rəsmi Bakı dəfələrlə buna eyham vurub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, "5 Ulduz" hərəkatının və onun lideri Beppe Grillonun Rusiya ilə əlaqələri barədə əvvəllər yazılıb. Ümumiyyətlə, İtaliya Avropada rusiyameylli qüvvələrin siyasətdə ən güclü olduğu ölkə hesab oluna bilər. Bu ölkədə "5 Ulduz" hərəkatı ilə yanaşı ultrasağçı "Şimal Liqası" hərəkatı da açıq-aşkar rusiyameylli hesab edilir.

İndi İtaliyanın cənubunda TAP-a qarşı çıxanların karabinerlərlə toqquşduğu bir vaxtda ABŞ hökumətindən Romaya mesaj gəlib: ehtiyatlı olun, Rusiya qarşıdakı seçkilərdə "5 Ulduz" hərəkatını hakimiyyətə gətirmək istəyir.

İtaliyanın "La Stampa" qəzetinin yazdığına görə Amerika administrasiyasındakı mənbələr Rusiyanın İtaliyadakı qarşıdakı parlament seçkilərinə müdaxilə edib özünə yaxın qüvvələri hakimiyyətə gətirmək planlarından narahatdır. Bu, Rusiyanın bütün Avropanı əhatə edən və artıq ABŞ-da tətbiq edilmiş siyasi manipulyasiya planlarının bir hissəsidir. Qəzetin yazdığına görə Vaşinqton Rusiyanın "5 Ulduz" hərəkatı və "Şimal Liqası" ilə işləməsindən məlumatlıdır. Sonuncunun seçkilərdə daha aşağı perspektivləri var.

Qəzetin yazdığına görə Vaşinqtonda deyirlər ki, Rusiya bütün Qərbi parçalamağa və zəiflətməyə çalışır. Bu məqsədlə ABŞ-la Avropa arasında ənənəvi müttəfiqlik münasibətlərinə qarşı çıxan siyasi qüvvələrlə işləyir, onları maliyyələşdirir. Habelə informasiya hücumu həyata keçirir. Belə hücum Baltik ölkələrində də işə salınıb, lakin onlar sovet taktikasına yaxşı bələd olduqlarından rusların məqsədini dərhal anlayıblar. Ancaq rusların siyasi manipulyasiyası bütün Qərbi Avropanı bürüyüb, onların çoxu məsələnin mahiyyətini dərk edib özlərini müdafiə edə bilmir.

Qəzetin yazdığına görə, "5 Ulduz" və "Şimal Liqası" Rusiya ilə əlaqələrini inkar etmir. Lakin Vaşinqtonda olan məlumatlara görə narahatlığın ölçüsü daha böyükdür. Gözlənilir ki, yaxın vaxtlarda Vaşinqton və Roma Beppe Grillonun partiyasının Apenin yarımadasında "Kremlin emissarı" qismindəki roluna dair əhatəli araşdırmalar aparacaq.

Qeyd edək ki, bundan əvvəl Cənub Qaz Dəhlizinin üzərində yerləşən digər ölkədə-Yunanıstanda Moskvaya simpatiyası olan solçuların hakimiyyətə gəlməsindən sonra həm TAP kəmərinin tikintisinə dair qərarlar ləngidi, həm SOCAR-ın bu ölkənin qaz paylayıcı şəbəkəsinin operatoru olan DESFA şirkətinin səhmlərinin üçdə ikisini almasına dair razılaşma ləğv olundu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/530684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR