Emosional və zərif varlıqlar

Emosional və zərif varlıqlar
22:22 30 Mart 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

"Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa (yenə də onlarla keçinin çünki), çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur". (4:19)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütləq bir şər yoxdur. Allah belə bir şər yaratmayıb. Şər gətirən istənilən bir işin xeyir tərəfi də var. Elmin inkişafı hesabına artıq ilan zəhərindən belə, tibb-kimya sektorunda faydalı istiqamətdə istifadə edilir.
Hər ötən gün daha çox şahid oluruq ki, xeyirli şeylərdən şərdə istifadə etmək mümkün olduğu kimi, mənfiləri də müsbətə çevirmək olur. Bunun üçün isə sadəcə cəhd və səbir lazımdır.
Ümumilikdə Allah evli cütlərin hər birinə pis həyat yoldaşı müqabilində səbir etməyi buyursa da, yuxarıdakı ayə birbaşa olaraq kişilərə şamil olunur. Belə ki, Allah Təala kişiyə öz xanımı ilə yaxşı rəftar etməsini tövsiyə edir və hətta motivasiya etmək üçün xoşlamadığınız kəsdə də lütflər ola bilər deyə buyurur. Bir çox çətinliklər insanların istedadlarını inkişaf etdirir, səbir və dözüm yaradır.
Yaradılış baxımından kişinin qadından üstünlüyü onun zor tətbiqinə deyil də, zora səbir etməsinə xidmət etsə, yaxşı olmazmı?
Dövlət Statistika Komitəsinin göstəricilərinə görə 1995-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 5669, 2005-ci ildə 8895, 2011-ci ildə 10747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12088, 2015-ci ildə 12764 boşanma qeydə alınıb.
Ötən il üçün isə 13 000-dən daha çox olub.
Ailə institutu iflic olmuş Qərb ölkələri ilə müqayisədə şad olacaq rəqəmlərə sahib olsaq da, unutmayaq ki, elə o ölkələr də ölümcül xəstəliyə doğru belə addımlar ilə yola çıxmışdılar. Sözün həqiqi mənasında bizi faciə gözləyir.
Quranı tək tərcümə ilə oxunmaqla yetinməyək, mütləq təfsiri çalarlara diqqət yetirək ki, İlahi kəlamlar bizə tam aydın olsun.
Qeyd etdiyimiz ayə ilə bağlı Möhsün Qiraəti ağa "Nur təfsiri"ndə (|-|| cild; səh 592) yazır ki:
"Kişi dəyirmanın alt daşı kimidir. O xoşrəftarlı olub, çətinliklərə dözməlidir. Bir çox xeyirlərinə həyatın çətinlikləri ağuşundadır. Övladların səadəti üçün ailə problemlərinin həlli, səbirli və xoşrəftar olmaq ayrılıq və boşanmadan yaxşıdır. Bəzən xeyir və şər bizim istəklərimizə uyğun olmur. Bizim xoşlamadığımız bir şeydə Allah böyük faydalar qoya bilər. Bir sözlə, insan nəyin xeyirli olmasından tam xəbərdar deyil".
"İslamda qadın hüquqları tapdalanır və s." deyənlər sadəcə "Nisa" (Qadınlar) surəsinin 19-21- ci ayələrinə təfsir ilə göz atsalar, qadınların hətta mülkiyyət hüququ ilə də tanış ola bilərlər.
Qədimdə ailəsi dağılan kişiyə pis baxılırdı, nəinki qadına. Belə ki, hər iki halda istər ailə pis kişi və ya pis qadın ucbatından dağılsın, ictimai qınaq bu sual ilə başlayırdı: "Sən necə kişisən ki?!".
İqtisadiyyatı çöküb, manatı ölən vətəndaşın səbir və hövsələsi daraldığına görə, ailədaxili münaqişələrə tab gətirməyi çətin olsa da, mümkünsüz deyildir. Bu günə qədər inandığım əsas prinsiplərdən biri də "İnsan istədiyini edər"-dir. Yəni insan istədiyini edər, yetər ki, ilk növbədə istəməyi bacarsın.
Bir şeyi unutmamaq lazımdır ki, bütün müstəvilərdə hadisələrə ilkin reaksiyalar əksərən emosional olduğundan, uğursuz olur. Əziz azərbaycanlı kişisi, bu da bir reallıqdır ki, qarşınızdakı şəxs varlıq olaraq emosional və zərifdir. Mümkün qədər onların ilkin reaksiyalarına köklənməyin və əsla onları qıracaq sözlər işlətməyin.
Əgər kişi qadından fiziki güclüdürsə, o zaman bu gücü səbirə yönəltsin ki, ailələr belə rahatlıqla dağılmasın.
Bu ayrılığın əsas bədəlini övladlar ödəyir. Necə deyərlər, olan daha çox onlara olur.
Ey müsəlman, xatırla ki, boşanma - sevdiyin Allahın ən nifrət etdiyi şeylərdəndir.
Allah cəmi ailələri hifz eləsin, inşəallah.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR