Muarem: "Kənardan rahat oynadığımız görünə bilər, amma..."

Muarem: "Kənardan rahat oynadığımız görünə bilər, amma..."
09:32 31 Mart 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, "Neftçi" ilə səfər oyununda hesabı açan və finala gedən yolda komandasına vacib qələbə qazandıran Muarem Muarem oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Optimal heyətlə oynamasanız da, tapşırığın öhdəsindən artıqlaması ilə gəldiniz...

- Yaxşı hazırlaşdıq. "Neftçi" ilə kubokun yarımfinalında 2 dəfə qarşılamalı idik. İlk oyunda, həm də səfərdə 2 qol vurmaq böyük üstünlükdü. Amma heç nə bitməyib. Rəqibimiz də səfərdə bizə 2 qol vura bilər, bu gücə sahibdir. Üstəlik, çempionatda sıx qrafiklə çıxış edəcəyik, çətin səfər oyunlarımız var. Bu da təsir edə bilər.
 
- Azərbaycanda ev-səfər fərqi hiss olunurmu?

- Bütün oyunlarda yox. Amma əsas rəqiblərlə duellərdə bu fərqi hiss edirəsən. "Qəbələ"nin, "Neftçi"nin, "Sumqayıt"ın, "Zirə"nin yaxşı azarkeşləri var.
 
- 2:0 hesabından sonra da finala çıxacağınıza inanmırsınız?

- "Neftçi" çox güclü, formada olan komandadı. Ötən turda "Qəbələ"ni uddular. Bu nəticələri izləyib, diqqətli olmalıyıq.
 
- Bu gün qələbə qazanmaq üçün rəqibə hansı "tələ"ni qurdunuz?

- Öz oyunumuzu oynadıq. Sürətli oynadıq, erkən qol vurduq. Kənardan rahat oynadığımız görünə bilər, amma asan qarşılaşma deyildi. Yaxşı hazırlaşdıq və bəhrəsini gördük.
 
- "Neftçi" 80 illik yubileyini qeyd etdi. Rəqibin bayram ab-havasında olması sizə motivasiya verirdimi?

- Bununla bağlı heç nə düşünmürdük.
 
- Tahir Gözəl açıqlamasında "Neftçi"ni onun meydanında yenməyin özü üçün vacib olduğunu demişdi...

- Ola bilər, bu, başqanımızın düşüncəsidi. Biz oyuna köklənmişdik. Bu qarşılaşma üçün hansısa mükafat da vəd olunmamışdı.
 
- Artıq finalda "Qəbələ" haqda düşünmək olarmı?

- Bu haqda düşünmək tezdi. Hələ cavab oyunumuz var. Bəlkə "Qəbələ" belə düşünə bilər. Amma biz cavab oyunundan sonra fikrimizi açıqlaya bilərik.
 
- Cari mövsümdə deyəsən ancaq "Qəbələ" "Qarabağ" rəqabətini izləyəcəyik. Çünki kubokun yarımfinal mərhələsinin ilk oyunlarının nəticəsi də belə düşünməyə əsas verir. Çempionatda da əsas rəqibiniz onlardı...

- Çempionatın startından sonra bəzi komandalarda problemlərin olduğu görünürdü. "Neftçi" mövsümə bu cür başlasaydı, bəlkə də indi bizim sıramızda idi, "İnter" və "Qəbələ" ilə birgə əsas rəqibimiz olardı. Gələn il daha yaxşı olacağına inanıram. Çünki çempionatımız ildən-ilə güclənir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR