Düşmənləri tir-tir titrədən sərkərdəni dostları niyə arxadan GÜLLƏLƏDİ? - VİDEO

Düşmənləri tir-tir titrədən sərkərdəni dostları niyə arxadan GÜLLƏLƏDİ? - VİDEO
12:03 31 Mart 2017
Ölkə mətbuatı
A- A+

Çapayev əslində sovet dövründə doğulmuş hər bir insan üçün bir əfsanə idi. Uydurulmuş əfsanə deyildi, real bir qəhrəman idi. O, haqq-ədalət, sovet hakimiyyəti uğrunda mübarizə aparan mərd, cəsur bir insan idi. Təbii ki, dövran dəyişdi və ideoloji baxımdan sovet hakimiyyəti öz ömrünü başa vurdu, amma çox qəribədir ki, Rusiyanın Birinci kanalı indiki dövrdə - Rusiyanın müstəqillik dövründə, sosializm idealarının geridə qaldığı bir dövrdə yenidən Çapayev mövzusuna qayıtdı. Əslində burada qabardılan məqsəd insanın hansı ideologiyaya qulluq etməsi deyil, onun vətən sevgisidir. Serialda önə çəkilən də elə vətən sevgisidir.

Film məhz vətənə sevgi üzərində qurulub və Vasili Çapayev də əslində öz vətəninin daha yaxşı olması üçün mübarizə aparır. Bu, ideoloji mübarizədən daha çox vətən mübarizəsidir. Paralel olaraq demək olar ki, eyni kanalda həm Çapayev haqqında, həm də onun düşməni sayıla biləcək Admiral Kolçak haqqında film nümayiş olunur. Bunlar ideoloji cəhətdən düşməndilər, onları birləşdirən dəyər isə Rusiyadır. Vətənpərvərlik baxımından bu cür qəhrəmanların yenidən təbliğ olunması Rusiya serial sənayesinin ən böyük uğuru hesab olunmalıdır ki, biz bunu təqdir etməliyik və Azərbaycan teleməkanında bu, çatışmayan cəhətlərdən biridir.

Təbii ki, məhz Çapayev deyəndə hamının vaxtı ilə izlədiyi film yada düşürdü. Amma qarşımızda indi tamam yeni bir Çapayev dururdu. Filmdə kifayət qədər uğurlu və maraqlı tapıntılar vardı. Çox serialı, 12 seriadan ibarət olan televiziya filmində Çapayevin bütün həyatının, qəhrəmanlığının, keçdiyi yolun, şəxsi həyatının incəliklərinə qədər şahidi oluruq. Sergey Strelnikov - baş rolun ifaçısı həqiqətən də Vasili Çapayev rolunu çox məharətlə ifa edə bildi. Onun yerişi, baxışı, kişiyana görünüşü, eyni zamanda lazım gələndə yumşaqlığı, insanlığı, qormazlığı aktyor tərəfindən çox ciddi şəkildə çatdırılır və bütövlükdə Çapayev obrazını tamamlayır. Gözümüzün qarşısında boş mübarizə aparan, ideologiya qurbanı olan, heç bir yükü olmayan insan yox, dolu, kifayət qədər duyğuları, hissləri olan mübariz bir Çapayev canlanır. Qeyd etmək lazımdır ki, ümumiyyətlə aktyor ansamblı çox uğurlu seçilmişdi. Digər aktyorlar da öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər. Bu da serialın uğurlu alınmasına gətirib çıxardı və biz hər bir bölümdə hadisələrin dramaturji inkişafının şahidi olurduq.

Birinci seriya tanışlıqdır. Biz Çapayevlə, Çapyevin mühiti ilə, kəndi ilə, yaşadığı yerlə, ərazi ilə tanış oluruq. İkinci seriyada isə onun sevgilisi ilə münasibətləri, böyük məhəbbəti, ailə həyatı qurması ilə tanış olur və üç uşaq övladının dünyaya gəlməsinə şahidlik edirik. Sanki, hər şey çox gözəldir. Lakin 1914-cü il gəlir, I Dünya müharibəsi başlayır. Çapayev müharibəyə gedir və 326-cı Belqray alayında feltfebel kimi qulluq edir. Bu dövrdə o, inam uğurunda, Çar uğurunda, vətən uğurunda mübarizə aparır, qəhrəmanlıqlar göstərir, öz yerlisi Paruçik Maltsovu xilas edir. O, hətta ordenlər, medallar alır və təbii ki, öz vətəninə - kəndinə bir qəhrəman kimi qayıdır. Ancaq kənddə hər şey onun qoyub getdiyi kimi deyil. Bu yerdə qeyd etmək lazımdır ki, serial müəllifləri çox incə bir məsələyə toxundular.

Bu, ümumiyyətlə, Rusiya kinematoqrafiyasının, Rusiya tarixinin mühüm bir hissəsidir, I dünya müharibəsinin ən az işlənilən hissələrindən biridir. Sovet dövründə bu müharibəni unutmağa çalışırdılar, çünki burada milyonlarla insan ölsə belə bu, sovet ideologiyasına uyğun olmayan müharibə idi və bu müharibənin ağrısını heç cür çatdırmaq istəmirdilər. Xüsusilə də 1917-ci il inqilabından sonra müharibədə vuruşanların çoxunun müxtəlif siyasi cəhətlərdən iki cəbhəyə bölünməsi müharibəni və onun qəhrəmanlıqlarını ikinci cərgəyə atdı. Bu mənada Çapayev telefilmində biz I Dünya müharibəsinin əzəmətini, ailələrə gətirdiyi faciəsinin şahidi oluruq. Artıq üçüncü seriyadan başlayaraq Vasili İvanoviç Çapayev daha çox qırmızı komandirə çevrilməyə başlayır və biz onun məşhur silahdaşı Petka ilə birlikdə (Petka İsayevi Aleksandr Sakolovski oynayır) mövqeyini dəyişib qırmızılarla bir cəbhədə olduğunu görürük. O, yoldaş Lev Trotski ilə bərabər olmaq istəyir, onun qəhrəmanlarından birinə çevrilir və çalışır ki, haqq-ədaləti öz yerinə gətirsin.

Seriyadan seriyaya keçdikcə biz Çapyevin xarizmasının daha da artdığının, xalq qəhrəmanına çevrildiyinin şahidi oluruq. Onun hər qəhrəmanlığının, hər döyüşdə qələbə qazanmasının, Volqaboyunca uğurlarının şahidinə çevrilirik. Bütün Volqaboyu yaşayan əhali onun qəhrəmanlıqlarından, əldə etdiklərindən danışır. Çox qəribədir ki, birinci filmdə ailə məsələsi bir qədər başqa cür təqdim olunsa da, bu filmdə onun həyat yoldaşı, üç uşaq anası ona xəyanət edir, bələdçi ilə görüşür və bu da Çapayevə çox pis təsir edir. İkinci həyat yoldaşı - cəbhə yoldaşının dul arvadı da onu atıb gedir. Söhbət Pelageyadan gedir, onu Yevgeniya Lutaya oynayır. Üçüncü Pelageya isə (çox qəribədir ki, onun həyatındakı qadınların üçünün də adı Pelageya olur) onun həyatında sonuncu qadın olur, daim yanında qalır. Aleksadr Çiçkova bu rolun öhdəsindən ustalıqla gəlib. Eyni zamanda Çapayevin həyatında Tatyana Maltsova da var, bu obrazı Katrina Andalenka oynayır. O, varlı bir ailənin qızıdır. Çar polkovnikinin qızı, Paruçik Yevgeni Maltsovun bacısıdır. I dünya Müharibəsi dövründə Çapayev kəşfiyyata Maltsovla bir yerdə getmişdi. Onların arasında çox qəribə bir gizli sevgi var. Bu gizli sevgi təbii ki, o dövrdə qırmızı cəbhədə olan bir insan üçün yolverilməz idi və ona qarşı müvafiq qurumlar ölçü götürürlər. Çapayevə qadağalar qoyulur ki, artıq bu münasibətə son verməlidir.

Çapayevin ikinci bir tərəfi onun dinə münasibətidir. Filmin əvvəlində görürük ki, gənc dülgər Çapayev böyük bir kilsə tikir. Bütün qüvvəsini, zəhmətini çəkir ki, o kilsə hazır olsun. Kilsəni tamamlayarkən qüllədən yıxılır, lakin heç bir xəsarət almır. O, deyir ki, bu hadisədə onu Allah xilas elədi. Çox qəribədir ki, sonrakı dövrdə artıq sovet hakimiyyəti qurulanda onun qardaşı həmin kilsəni yandırmaq barədə qərar verir. Vasili Çapayev nə qədər qırmızılara qoşulsa da kilsənin yandırılmasını çox pis qarşılayır və bunu lənətləyir. Hesab edir ki, bu şeytan əməlidir, bunu etmək olmaz. Burada biz Çapayevin daxili ziddiyətini görürük.

Serialın gözəlliyi və maraqlı qurulması ondan ibarətdir ki, Çapayev cavanlaşır, böyüyür, artıq o, adi bir döyüş qəhrəmanı deyil, böyük sərkərdədir. Getdikcə anlayır ki, uğrunda mübarizə apardığı quruluş, hakimiyyət doğru yolda deyil, qeyri-insani yoldadır və bu, onu narahat etməyə başlayır. O artıq onların qərarları ilə razılaşa bilmir və başa düşür ki, burada səhv var, qeyri-insanilik var.

Müəlliflər əslində Çapayevin vətən sevgisini önə çəkirlər, yəni o, kor-koranə qırmızılara inanmır, kor-koranə bolşevik deyil. Onun inadı, döyüşkənliyi yalnız vətən üçündür. Zərrə qədər də olsa görəndə ki, vətənə qarşı xəyanət, yalançılıq var, o bunu bağışlaya bilmir. Biz burada çoxtərəfliliyi, məhz ssenari müəllifinin ustalığını görürük. Yeri gəlmişkən rejissor işini də qeyd etmək laızmdır. Filmdə olduqca maraqlı mənzərələr yaradılıb. Volqaboyu mənzərələr, Volqanın gözəlliyi, döyüş səhnələri, mürəkkəb batal səhnələri çox gözəl çəkilib və tamaşaçıya xüsusi rənglə, çalarla çatdırılıb. Telefilmin uğurlu cəhətlərindən biri də ondan ibarətdir ki, rəssam işi və operator işi ilə bərabər burada dövrün bütün detallarını özündə əks etdirən komandanın ümumi işi var. Biz tam şəkildə o dövrün mənzərəsini görürük, o dövrün mühitinə düşürük və 1917-18-ci il hadisələrinin tam mərkəzində oluruq. Serial boyu böyüyüən, inkişaf edən Çapayev 1919-cu ildə məlum çayı keçə bilmir, çayı keçməyə çalışarkən ağ qvardiyaçılar tərəfindən güllələnir. Serial elə qurulub ki, əslində tamaşaçı onun ölməyinə təəssüflənmir. Tamaşaçı hiss edir ki, o, bu çayı keçərkən sağ qalsaydı, onu mütləq Frunza kimi və yaxud digər məşhur qəhrəmanlar kimi aradan götürəcəkdilər, çünki sovet hökumətinə mane olmağa başlayırdı. O, hətta marşal rütbəsinə qədər gəlib çata bilərdi və inqilabın ilk illərində olmasa belə 1937-ci ilə qədər mütləq repressiya olunacaqdı. Çapayev qul deyildi, yaxud sözəbaxan general, sərkərdə deyildi, o, əsil döyüşkən, əsil mərd idi. Onun mübarizəsi, onun hədəfi vətən idi. O, heç bir siyasi intriqaların içində olmaq istəmirdi, yalnız vətən sevgisi ilə yaşayırdı. Həyatda sevgini tapa bilmədi, sevgisi uğursuzluqla nəticələndi. O, bütün sevgisini öz camaatına, xalqına, vətəninə yönəltmişdi. Ona görə də bu ehtiraslı, güclü mübariz şəxsin sonu zəfər olmayacaqdı, o, mütləq sıradan çıxarılmalıydı və qəhrəman olaraq geridə qalmalıydı.

Seriala baxarkən ümumi ab-havanı hiss elədik və ümumi cəhətlərdən biri ondan ibarətdir ki, biz burada çınqıl daşlı çayları çapa-çapa keçən Çapayevin qəhrəmanlığını, vətən sevgisini görməklə bərabər təbliğat maşınının şahidi oluruq. Telefilm vasitəsilə vətənsevərlik, yurdsevərlik təbliğ edilir. Bunlar xüsusən də gənc nəsil arasında qəhrəmanlıq, qəhrəmanlığa çağırış, qəhrəmanın mübarizə yolu, onunla böyük bir tanışlıqdır.

Bilirsiniz ki, sovet dövrünün son illərində Çapayev lətifələr mövzusuna çevrilmişdi. Ona lətifələr qoşulur, sanki ironiyalarla yanaşılırdı. Sovet hakimiyyəti dağılandan sonra ümumiyyətlə, Çapayevə münasibət birmənalı idi, yəni, anlaşılmayan və heç kim üçün maraqlı olmayan insana, bir fiqura çevrilmişdi. Lakin, bu film Çapayevi Rusiya üçün, Rusiya tamaşaçısı üçün yenidən qaytardı.

Hesab edirəm ki, bu cür ənənələr əslində bizim üçün də örnək olmalıdır, çünki Azərbaycan tarixində də hansı ideoloji cəbhədə dayanmasına baxmayaraq, vətən üçün mübarizə aparan şəxslər olub. Onların keçdiyi yolu, qəhrəmanlıqlarını, fədakarlıqlarını əks etdirən filmlərin çəkilməsinə ehtiyac var. Təbii ki, məsləhət görərdim ki, vaxtınız olanda Çapayev haqqında filmə baxasız. Filmin adı “Çapay üçün ehtiraslar” adlanır. Olduqca maraqlı ad seçilib. Hesab edirəm ki, bu adda bir açar var və bu açar Çapayev obrazının açarıdır.

Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsil vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır. Televiziya ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşmalı və sevdirməlidir. Həyat gerçəkliyinin bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənc təkcə təbliğatın deyil, həmçinin estetik cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla tanış olsun. Bu cəhət televiziya sənətçilərinin məsuliyyətini birə-iki artırır, onların qarşısında yeni vəzifələr qoyur. Hər bir sənətkar, ziyalı özünün cəmiyyətdə daşıdığı funksiyasını düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidir.

Elçin ƏLİBƏYLİ


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/193220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR