Hazırda yaşayan hansı şair və yazıçımıza heykəl qoyulmalıdır?

"Hazırda həyatda olan hansı şair və yazıçımızın heykəli qoyulmalıdır" sualıyla şair və yazıçılarımıza müraciət edilib.

Cavabları olduğu kimi təqdim edirik:

Şair Salam Sarvan:

"Çətin sualdır. Qardaşlarıma vəsiyyət etmişəm ki, vəfat edəndə baş daşımı mişar daşından (kubik) böyük qoymasınlar. Ömür fanidir də, yolu keçərsən, maşın vurar, ölərsən. Ona görə də belə vəsiyyət eləmişəm. Qəbiristanlığa gedirsən, görürsən ki, elə bil qəbir daşlarının yarışı keçirilir. Belə şeylərə çox pis baxıram. Ümumiyyətlə, heykəl anlayışına da münasibətim çox pisdir. Bu barədə dəfələrlə yazılar da yazmışam. Heç bir şairə heykəl arzulamıram. Məsələn, Əli Kərimin heç qəbrini də görməmişəm. Amma onun adı çəkiləndə gözümün qarşısında heykəl kimi canlanır. Yaxud Vaqif Bayatlıya nə heykəl qoyacaqsan? Elə ondan danışanda adamın gözünün qarşısına heykəl kimi gəlir. Haradasa siyasətçilərin heykəlinin qoyulmasını başa düşmək olar. Amma şairin, yazıçının heykəlinin qoyulmasına yaxşı baxmıram".

Şair Aqşin Yenisey:

"Heykəlləri şair və yazıçılara, adətən, hakim siyasi ideologiyalar qoyur. Məsələn, Azərbaycanda sovet hökuməti qurulmasaydı, islam cəhalətini tənqid edən, ələ salan Axundova, Sabirə heç kim heykəl qoymayacaqdı. Ümumiyyətlə, bildiyimə görə, sovet hökuməti qurulana qədər Azərbaycanda şair, yazıçı heykəli olmayıb. Nizaminin, Füzulinin, Nəsiminin heykəli də sovet dövründə qoyulub. İkincisi, heykəl çox zaman o şairə və yazıçıya qoyulur ki, ya hakim ideologiyanın məddahı olsun, ya da bütün yaradıcılığı ilə xalqın milli şüuruna xitab etsin. Yaşayan şair və yazıçıların arasında özünü bütünlüklə bu dediklərimə aid edənlər yoxdur. İndikilər ideologiyalarla da, milli şüurla da, bir növ, siçan-pişik oyunu oynayırlar. Ona görə də heykəl söhbətindən əllərini üzüblər. Amma son illərin heykələ layiq şairi Məhəmməd Hüseyn Şəhriyardır. Onun "Heydərbabaya salam" poeması həmişə yaşayacaq".

Yazıçı Qan Turalı:

"Zaman keçməlidir. İndidən demək imkansızdır. Amma bir neçə il əvvəl vəfat edən İsa Hüseynova heykəl mütləq qoyulmalıdır".

Yazıçı Varis Yolçuyev: "Heykəl əbədiləşmə deməkdir, əbədiləşmə isə yalnız insanın həyatından sonrakı dövrdə baş verə bilər. Yəni ki, bu proses tarixdən asılı olan bir prosesdir. Yalnız istisna halda, kimsə nəsə fövqəladə bir hünər göstərərsə, məsələn, Nobel mükafatı alarsa, ona heykəl qoymaq olar. Demək, həyatda olan heç bir şair və yazıçımıza hazırda heykəl qoyulmamalıdır".

Şair Fərid Hüseyn:

"Bilmirəm - bu haqda düşünməmişəm heç vaxt"

Şair Zahir Əzəmət:

"Vaqif Bayatlı, Ramiz Rövşən, Salam Sarvan, Həmid Herisçi, Rasim Qaraca, Murad Köhnəqala, Aqşin Yenisey, Şərif Ağayar, Şəhriyar Del Gerani..."

Şair Bahadur Qobustan:

"4-5 il bundan öncə bu sual mənə verilsəydi, yəqin ki, başqa ad çəkməli olacaqdım, ya da çəkməyə adam tapmayacaqdım. Amma bu gün asanlıqla Aqşin Yenisey deyə bilirəm. Bu, ona qarşı xüsusi simpatiyam olduğu üçün deyil. Hətta bəzən Aqşin Yeniseyin fikirləri ilə razılaşmadığım məqamlar da olur. Elə vaxt olub ki, onu tənqid edən yazılar da yazmışam. Amma Aqşinin yaradıcılığı (xüsusilə son dönəm) daha çox dünyəvilik prinsiplərinə əsaslanır. Onun təkcə şeirləri yox, "Facebok"da yazdığı statuslar belə ictimai şüura təsir etmək gücündədir. Aqşin adından xoşum gəldiyi üçün demirəm, vallah, Aqşin Evrən də heykəl qoyulacaq yazarlarımızdan biridir. Yaşının az olmasına baxmayaraq. Ümumiyyətlə belələri çoxdur. Amma heykəl qoyulmasının tərəfdarı deyiləm, heykəldənsə, bu barmaqla sayılacaq qədər az olan yazarların- Aqşin Yenisey, İlham Tumas, Bəxtiyar Əlirzayev, Kənan Hacı, Elçin Aslangil, Cəlil Cavanşir, Kəramət Böyükçöl, Ayxan Ayvaz, Raqif Raufoğlu, Vüsal Hicran, Anar Gülümsoy, Səxavət Sahil, Aqşin Evrən, Tural İsmayılov, Elməddin Nicat, İrdadə Aytel və s. qədrini bilib, dövlətimizdən və xalqımızdan onlara sağlığında maddi-mənəvi dəstək gözləyirəm

Mən əsasən yaşı 40 dan aşağıları dedim, yaşı 40 keçmiş bir çox yazarlarımız var ki, onların da qayğıya ciddi ehtiyacı var: Salam Sarvan, Vaqif Bayatlı. Xanaəmir Telmanoğlu isə nəinki heykəl, hətta adına şəhər salınmalı yazardır".

Yazar Cəlil Cavanşir:

"Şairin, yazıçının heykəlinin qoyulmasına qarşıyam. Mənim düşüncəmə görə yazıçının, şairin heykəli onun yazdığı əsərlərdir. Məsələn, hansısa bir əsərə heykəl qoymaq da maraqlı olar. Gürcüstanda "Əli və Nino"ya qoyulan heykəl mənim üçün daha yaradıcıdır. Mən istərdim ki, Vaqif Bayatlının, Ramiz Rövşənin, Musa Yaqubun, İsa Hüseynovun əsərlərinə heykəl qoyulsun. Və yaxud hansısa obraza simvolik heykəl qoymaq olar.

İsa Hüseynovun Cümrü, Süleyman Sani Axundovun Qaraca qız, Mir Cəlal Paşayevin Bahar, Yusif Səmədoğlunun Tatar Temir, Anarın Kəbirlinski, Kamal Abdullanın Hacı Mir Həsən Ağa Səyyah, Şərif Ağayarın Səməndər, İsmayıl Şıxlının Cahandar ağa, Əkrəm Əylislinin Səltənət, obrazlarına heykəl qoymaq olar. Ramiz Rövşənin, Vaqif Bayatlının şeirlərindən də konseptual heykəl yaratmaq olar. Sənət düzxətli ardıcıllıqla gedir. Şairlər, yazıçılar ölür və daş heykəllərə çevrilir. Bu mənim üçün cəlbedici, maraqlı gəlmir. Əsərlərə, əsərlərin konsepsiyasına uyğun heykəl qoyulsa fərqli və maraqlı olar".

Yazıçı Mirmehdi Ağaoğlu

"Qısaca deyim: istərdim Vaqif Cəbrayılzadənin və Əkrəm Əylislinin heykəli qoyulsun".

Gənc yazıçı Ayxan Ayvaz:

"Mən çox istəyərəm ki, Anar müəllimin heykəli qoyulsun. Özü də yeri də hazırdır: Sahil bağındakı fəvvarənin yanında.Yəni qoyulacaq heykəlin yeri hazırdır. Hərdən özü AYB-nin pəncərəsindən qəlyan çəkə-çəkə öz heykəlinə tamaşa edə bilər".

Gənc yazıçı Elmin Nuri:

"Ədəbiyyat tam fərqli sahə, deyərdim ki, bambaşqa anlayış, paralel bir dünyadır. Buradakı kriteriyalar başqalarındakı kimi deyil. Ədəbiyyatda hər hansı şair, yazıçı üçün heykəli zamanın özü müəyyənləşdirir. Köhnə bir evdə, tək-tənha həyatını məhv edən və sonuncu istifadə etdiyi mörfidən sonra dünyasını dəyişən Bulqakova elə həmin ərazidə sakinlərin istəyi ilə heykəl qoyuldu. Bu kimi nümunələrin sayını artırmaq olar. Bulqakovdan sonra qalan "Sənətkar və Marqarita" və başqa əsərləri öz missiyasını davam etdirir və müəllifinə başqa yerdə də "heykəl qoyduracaq". Dediyim odur ki, hazırda sağ olan hansısa yazıçı-şairimizə heykəlin qoyulmasının vacibliyini gələcək özü müəyyənləşdirəcək. Əmin olun, bu həm də elə adam olacaq ki, onu hazırda çox az adam tanıyır, cüzi oxucu kütləsi var. Amma gələcək üçün bunlar əsaslı kriteriyalar deyil. Üç il bundan əvvəl məmuniyyətlə, İsa Muğannanın adını çəkərdim. Çünki əsl ədəbiyyat hadisəsinin əsasını qoymuşdu. Ümumiyyətlə, hər hansı yazıçıya heykəl hansı prinsipə əsasən qoyulmalıdır?! Ədəbiyyata paralel dünya deyiriksə, o dünyanın sakini olan yazıçı bu dünyanın heykəli ilə hansı prinsiplərə görə "təltif edilməlidir"? Suallar çoxdur. Bu gün dünyada bir çox böyük yazıçıların heykəli yoxdur, amma əvəzində Ronaldinyo, Messi, Ronaldo, hətta ortabab məşqçi Luçeskunun da heykəli var... Dediyim odur ki, bu, tək bizlik deyil. Bu gün dünyanın özü sağ yazıçılara o qədər də çox-heykəl qoyacaq qədər önəm vermir. Əvəzində onların nəvəsi yaşında olan futbolçunun heykəli var... Deməli, onlar nəyisə gözləməlidirlər... Sizcə nəyi?"

Şair Rəbiqə Nazimqızı:

"Məncə, sağ adamı, xüsusən yazarı əl üstə gəzdirmək kifayətdir, heykəl qoyulmasa da olar".

//Ölke.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR