Rumıniyanın ən titullu klublarından biri "Styaua"nın adı rəsmən dəyişdirilib. Fanat.Az xəbər verir ki, bununla bağlı gedən məhkəmə prosesi başa çatıb.
Qeyd edək ki, "Styaua" ilə bağlı iddianı Rumıniya ordusu qaldırmışdı. Bu adın patent hüququnun orduya məxsus olduğu bildirilmiş və klubdan 2004-cü ildən bəri addan qanunsuz istifadə etdiyi iddia olunmuşdu. Məhkəmə ordunun iddiasının təmin edərək klubun adının dəyişdirilməsinə qərar verib.
Buxarest klubunun prezidenti Cici Bekali gələn mövsüm güclülər dəstəsində çıxış etmək üçün klubun adını dəyişdirəcəklərini, əks halda 4-cü liqaya göndəriləcəklərini bildirmişdi.
Artıq Rumıniya Futbol Federasiyası ad dəyişikliyini təsdiqləyib. "Styaua" klubu bundan sonra FCSB adlanacaq.
Qeyd edək ki, 1947-ci ildə yaradılan "Styaua" klubu tarixi ərzində 26 dəfə Rumıniya çempionu, 22 dəfə ölkə kubokunun, 6 dəfə Super Kubokunun qalibi olub. Bu hər üç turnirin tarixində rekord hesab olunur.
Buxarest klubu 1985/86 mövsümündə Çempionlar Liqasının (həmin vaxt Çempionlar Kuboku adlanırdı) qalibi adını qazanıb, 1988/89 mövsümündə gümüş medallara sahib çıxıb. "Styaua" həmçinin 1986-cı ildə Avropa Super Kubokunu qazanıb.
Fanat.Az